Turab Rzayev: Donbas ətrafında çevrə daralır

Turab Rzayev: Donbas ətrafında çevrə daralır

Xəbər verdiyimiz kimi, bu gün Ukraynada vəziyyət yenidən gərginləşib. Vətən müharibəsində Azərbaycana dəstəyini ifadə etmiş Ukraynanın bağrındakı Donbas yarası qanamaqdadır.

Siyasi şərhçi Turab Rzayev Bizimyol.info-ya verdiyi açıqlamada Ukrayndakı vəziyyətin gərginləşməsi ilə kələfin ucunun əməlli- başlı itdiyini söyləyib:

Turab Rzayev

“Donbas ətrafında çevrə daralır. Regionda maraqlı hadisələr baş verir. Dünən Moldova Prezidenti Mayya Sandu Rusiya qoşunlarının Dnestryanıdan çıxarılması yollarını axtaracağını dedi. Daha əvvəl Avropa İttifaqı da Dnestryanı rəsmlərinə qarşı qadağaları genişləndirmişdi. Ancaq siyahıdakı adların çoxu artıq Tiraspolda rəsmi vəzifə daşımır. Paralel olaraq, Belarus ilə Ukraynanın münasibətləri pisləşməyə başlayıb. Belarus əvvəlcə Minskdəki Ukrayna səfirinə Kiyevdəki səfirliklə bağlı "anti-belarus fəaliyyətlərə" görə nota təqdim edib. Eyni vaxtda Belarus XİN bir çox ukraynalı rəsmiyə qarşı sanksiya siyahısı hazırlayır. Bütün bu qarışıqlığın içərisində Rusiya Donetsk və Luqanskdakı separatçı dəstələri yeni təchizat kolonları göndərib. 3 gün əvvəl isə Rusiya meyilli müxalifət bloku Ukraynadakı ABŞ səfirliyi önündə aksiya keçirib. Aksiyada Soros maskalı gənc, Ukrayna milli paltarındakı qızın xaltasından tutaraq gəzdirir. Prezident Zelenski əleyhinə mitinqlər də səngimir. ABŞ-ın AEGIS izləmə raketli Donald Cook #DDG75 destroyeri Qara dəniz sahillərindədir. Rusiya donanması onu diqqət mərkəzində saxlayır. Ən maraqlı məqam isə Rusiya Təhlükəsizlik Şurasının katibi Petruşevin açıqlamaları olub. O, ilin başlanğıcından etibarən Krımda 4 terror aktının qarşısının alındığını bildirib. Petruşev xüsusi olaraq vurğulayıb ki, Amerika və Ukrayna xüsusi xidmət orqanları Krımın IT infrastrukturunda zəif nöqtələr axtarırlar ki, onun fəaliyyətini tamamilə dayandırsınlar. Bu arada Krımda humanitar fəlakət davam edir. Artıq 2 su anbarı tamamilə quruyub, Yalta şəhərinə su təminatında problemlər var. Daha bir maraqlı addım, Rusiyanın ənənəvi müttəfiqi yunan, daha doğrusu Kipr kilsəsi tərəfindən atılıb. Kipr provaslav kilsəsinin sinodu Arxiyepiskop Xrizostomun Ukrayna Provaslav Kilsəsinin Rusiya Kisəsindən ayrılma qərarını dəstəkləyib. Əslində Rusiya, İstanbul Provaslav Patriarxının Ukrayna kilsəsinin tanınması qərarına qarşı, elə özünün Yunan, Kipr, Serb, Gürcü, Bolqar kilsələri nəzdindəki müttəfiqlərindən dəstək gözləyirdi. Amma göründüyü kimi, əvvəlcə Kipr Arxiyepiskopi, indi isə kilsənin Sinodu Rusiya əleyhinə səs verib. Eyni vaxtda Ukrayna macar siyasətçiləri ölkəsinə buraxmadığı üçün, Macarıstan da Ukrayna səfirini izahata çağırıb. Hər şey olduqca qarışıq görünür”,- deyə o bildirib.

Mənbə: www.bizimyol.info