Deportasiya Qurbanları Cəmiyyəti BƏYANAT YAYDI

Deportasiya Qurbanları Cəmiyyəti BƏYANAT YAYDI

Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məqsədilə qəbul etdiyi qətnamə həm beynəlxalq hüquqa hörmətsizlikdir, həm də insani və humanitar nöqteyi-nəzərdən biabırçı addımdır.

Redaktor.az xəbər verir ki, bu, Deportasiya Qurbanları Cəmiyyətinin yaydığı bəyanatda yazılıb.

Deportasiya Qurbanları Cəmiyyəti hesab edir ki, Fransa Senatının məlum qətnaməsi həm də beynəlxalq humanitar hüquq anlayışına zidd yanaşmanın göstəricidir:

“1988-ci ildən başlayan Qarabağ münaqişəsi erməni tərəfinin fitnəsi səbəbindən ortaya çıxıb. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan - indiki Ermənistan Respublikasının ərazilərindən deportasiyaya məruz qalıb. Bir sıra beynəlxalq təşkilatların sənədlərində bu deportasiya dəhşətli faciə kimi qiymətləndirilib. Təəssüflər olsun ki, həmin çətin dövrdə, dinc azərbaycanlılara qarşı Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi anti-insanı aktlara Fransa Respublikasının Senatı susqunluq nümayiş etdirib, mülki azərbaycanlı əhalinin öz ata-baba yurdlarından qovulmasına seyriçi yanaşıb.

Bu fakt göstərir ki, daima ermənipərəst mövqedən çıxış edən Fransa Senatı üçün dünyada ədalət anlayışı və hüquq pinsipi deyil, erməni təəssübkeşliyi əsas təşkil edib”.

Deportasiya Qurbanları Cəmiyyəti Fransa Senatının qəbul etdiyi və beynəlxalq hüquqa zidd olan qətnamənin qəbuledilməz olduğunu bildirir və vurğulayır ki, bu sənəd azərbaycanlılar üçün sadə kağız parçasından başqa bir şey deyil:

“Biz, beynəlxalq hüquqla dövlətlərin ərazi bütövlüyünün toxunulmazlıq prinsipinə zidd olan bu biabrçı qətnaməni rədd edirik”.

 

Mənbə: redaktor.az