Fuad Axundov: “Ermənilər Ermənistanda və son 30 il ərzində Qarabağda Azərbaycan irsini məhv ediblər”

Fuad Axundov: “Ermənilər Ermənistanda və son 30 il ərzində Qarabağda Azərbaycan irsini məhv ediblər”

 

Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov “Dojd” telekanalının efirində Azərbaycan hərbçiləri tərəfindən guya erməni qəbirlərinin başdaşlarının dağıdılması kadrlarını şərh edərkən, bunun çox güman ki, feyk olduğunu qeyd edib.

“Bu müharibə dövründə biz sizinlə o qədər feyklər, yaxşı qurulmuş səhnələr gördük. Bizə hansısa suriyalı döyüşçüləri göstərirdilər. Bilavasitə bu kadrlara gəlincə isə indi mən birmənalı olaraq heç nə deyə bilmərəm. Azərbaycan hərbi formasına bənzəyir, hətta, zənnimcə, Azərbaycan dilində danışırlar. Lakin o qədər feykin şahidi olduğumuzu nəzərə alaraq, bunu yenə də yoxlamaq lazımdır. Fikrimcə, bu video feykdir. Əgər bu həqiqət olarsa, o zaman Azərbaycan Hərbi Prokurorluq tərəfindən bütün günahkar olan şəxslər cəzalandırılacaq”, - Axundov bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.

Öz növbəsində, Axundov Qarabağda, həmçinin, Kəlbəcəri tərk edərkən ermənilər tərəfindən törədilən vandallıq aktlarına diqqəti yönəldib. “Siz yanan evlərin olduğu videoları görmüsünüz? Həm də ermənilər öz evlərini deyil, işğal zamanı azərbaycanlıların tərk etdikləri evləri yandırırlar. Buna görə ermənilər müsahibələr zamanı deyirdilər ki, bu evlərdə 25-26 il yaşayıblar. Onların törətdikləri bütün əməllər hərbi cinayətdir”, - Axundov qeyd edib.

O cümlədən, sektor müdiri efirdə İrəvanın köhnə və yeni fotolarını nümayiş etdirərək, diqqəti şəhərin tarixi mərkəzində 850 evin tam məhv edilməsinə yönəldib. Bundan başqa, Axundov efirdə 19-cu əsrin sonunda İrəvan şəhərində təfərrüatı ilə evlərin təsvir olunduğu Frans Rubonun rəsm əsərini nümayiş etdirdi. Həmin evlər 20-ci əsrin ortalarına qədər mövcud olub, sonra isə dağıdılıblar. “Bu Azərbaycanın qədim İrəvan xanlığı olub. Lakin bütün Azərbaycan irsi məhv edilib, bütün toponimlər erməniləşdirilib. Nəticədə, Ermənistan öz memarlıq görünüşünü Azərbaycana aid olan memarlıqdan sovet dövründəki memarlığa dəyişib”, - o əlavə edib.

Axundov vurğulayıb ki, eynilə İrəvandakı kimi, ermənilər Qarabağda bütün Azərbaycan şəhərlərini dağıdıblar. “Misal üçün, xaricdə Ağdamı artıq “Qafqazın Xirosiması” adlandırırlar. Şəhər ermənilər, erməni hərbçiləri tərəfindən tamamilə dağıdılıb. İrəvandakı kimi, Ağdamda da evlər özülünə qədər dağıdılıb. Baxmayaraq ki, 30 il ərzində insanlar doğma evlərinin açarlarını saxlayıblar”, - o bildirib.

Sektor müdiri vurğulayıb ki, Azərbaycan hökuməti bütün azad olunmuş şəhər və rayonların bərpası üzrə işə başlayıb.

Həmçinin, Axundov guman edir ki, Azərbaycanın mülki əhalisi Şuşaya daha tez qayıda bilər, çünki şəhər çox dağıdılmayıb. “Şuşa hər zaman Qarabağ xanlığının paytaxtı olub, Xankəndi isə “xanın kəndi” deməkdir, eynilə Rusiyada “Çar kəndi” kimi”, - Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri əlavə edib.

Mənbə: www.oxu.az