Fransanın Minsk Qrupu həmsədrliyindən geri çəkilməsi - ATƏT hansı hüquqi prosedurla işləyəcək…

Fransanın Minsk Qrupu həmsədrliyindən geri çəkilməsi - ATƏT hansı hüquqi prosedurla işləyəcək…

Milli Məclis Fransa ilə bağlı Azərbaycan hökumətinə çağırış edib. Çağırışda bildirilir ki, son illərdə tutduğu mövqe və verdiyi bəyanatlarla bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın. Eyni zamanda, çağırışda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud iqtisadi əlaqələr dərindən təhlil edilərək müvafiq tədbirlər görülsün.

Göründüyü kimi, Milli Məclisin çağırışında Fransa Respublikasının ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilməsi ilə bağlı tələb də öz əksini tapıb. Belə müraciət olunarsa, ATƏT hansı qərarı qəbul etməlidi və bu məsələnin hüquqi-siyasi perspektivi necə görünür?

“Perspektiv üçün belə bir hüquqi prosedurun uğurla nəticələnə biləcəyi tam mümkündür”

Beynəlxlaq təşkilatlarla əməkdaşlıq təcrübəsi olan ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ATƏT formatında olan bütün nizamlayıcı qruplar iştirakçı ölkələrin razılığı əsasında formalaşır: “Ancaq elə formatlar var ki, orada daimi üzvlərin rəyi əsas götürülür. Bizim barəsində danışdığımız ATƏT-in Minsk Qrupunun 9 daimi üzvü var, onlardan cəmi 3 ölkə həmsədrdir. Həmin təsisat da konsensus əsasında dağıla və ya formalaşa bilir. Hüquqi olaraq buna nail olmaq mümkündür. Yəni perspektiv üçün belə bir hüquqi prosedurun uğurla nəticələnə biləcəyi tam mümkündür. Ancaq bununla bağlı həyata keçən presedent, hələ ki, yoxdur. Daha detallı deyim ki, ATƏT çoğrafiyasındakı nizamlayıcı missiyaların iştirakçı ölkələrdən hansınınsa tələbi əsasında dağılması ilə bağlı presedentə rast gəlinməyib. Ancaq bu heç də o anlama gəlmir ki, biz Fransanı oradan çıxara bilmərik. İş burasındadır ki, ATƏT-in Minsk Qrpunun fəaliyyəti baza sənədlər əsasında təşkil edilir. Həmin 10 baza sənəddən 9-u ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa tərəfindən kobudcasına pozulub. Fransa Senatının qəbul etdiyi qətmanənin təhili bunu aydın şəkildə göstərir. Bu o anlama gəlir ki, Senat Fransanın özünün üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozub. Ola bilər ki, Fransa Senatın mövqeyini dövlətin mövqeyindən ayırmağa cəhd edəcək. İki gündür ki, biz bu siyasətin konturlarını artıq görürük. Fransa rəsmiləri deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünə hörmət edirlər. Bizi bu mövqe qane etməməlidir. Düzdür, Senatın qətnaməsi tövsiyə xarakterlidir və nəsəə dəyişən deyil. Ancaq Senat hansısa QHT deyil ki, biz onun qəbul etdiyi sənədə fikir verməyək. Bunun olduqca ciddi təbliğati əhəmiyyəti var ki, gələcəkdə hər addımda bizə qarşı istifadə olunacaq. Sənədin tərtibatından görünür ki, Fransa dövləti yalnız sözdə məsuliyyətdən qaçır, ancaq əslində öz maraqlarına uyğun siyasət yürüdür. Bir regionda baş verən prosesin üzərindən başqa bir ölkə hədəfə alınır. Azərbaycan Fransanın həmsədrlikdən uzaqlaşdırılması məsələsində israrlı olmalıdır. ATƏT-in Minsk Qrupunun digər daimi üzvləri ilə ciddi iş aparılmalıdır. Hazırda Türkiyə və Rusiya da bu məsələdə bizi dəstəkləyəcək. Digər ölkələrin razılığını da əldə edə bilsək yaxşı olar. Biz bunu həm də ona görə etməliyik ki, bundan sonrakı beynəlxalq münasibətlərdəki partnyorlarımız bəzi “qırmız xətlər”in keçilməz olduğunu bilsinlər”.

Ekspertin sözlərinə görə, bunun yalnız təşəbbüsü bizdən gəlməlidir, qalan proseduru isə ATƏT həyata keçirməlidir.

Məhəmmədəli QƏRİBLİ

 

Mənbə: www.baki-xeber.com