“Atəşkəs razılaşması sülhün təminatıdır” - Paşinyan xalqa müraciət etdi

“Atəşkəs razılaşması sülhün təminatıdır” - Paşinyan xalqa müraciət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 27-də xalqa müraciətində 9 noyabr atəşkəs razılaşmasının icrasının vacibliyini vurğulayıb, bunu sülhün təminatı adlandırıb. Paşinyan adını çəkmədiyi müəyyən dairələri qorxu mühitini qızışdırmaqda suçlayıb, hazırda Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası ilə əlaqədar bunun qabarıq göründüyünü vurğulayıb. O, Zod qızıl yatağı ətrafındakı situasiyaya toxunub, sərhədin GPS sistemləri vasitəsilə delimitasiya olunduğunu deyib.

Xatırladaq ki, noyabrın 26-da Azərbaycan hərbçilərinin Zod yatağına girməsi haqda informasiya yayılsa da, sonradan Ermənistanın Müdafiə Nazirliyi bunu təkzib edib. Hazırda Ermənistan-Azərbaycan sərhədində demarkasiya işlərinin aparıldığı bildirilir.

Baş nazir əhalini ruh düşkünlüyünə qapılmamağa, rəsmi informasiyaya inanmağa səsləyib. Paşinyan deyir ki, müharibə günlərində rəsmi orqanlar ictimaiyyətə heç yalan danışmayıblar, sadəcə, xəbərləri elə təqdim ediblər ki, döyüşən ordunun ruh yüksəkliyinə təsir göstərməsin. Onun fikrincə, ordu bir çox hallarda qəhrəmanlıq göstərib.

Paşinyan müxalifətin onun istefasıyla bağlı çağırışlarına toxunmayıb, hökumətin görəcəyi işlərdən, ölənlərin meyitlərinin qaytarılması, əsirlərin dəyişdirilməsindən danışıb.

 

Mənbə: azpolitika.info