Avropadakı məğlubiyyətimizə kim cavab verməlidir: Milyardlarımızı yeyən diasporamı, yoxsa onları yönəldən səfirliklərmi?..

Avropadakı məğlubiyyətimizə kim cavab verməlidir: Milyardlarımızı yeyən diasporamı, yoxsa onları yönəldən səfirliklərmi?..

Xarici siyasətimizdə əmələ gələn böyük “qara dəliyə” görə kimləri məsul tutmalıyıq? - Partiyalardan cavab...

Sərdar Cəlaloğlu: “Bu məsələdə birinci növbədə Xarici İşlər Nazirliyi və Fransadakı səfirliyimiz qüsurlu iş aparıb”.

Natiq Cəfərli: “Sanki biz Fransada 500 min erməninin yaşadığına görə Fransız hökumətinin tez-tez onlara xoş gələn bəyanatlarını əzbərləmişik. Amma heç demirik ki, Azərbaycan və Türkiyə diasporu birləşsə, Fransada iki dəfə Ermənistan diasporundan güclü olarıq”.

Xəbər verdiyimiz kimi Fransa Senatı Dağlıq Qarabağın “dövlət müstəqilliyi”ni tanıdı. Sənəd hüquqi baxımdan Fransa hökümətinə “Dağlıq Qarabağın dövlət müstəqilliyini tanımaq”la bağlı çağırışdır.

Qətnamədə həmçinin Azərbaycanın Türkiyənin hakimyyət dairələri və muzdlular vasitəsilə həyata keçirdiyi silahlı aqressiya qətiyyətlə pislənir.

Absurdluğu və həyasızlığı ilə təəccüb doğuran sənəd Azərbaycanı “son hərbi əməliyyatlar nəticəsində işğaldan azad etdiyi ərazilərdən qoşunları dərhal çıxarmağa” çağırır.

Sənədin səsverməsinə görə, 305 senator qətnamə layihəsinin lehinə, cəmi 1 nəfər əleyhinə səs verib.

Söz yox ki, bu Fransanın siyasi elitası tərəfindən düzənlənən siyasi şou idi. Amma bütün hallarda yaranmış vəziyyətə görə Azərbaycanın Fransadakı səfirliyinin və diasporunun böyük məğlubiyyətidə ortadadır. Bu məğlubiyyətin acısını biz uzun müddət də yaşamaqda davam edəcəcik. Ümumi şəkildə Avropadakı mənzərəyə baxarsaq, bir şey görünür. Biz Avropada diplomatik savaşı Ermənistana yüzdə yüz uduzuruq! 30 illik dönəmdə bu məğlubiyyətin hesabını kim verməlidir? Milyardlarımızı yeyən diasporamı, yoxsa onları yönəldən səfirliklərmi?..

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Demokrat Partiyasını sədri Sərdar Cəlaloğlu və ReAl-ın icraçı katibi Natiq Cəfərli ilə müzakirə edib.

Sərdar Cəlaloğlu: “Bu vaxta qədər Fransa Senatı heç bilmirdi ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib”.

Senatorlarla görüşüb bu barədə onları məlumatlandırmağın vacib olduğunu düşünən ADP sədri PİA.az-a açıqlamasında bildirib ki, Senat qərar çıxardandan sonra 8 senator hadisə ilə tanış olub və imzasını geri götürüb. Bu sadəcə Fransa kimi bir dövlətin tarixinə yazılan lətifədir:

“Bu məsələyə görə hamıda günah var. Amma ən böyük günah Xarici İşlər Nazirliyindədir. Çünki nazirlik Fransada vaxtında iş aparmayıb. Belə ki, Fransa Senatı Azərbaycanın Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilməyinə qərar verib. Buradan da görünür ki, bu vaxta qədər Fransa Senatı heç bilmirdi ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib.

Ən azından senatorlarla görüşüb bu barədə onları məlumatlandırmaq olardı. Bizim bunun üçün vaxtımız da kifayət qədər idi. Senat qərar çıxardandan sonra 8 senator hadisə ilə tanış olub və imzasını geri götürüb. Bu sadəcə Fransa kimi bir dövlətin tarixinə yazılan lətifədir.

Sərdar Cəlaloğlu: “Senat qərar çıxardandan sonra 8 senator hadisə ilə tanış olub və imzasını geri götürüb. Bu sadəcə Fransa kimi bir dövlətin tarixinə yazılan lətifədir”.

Buna görə də deyə bilərik ki, bu məsələdə birinci növbədə Xarici İşlər Nazirliyinin və Fransadakı səfirliyimizin qüsurlu iş fəliyyətinin nəticəsidir. Sadəcə görüntü belədir ki, Fransadakı səfirliyimiz vaxtı olsa belə Senatla bağlı heç bir iş aparmayıb. Ya da səfir çox yarıtmaz fəaliyyət göstərib. Görnür Fransa səfirimiz ancaq başqa işlərlərlə məşğul olub və səfir kimi üzərinə düşən vəzifəsini belə unudub. Fransa Senatının qəbul etdiyi qərarın bütün mahiyyəti də bununla bağlıdır.

Həmçinin Fransa diasporunun işi də qənaətbəxş deyil. Çünki onlar da gərək vaxtında Fransa cəmiyyəti ilə əlaqə qurtardılar və onları məlumatlandırardılar. Düzdür fransızların yüksək səviyyədə ermənipərəst mövqeyi var. Amma bizim özümüzün də yarıtmaz işimiz həmişə düşmənlərə xidmət etmək anlamına çevrilib. Biz vaxtında işimizi düz qursaydıq ermənilərin təbliğatını neytrallaşdıra bilərdik. Ona görə də baş verənlərə görə Azərbaycanın Fransadakı diasporunun fəaliyyətsizliyi də ortadadır.

Bütün hallarda Fransa hökuməti Senatın qərarının yanlış olması haqqında məlumat verib. Onsuz da Fransa hökuməti həmin qərarı icra etməyəcək. Amma bu de-fakto olaraq Fransanın Azərbaycan xalqına qarşı ortaya qoyduğu münasibətdir və biz bu münasibətlərdən bizim özümüzün də səhvlərimiz daxil olmaqla bütün aspektlərdə səhflərimizdən nəticə çıxarmalıyıq”.

Natiq Cəfərli: “Erməni diasporu necə işləyirsə, ona bənzər də Azərbaycan diasporu işləməlidir”.

Azərbaycanın Cənubi Qafqazda açar ölkə olduğunu nəzərə çatdıran ReAl-ın icraçı katibi Natiq Cəfərli isə PİA.az-a açəqlamasında bildirib ki, ölkəmiz bütün üstünlüklərini dividendlərə çevirməlidir. Azərbaycanın istənilən Avropa ölkəsində biznes çevrəsi olmalıdır və onlarla daha sıx işlənilməlidir:

“Uzun illərdir bizim fəaliyyətimiz həm diasporada, həm də səfirliklərin təyin olunmasında axsaqlıqla müşahidə olunur. Fransa Senatının Qarabağın müstəqilliyini tanımasında səfirlərin bilərəkdən nəysə etsəydilər, bu zaman günah olardı. Amma düşünmürəm ki, hansısa səfirimiz bu məsələ ilə bağlı bilərəkdən nəysə etsin. Sadəcə olaraq işi bacarmaq və dünyanı yaxşı tanımaq lazımdır. Açar siyasi təşkilatlarla daha yaxından çalışmaq lazımdır.

Sanki biz Fransada 500 min erməninin yaşadığına görə Fransız hökumətinin tez-tez onlara xoş gələn bəyanatları verdiyini əzbərləmişik və buna da öyrəşmişik. Amma heç demirik ki, Azərbaycan və Türkiyə diasporu birləşsə, Fransada iki dəfə Ermənistan diasporundan güclü olarıq. Bu zaman niyə zəif qalırıq?

Bir mərkəzdən idarə olunan və istiqamətləndirilən iş aparılmalıdır. Bu iş çö şaxəli və biznes təmayüllü olmalıdır. Ümümiyyətlə diasporada siyasi baxış olmamalıdır. Yəni uzun illərdir ki, bizdə diaspor üzvlərinin hansı siyasi partiyadan olması əsas götürülür. Bu da çox səhvdir. Çünki bu dövlət hamımızındır və dövlət hamımızın marağına xidmət etməlidir. Buna görə də dövlət marağı nəzərindən diasporda olanların hamısını birləşdirici addımlarla fəaliyyət göstərməsinə şərait yaradılmalıdır. Diasporada müxalifətin olmasına da münbit şərait hakimiyyət tərəfindən önləməlidir.

Natiq Cəfərli: “Nüfuzlu siyasətçilər, nüfuzlu media orqanları və əsasən də biznes çevrələri ilə işlər qurulmalıdır”.

Həmçinin də əsas fiqur qurulmalıdır. Yəni erməni diasporu necə işləyirsə, ona bənzər də Azərbaycan diasporu işləməlidir. Yəni nüfuzlu siyasətçilər, nüfuzlu media orqanları və əsasən də biznes çevrələri ilə işlər qurulmalıdır. Çünki Ermənistandan fərqli olaraq bu sahədə Azərbaycanın böyük üstünlüyü var, həmçinin onu da qeyd edim ki, Azərbaycanın bu sahədə bizim resurslarımız Ermənistanın resurslarından çox böyükdür. Sadəcə biz monopoliyadan xilas olmalı və azad iqtisadi siyasət yürütməliyik. Bizim Ermənistan qarşısında əsas üstünlüyümüz odur ki, Azərbaycan iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından 3 dəfə güclüdür və Azərbaycan əhalisi Ermənistanın əhalisindən az qala 4 dəfə çoxdur. Bütün bu resurslardan biz daha effektli istifadə etməliyik.

Eyni zamanda Azərbaycan Cənubi Qafqazın açar ölkəsidir. Yəni həm İrana, Gürcüstan və Türkiyəyə və Avropaya, həm də Orta Asiyaya açılmaq istəyən ölkələr Azərbaycan üzərindən loqistika qura bilər. Bu üstünlüklərimizi də dividendlərə çevirməkləyik. Azərbaycanın istənilən Avropa ölkəsində biznes çevrəsi olmalıdır və onlarla daha sıx işlənilməlidir. Onlarla daha sıx işləmək üçün də Azərbaycanda biznes üçün daha yaxşı şərait yaradılmalıdır. Yəni Azərbaycan iş adamları leqal şəkildə Avropaya sərmayə qoymalı və Avropanın biznes mühiti ilə geniş əlaqələr içinə girməlidir. Biz artıq Avropaya sərmayə olaraq rəsmi şəkildə dail olmalıyıq və Avropanın vergi ödəyiciləri arasında yer almalıyıq. Təbii ki, yaranan əlaqələr yatırımların qarşılıqlı olmasını da təmin edəcək. Bütün bunlar kompleks şəkildə effekt verə bilər.

Biz artıq səhvlərimizdən nəticə çıxarmalı və həm siyasi olaraq, həm də biznes olaraq ölkə xaricində birləşməyi bacarmalıyıq. Ermənilərin də bu yolda təcrübələrindən istifadə etməliyik”.

Nərminə UMUDLU

 

Mənbə: pia.az