Yaralansa da döyüşü davam etdirib, düşmən hərbçilərini əsir götürüb - Şəhid mayorumuzun döyüş yolu...

Yaralansa da döyüşü davam etdirib, düşmən hərbçilərini əsir götürüb  - Şəhid mayorumuzun döyüş yolu...

İkinci Qarabağ savaşında döyüşərək şəhid olan hərbçilərimizdən biri də mayor Nazim Yaqub oğlu Hüseynovdur.

Moderator.az şəhid zabitimizin döyüş yolundan bəhs edən yazını təqdim edir.

N.Hüseynov 1977-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. 1995-ci ildə Rəhim Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta məktəbini bitirib. Elə həmin il hərbi xidmətə çağırılıb və Gəncədə N saylı hərbi hissədə xidmətə başlayıb. Manqa komandiri olan Nazim, xidmətini başa vurmağa 10 gün qalmış Pakistan İslam Ali Hərbi məktəbində təhsil almaq üçün Pakistana göndərilib. Akademiyanı ingilis dilində bitirib. 2000-ci ildə leytenant rütbəsi alaraq vətənə qayıdıb.

Nazim Gəncədə N saylı hərbi hissədə kəşfiyyat bölüyündə tağım komandiri təyin olunub. 2005-ci ildə isə o, yenidən təhsil almaq üçün Bakıya göndərilib. 2008-ci ildə isə kapitan rütbəsinə yüksəlib. Rumıniya, Yunanıstan, Çexiya, Avstriya, Gürcüstan və ABŞ-da xüsusi kurs keçib. 2011-ci ildə o, Goranboyda yerləşən hərbi hissəyə göndərilib. Bundan sonra o, ön xəttə adsız yüksəkliklərdə xidmət edib. Nazim bir müddət sonra Tərtərə göndərilib. 2016-cı il Şanlı aprel döyüşlərində iştirak edib və xüsusi qəhrəmanlıq göstərib. 2018-ci ildə ehtiyata buraxılarkən tabor komandirinin müavini olub. Nazim 24 il orduda xidmət edib.

2020-ci il sentyabrın 20-də o, yenidən ordu sıralarına çağırılıb və sentyabrın 27-də ordumuzun əks-hücum əməliyyatı ilə başladığı müharibədə iştirak edib. Nazim Füzuli, Cəbrayıl və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 5-də başda erməni mayoru olmaqla, düşmənin bir neçə rütbəli zabitini məhv edib. O, yaralansa da, döyüşü davam etdirib. Düşmənin zirehli texnikasını və hərbçilərini əsir götürüb. Oktyabrın 8-də Hadrut uğrunda gedən döyüşlərdə isə düşmənin texnikasını partlatmaq istəyərkən başından güllə yarası olaraq qəhrəmancasına şəhid olub. Nazim böyük izdihamla doğulduğu qəsəbədə dəfn edilib. Şəhidimizin Əli və Hüseyn adlı iki övladı olsa da, Əli ötən il dünyasını dəyişib.

Allah cəmi şəhidlərimizi rəhmət eləsin!

 

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az