"Dağ kəndindəki qoca erməni də anlayır ki, xəyanətin bir gün bir bədəli olur..."

"Dağ kəndindəki qoca erməni də anlayır ki, xəyanətin bir gün bir bədəli olur..."

İrəvan Türk Cümhuriyyətinin başqanı, Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Azərbaycanla müharibədə sarsıdıcı zərbə alaraq kapituliyasiya sənədinə imza atmış işğalçı ölkədəki son durumu Moderator.az-a şərh edib:

"Ermənistan müharibədə aldığı öldürücü zərbədən sonra ölkə xaosun bir addımlığındadır. Bu gün baş nazir Paşinyan durumun kritik olduğunu açıq bildirmişdir, o vəziyyəti düzəltmək üçün elan etdiyi 6 aylıq “yol xəritəsinin” effekt verməyəcəyini anladığından məsuliyyəti istefasını tələb edən qüvvələrin üstünə yıxmaq cəhdləri edir. Amma bu Ermənistanın siyasi və iqtisadi böhrandan çıxacağına ümidləri suya düşürmüşdür. Xalq təşviş içindədir. Ermənistanın boşalma prosesi başlamışdır. Uzaq Şirak vilayətindəki Axuryan (Düzkənd) rayonundakı sərhəd kəndində yaşayan qoca bir erməni belə Ermənistandan çıxmaq üçün yollar axtardığını “Azatutyun” radiosunu söyləyir. Deyir ki, Türkiyə ordusunu sərhəddə yığmışdır, sərhəddəki ruslara güvən yoxdur. Dağ kəndindəki erməni də anlayır ki, xəyanətin bir gün bir bədəli olur.

Erməni düşüncə adamlarını təşvişə salan məsələlərdən biri də vurulmuş zərərə görə Azərbaycanın təzminat tələbləridir. Tanınmış Bloqqer Vardan Quqasyan Ermənistanın təzminat məsələsində uduzacağını, 100 milyardlarla dollar ödəmək məcburiyyətində qalacağını deyir. Hələ müharibədən əvvəl qeyri - rəssmi hesaablamaalara görə bu rəqəm 50 milyard idi. İndi Azərbaycan beynəlxalq ekspertləri dəvət edib hesaablamalar apartdırsa bu rəqəm bir neçə dəfə artacaqdır. Politoloqlar bu təhlükəni dəf etmək üçün heç bir çıxış yolu görmürlər: ”Ermənistana heç kəs borc belə verməyəcək”. Bəs nə etməli? Əlbəttə, belə hallarda qalib ölkə qarşıya şərtlər qoyacaq. Mən bu fikirdəyəm ki, təzminatın bir hissəsinin yerinə Azərbaycan Ermənistandan ərazi tələb etməlidir. Tələb olunacaq ərazi 1920-ci ildə heç bir əsas olmadan Ermənistana verilmiş Zəngəzur (indiki Sünik) olmalıdır. Bu məsələnin həlli üçün hüquqi baza yaradılmalıdır. Dünya paraktikasında bir ərazinə başqa bir dövlətə verərkən həmin ərazidə yaşayan insanların rəyi hansısa formada tətbiq edilir. Zəngəzurda çoxluqda yaşayan Azərbaycan türkləri arasında heç adi rəy sorğusu belə keçirilməmişdir. Halbuki burada bir referendum və ya plebisid olmalı idi. (Bu hüquqi tələb İrəvan şəhəri ilə bağlı atıla bilər) Bunların heç biri olmadığına görə Paris sülh konfransının sənədlərini ortaya qoyub, qəbul edilmiş xəritə və bəlgələrə əsaslanaraq bu torpaqların geri alınması tələb edilməlidir. Kapitulyasiya sənədinə imza atmış ölkə buna məcbur edilməlidir. Məhz o zaman İrəvan türk Cümhuriyyətinin qarşıya qoyduğu bir sıra məqsədləri reallaşdırmaq mümkün olacaqdır. Ermənistandakıların qorxduğu məsələlərdən biri budur.

İkinci qorxu Dağlıq Qarabağın işğaldan azad edilməmiş ərazilərindəki durumdur. Publikaya hesablanan “ermənilər Xankəndi və digər bölgələrə qayıdır” fikri fiksiyadır, gedənlərin çoxu əşyalarının dalınca gedirlər. Onlar bilirlər ki, qalib ölkə bir vaxtdan sonra burada Azərbaycan hakimiyyətinin suveren hüquqlarına bərpa etmək işinə başlayacaq, burada dövlət orqanları fəaliyyətə başlayacaq, başqa cür ola bilməz, oradakı separatçı qurum son günlərini yaşayır, müharibə cinayətləri törətmiş şəxslər mühakimə ediləcək və buradakı ermənilərə heç bir xüsusi imtiyaz verilməyəcək. Çünki Azərbaycan unitar dövlətdir, burada yaşayan azsaylı xalqların nə səviyyədə haqq- hüququ varsa, burada yaşayacaq ermənilərə də həmin hüquqlar veriləcək. Məncə status anlayışını “cəhənnəmə göndərmiş” Azərbaycan öz dövləti təhlükəsizliyini əbədi təmin etmək üçün kimsənin göz yaşlarına baxmamalıdır.

Erməni siyasət adamlarının müzakirə etdikləri məsələlərdən biri bu günlərdə İrəvan küçələrində bayrağı yandırılan Rusiyanın çəkilməsi və bölgədə söz sahibinə çevrilən Türkiyənin aktiv rol almasıdır. Onlar Türkiyə ilə Azərbaycanın konfederasiya şəklində birləşməsindən və Ermənistanın bu durumda nə edəcəyini müzakirə edirlər. Əcəba, Rusiyayamı birləşsək? Ola bilsin yaxın aylarda bu məsələ gündəmə gəlsin. Amma indi Ermənistanda bu riski etmək gücündə olan nə hakimiyyət var, nə də potensial siyasi güc. Düzdür, Paşinyan Rusiyaya yaltaqlanmaq üçün yeni nazirləri rusmeylilərdən seçir, 5 nazir dəyişib, onun 4-ü Rusiyanın adamı sayılır, amma bu onun işini daha da qəlizləşdirir. Paşinyanı Azərbaycan və Türkiyəyə satılmaqda, xainlikdə suçlayanlar ictimaiyyətdən gün geçdikcə dəstək almağa başlayırlar. Ermənistanda hakimiyyətsizlik xaos, siyasi və iqtisadi böhran başlanğıc mərhələsindədir. Paşinyanın istefası da bu durumu dəyişdirməyəcək. Belə durumda Azərbaycan Dağlıq Qarabağda suveren dövləti hüquqlarını bərpa etməli və bu terror dövlətinə yeni dərslər verməlidir. Fikrimcə, Rusiyanın “sülhməramlı “ missiyası da bu dövləti xilas etməyəcəkdir.

İrəvan Türk Cümhuriyyətinin başkanı

Mənbə: moderator.az