“Qərbin Ermənistan planları boşa çıxdı, bizə qarşı yeni cəbhəyə hazır olmalıyıq...” - ekspert

Azərbaycan Qərblə savaşımı başlayır? Məsələ ondadır ki, Ermənistan – torpaqlarımızı işğal etmiş və haqlı cəzasını almış bir ölkə hər bəhanə ilə müdafiə edilir. Bu diplomatik-siyasi savaşın perspektivi necə görünür? Azərbaycan ağıllı və sistemli fəaliyyət göstərməklə Qərbi Ermənistana verdiyi siyasi-informativ dəstəkdən geri çəkə bilərmi? Savaş hərbi sahədə bitib, masada isə daha da qızışıb. Azərbaycanda medianın, siyasi qüvvələrin, QHT sektorunun və s. bu məsələdə dövlətə tam dəstək verəcəyi gözlənirmi? Bəs Qərbin ölkəmizdəki agentura seti, qrant ajanları özlərini necə aparacaq?
Tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Qərb hər zaman Azərbaycana və Türkiyəyə münasibətdə haqsız olub, biz isə həmişə haqlı: “Hətta onların Azərbaycana qarşı qaldırdığı məsələlərin bəzilərində həqiqət olsa belə, onları həqiqət və ədalət naminə yox, daha çox təzyiq naminə hay-küy salıblar, qərəzli və birtərəfli qərarlar, qətnamələr qəbul ediblər. Səbəblər də hər kəsə məlumdur. Bizim kimi yeni müstəqillik əldə edən dövlətlər hansısa güclərin təsiri altında olmalıdır, onların dediyi ilə oturub-durmalıdır. Siyasi, iqtisadi müstəqillik yolu tutdunsa, deməli hər tərəfdən, yalnız Qərbdən yox, hər tərəfdən təzyiq olacaq və var. Guya həmin Qərb Qarabağ məsələsində nə vaxt ədalətli olub ki? Bəlkə BMT-nin məlum qətnamələrini qəbul edərkən? Əsla. O zaman da Fransa da, Rusiya da maksimum səy göstərdi ki, bu qətnamələr “dişsiz” olsun. Amma onlar heç cür planlaşdıra bilmədi ki, həmin bu “dişsiz” qətnamələr bir vaxt bizim azadlıq müharibəmizdə, xüsusən diplomatik və informasiya müharibəsində yaxşı silaha çevriləcək. Hətta bu qətnamələrdən yan keçməyə cəhdlər edildi. Amma Azərbaycanın uğurlu xarici siyasəti, xüsusən Qoşulmama Hərəkatı dövlətləri ilə əməkdaşlığı bu işdə də bizə kömək etdi.
ATƏT (O zaman ATƏM) Minsk Qrupunun formalaşdırılması zamanı da onun az qala 30 ilə yaxın fəaliyyətində də biz Qərbdən nə dəstək, nə də ədalət gördük. Həmin Fransa nə vaxt bitərəf olub ki? Avropa Şurasına qəbul olan zaman da bu təşkilat tərəfləri bərabərləşdirdi, işğalçı ilə təcavüzə məruz qalanı demək olar fərqləndimədi. Avropa Şurası və onun əsas qurumlarından biri olan Parlament Assambleyası bir neçə istisna olmaqla həmişə Azərbaycana qarşı qərəzli olub. Ermənistanda insan hüquqlarının total və sistematik pozuntusuna göz yumub”.
Hüquq müdafiəçisi xatırlatdı ki, “Azadlğa dəstək aktına” 907-ci düzəliş edən ABŞ Konqresi və ya hər il ABŞ Konqresinin Helsinki Komitəsinin bizim satqınları da cəlb etməklə keçirdiyi anti-Azərbaycan tədbiri, o cümlədən Qarabağla bağlı qərəzli və erməni mövqeyindən olan tədbirlər də qərəzli münasibətin və ikili standartın nəticəsidir: “Cənub Qafqazda yaranmış yeni şəraitdə Qərbdə olan dairələrin, dövlətlərin parlanetlərinin, ümum-Avropa təşkilatlarının da basqısı əslində əvvəlki münasibətin davamıdır. Amma indi vəziyyət bizim xeyrimizədir. Torpaqların işğaldan azad edilməsi ilə vəziyyət köklü şəkildə dəyişib. Azərbaycana qarşı açılan dava həm də onun ən yaxın müttəfiqi olan Türkiyəyə açılan davadır. Ona görə də bir an belə diplomatiya sahəsində fəaliyyət dayanmamalıdır. Fransa Senatında o məlum və bədnam sənədə səs verənlərin əksəriyyəti səs verdikləri sənədin mahiyyətindən xəbərsiz idi. Əslində nə baş verdiyini də bilmirdilər. Eləcə də digər ölkələrdə, o cümlədən Niderland parlamentində ermənipərəst və erməni lobbisinin maraqlarını ifadə edən qrupun təqdim etdiyi sənəd barədə də bir çox səs verənlər məlumatlı deyildi. Əsl həqiqətin nə olduğunu bilmirdilər”.
S.Məmmədov qeyd etdi ki, diplomatik, siyasi və informasiya məkanındakı müharibə dayanmayacaq: “Erməni xalqının təmsilçiləri, varli adamları bundan sonra da qazandıqlarını heç zaman mövcud olmamış və heç zaman yaranmayacaq “böyük Ermənistan” üçün xərcələyəcəklər. Bu xalq da belə bədbəxt olub. Qazandıqlarını firavan həyata, iqtisadi inkişafa xərcləmir. Belə xəstə ideyalar üçün xərcləyir. Bu baxımdan diplomatiya, siyasət və informasiya sahəsində müharibə davam edəcək. Amma biz indi yalnız hərbi sahədə deyil, adı gedən sahələrdə də güclüyük. Sadəcə gücümüzü səfərbər etməliyik. Düşmənlərimizi neytrallaşdırmalı, neytralları müttəfiqə çevirməliyik. İnformasiya müharibəsinə hamılıqla və daha peşəkar qoşulmalıyıq”.
Həmsöhbətimiz vurğuladı ki, Qərb dediyimiz Ermənistana verdiyi dəstəyin əvəzində itirdikləri çoxdur. Ermənistan bundan sonra daha çox Rusiyanın təsiri altına düşəcək və Qərb də onlardan alət və dubinka kimi çox da səmərəli istifadə edə bilməyəcək: “Qərbin Ermənistan planı puça çıxdı. Paşınyan erası bitib, hətta o bundan sonra hakimiyyətdə qalsa belə”.
S.Məmmədov onu da dedi ki, Azərbaycanda olan sağlam media və vətəndaş cəmiyyəti 44 günlük müharibədə dövlətin, Prezidentin yanında oldu və məhdud resursları ilə nə bacarırdısa onu da etdi: “Sadəcə Azərbaycanda həm media siyasəti, həm də vətəndaş cəmiyyətinə mühasibət bir qədər dəyişməlidir. Beynəlxalq müstəvidə peşəkar mübarizə aparmaq resurslar tələb edir. Bacarıqlı insan resursları, maddi resurslar və s. Bir misal göstərim. Bu gün Ermənistanın BMT müqavilə orqanlarına dövrü olaraq təqdim etdiyi hesabatlara Azərbaycandan alternativ hesabatlar hazırlayan və bu hesabatların BMT İnsan Hüquqları üzrə Ali Komissarın rəsmi veb səhifəsində Ermənistanın hesabatına əks hesabat kimi yerləşdirlməsinə nail olan yalnız mənim təmsil etdiyim təşkilatdır. Minimal resurslarla, bəzən isə resurs olmadan biz bunu edirik. Gedib Cenevrədə BMT-nin binasında brifinq keçiririk, Ermənistanla bağlı dinləmələr olan sessiyalarda iştirak edirik. Daha bir təşkilat isə BMT-nin nizamnamə mexanizmlərindən səmərəli istifadə edir. Amma müqavilə mexanizmləri, hansı ki, ən vacidir dediyim kimi biz hələlik təkik. Anlayıram ki, bu qədər asan məsələ deyil. BMT ilə onilliklər ərzində işləmək, nüfuz qazanmaq, qərəzsiz və neytral olmağı sübut etməlisən. Amma bu sahədə fəaliyyət genişlənməlidir. Eləcə də bütün beynəlxalq platformalarda Azərbacyan vətəndaş cəmiyyətinin peşəkar fəaliyyəti artmalıdır. Prezidentin köməkçisi cənab Hikmət Hacıyev bu problemləri dərindən bilir. Ümid edirəm yaxın gələcəkdə indiki vacib fəaliyyəti ilə yanaşı bu istiqamətdə də mövcud problemlərin həllinə dövlət dəstəyinin verilməsi üçün Prezident yanıda QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə təklifləri ümumiləşdirəcək və müvafiq qərarlar üçün ölkə rəhbərliyinə təqdim edəcəkdir”.
S.Məmmədov sonda bildirdi ki, hələ 2016-cı ildə ölkənin 55-dən artıq çap və on-line mediasında, o cümlədən “Yeni Müsavat” qəzetində getmiş bir müsahibəsində belə fikir bildirib: “Bildirmişdim ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Atəşkəs razılaşması olsa da, qarşı tərəf müxtəlif təxribatlarla bu razılaşmanı pozur. Bütün çətinliklərə rəğmən, Silahlı Qüvvələrimiz cəbhə xəttində ayıq-sayıq dayanır, Vətənimizin keşiyini çəkir. Azərbaycan Ordusunun gücü, düşmən üzərində sözün bütün mənalarında üstünlüyü də göz qabağındadır. Belə olan vəziyyətdə düşmənlərimizə imkan verməli deyilik ki, Azərbaycanın daxilində ikinci cəbhə açsınlar”. Bax, indi təəssüf ki, ölkəmizə qarşı belə cəbhə açılıb. Belə ki, həmvətənlərimizin bəziləri xarici ölkələrin və onların yaratdıqları mərkəzlərin nüfuz agentinə çevrilib və ölkəmizə qarşı aktiv mübarizə aparırlar. Bəlkə nüfuz agentlərindən başqa daha təhlükəli əməkdaşlıq sferalarında olanlar da var. Amma son 44 günlük müharibə onu göstərdi ki, cəmiyyət, xalq, ordu, Prezident və Ali Baş Komandan birliyi, onların bu günlərdə bir yumruq kimi birləşməsi həmin qüvvələri tərksilah etdi. Hətta onlar bir müddət ritorikanı dəyişməyə məcbur oldular. Amma indi əvvəlki ritorikanı bərpa etmək istəyirlər. Buna da hazır olmalıyıq”.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

NASA dünyadan böyük olan Günəş ləkəsini çəkdi - FOTO

SONRAKI XƏBƏR

Seda Sayanın oğlu da koronavirusa yoluxub