“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” - Tofiq Zülfüqarov

“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” -  Tofiq Zülfüqarov

“Dekabrın 1-dən sonra aktual məsələ ondan ibarət olacaq ki...”

Rəsmi Bakının kəskin etirazından sonra Fransa Xarici İşlər Nazirliyi senatın ermənipərəst qətnaməsinin hüquqi qüvvəsinin olmadığını bəyan etsə də, artıq “ox yaydan çıxıb”. Fakt budur ki, Fransa Senatı heç bir əndazəyə sığmayan addım ataraq, terrorçu, işğalçı, barbar qüvvələrin yanında dayandı, bununla da Azərbaycanla münasibətlərdə etimadsızlığını nümayiş etdirdi.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla söhbətimizdə bu məsələdən, həmçinin Qarabağ bölgəsindəki mövcud vəziyyətdən, perspektivlərdən bəhs etdik:

- Tofiq bəy, ən uzağı 60-65 min erməninin yaşadığı Dağlıq Qarabağ bölgəsinin “müstəqil” subyekt olaraq tanınması barədə Fransa senatının qətnaməsi presedentə çevrilə bilərmi? Artıq Belçikadan da eyni məzmunlu siqnal gəlib...

- Əvvəlcə qeyd edək ki, bu, birinci hal deyil. Bəzən bizdə bunu ilk hal kimi göstərirlər. Son bir neçə il ərzində ABŞ-ın ştatlarının elə hamısında buna bənzər qərarlar qəbul olunub. Fransa və digər ölkələrdə müxtəlif şəhər meriyalarının bənzər bəyanatları olub. Yəni bu, bir növ erməni diasporunun təbliğat fırıldağıdır. Çünki onlar yaxşı başa düşürlər ki, səlahiyyətləri olan orqan bu cür bəyanat qəbul edə bilməz. Əslinə qalsa, belə “bəyanatlar” təbii ki, icra hakimiyyətinə aid olan bir səlahiyyətdir. Amma onlar bu cür qərarı qanunverici orqanda veriblər. Başa düşürlər ki, belə bəyanatlar ya deklorasiya, bəyannamə şəklində baş verər, ya da tövsiyə xarakterli. Yəni bu, sadəcə olaraq bu və ya digər qanunverici orqanın öz səlahiyyətlərinə aid olmayan bir siyasi mövqedir. Bu isə o müddətdə seçilən deputatların siyasi mövqelərini əks etdirir. Demək olar ki, onun hüquqi nəticələri yoxdur. Nəyə görə deyirəm ki, burada erməni diasporu “nailiyyətlərə” nail olmağa çalışır? Onlar başa düşürlər ki, bu qərarı qəbul etmək hüququna malik olduqları digər yerlərdə belə qərarlar keçməz. Bu absurd bəyanatın bir vacib məqamını da yada salmaq lazımdır ki, onun hansı səviyyədə qəbul edildiyi, hansı “siyasi reallıqda” qəbul olunduğu aydın olsun. Orda “müstəqilliyin” tanınmasından başqa, guya Azərbaycan ordusu 1994-cü ildə formalaşmış təmas xətti, qondarma rejim və Ermənistanın bəyan etdiyi “sərhəd”ə qayıtsın...

- Əslində sizdən bu barədə soruşacaqdım. Makron son günlərdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etdi. Amma Fransa prezidenti müharibənin ilk günlərində açıqlama verdi ki, Azərbaycanın Dağlıq Qarabağa müdaxilə etməsinə imkan verməyəcək. Sizə elə gəlmirmi ki, əslində Senatın qərarı Makronun siyasətinin məntiqi davamıdır?

- Onların siyasi baxışlarının, məntiqi davamı ola bilər. Amma heç də Fransanın rəsmi siyasətini əks etdirən bir mövqe deyil. Çünki istər-istəməz Fransa dövləti bu münaqişə ilə bağlı öz mövqeyini müxtəlif səviyyələrdə dəfələrlə açıqlayıb. Təbii ki, indi guya “işğal” olunmuş əraziləri yenidən işğalçıya qaytarılmasını bəyan etmək siyasi idiotizmdir.

- Özü də Fransa BMT Təhlükəzilik Şurasının üzvü kimi Qarabağa aid qətnamələrə səs verib...

- Bəli. Yəni biz burda görürük ki, bu qərar daha çox Fransanın proseslərdən uzaqlaşmasına və Fransanın indiki administrasiyasının bu məsələdə siyasətinin iflasa uğramasına əlavə dəlildir.

- Eyni zamanda Türkiyə və Rusiyanın bu prosesdə aparıcı rolunu həzm edə bilməməsinin məntiqi nəticəsidir, eləmi?

- Daha doğrusu, sadəcə olaraq Rusiya Fransanı müttəfiq kimi görmədi və qəbul etmədi. Müharibə gedən vaxt Makron demişdi ki, mən Putunə zəng etmişəm, siyasətimizi Rusiyasız həyata keçirmək imkanımız yoxdur. Bu baxımdan söyləyib ki, biz hərdən Rusiyanı tənqid edirik, sanksiya qəbul edirik, amma belə hallarda Rusiyaya müraciət etməyə məcburuq. Bu da onu göstərir ki, Makron da bu prosesdə hansısa şəkildə iştirak etmək istəyirdi. İndi görürük hansı mövqedən, daha aydın görünür...

- Katalizator rolunda...

- Təxribatçı rolunda. Ancaq onu bu prosesə götürməyiblər. Bu cür bəyanatın arxasında daha çox zəiflik görürəm, nəinki güc.

- Paşinyan Ermənistanı və erməniləri dünyada biabır edən kimi, Makron da Fransa demokratiyası mifini alt-üst etdi. Razısınız?

“Bu cür bəyanatın arxasında daha çox zəiflik görürəm, nəinki güc”

- Bizim cəmiyyətdə qərbyönlü baxışlar var, bunu etiraf etməliyik. Postsovet sindromundan azad olmaq üçün qərbyönlü baxışlar və mövqelər bizim cəmiyyətdə çox geniş yayılıb. Bu cür qərarlar bu istəkləri və baxışları darmadağın edir. Bizim cəmiyyətdə olan bu baxışları tam şəkildə devalvasiya edir. Bu da Senatın qərarının əsas mənfi nəticəsidir. Mən hesab edirəm bu cür absurd sənədlərin qəbul olunmasının səbəblərindən biri budur ki, indi Fransada daxili böhran yaşanır. Bu gün Fransa küçələrində fransızdan çox emiqrantları görərsiniz. Görürlər ki, onların milli siyasəti iflasa uğrayıb, ona görə də Makron özü həm İslama qarşı, həm irqi məsələlərə aid absurd bəyanatlar verir. Yəni bu, daxildə olan göstəricidir. Hesab edirəm ki, bu, Fransa hakimiyyətinin nüfuzuna böyük zərbələrdən biri olacaq. Çünki bunu həm də biz xristian-müsəlman ikili standartları üzərində qurulmuş məsələnin sübutu kimi qəbul etməliyik.

- Maraqlıdır ki, illər boyunca Qərb dairələri ilə Rusiya arasında münasibətlər gərginləşsə də, Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa da, Qarabağ məsələsi bu, əks qütbləri birləşdirən amil olub. İlk dəfədir ki, Qarabağ məsələsində bu qütblərin yolları ayrıldı...

- Fransa Senatının qərarına tənqidi yanaşanlardan biri də Rusiya olacaq. Çünki onun da tərkibində bir çox əyalətlər mövcuddur ki, orda potensial şəkildə separatizmə əsaslar var. Avropa ölkələrinin çoxunda, o cümlədən Fransanın özündə də bu cür məsələlər var. Bu yaxınlarda mən bir məlumatla tanış oldum və gördüm ki, 20-yə yaxın bölgədə siyasi separatizm, ya digər növ separatizmlər mövcuddur. Bu baxımdan Senatın bəyanatı çox absurddur. Mən yeganə söz tapıram ki, bu, siyasi idiotizmdir, axmaqlıqdır. Yəni nə Fransanın bundan əvvəlki siyasətinə, nə digər məsələlərə heç bir bağlı olmayan məsələdir. Sadəcə olaraq burada ermənilərin təsirini də qeyd etmək lazımdır. Bu təsirin əsasında heç də sağlam demokratik prinsiplər durmur. Burada siyasi maraqlar, korrupsiya amilini, ya da təşkil olunmuş azlıqların seçki sisteminə təzyiq formasını qeyd etmək olar.

- Rəsmi Bakı Parisə nota verdi, amma hesab olunur ki, daha sərt tədbirlər olmalıdır. Siz necə düşünürsünüz?

- Mən hesab edirəm ki, ona ciddi reaksiya verməyə ehtiyac yoxdur. Çünki bu “sənəd” Fransa konstitusiyasına ziddir. Çünki Senat bu məsələdə öz səlahiyyətlərini aşıb. Bu baxımdan boş, faydası və hüquqi nəticəsi olmayan bir parça kağız kimi yanaşmağı düzgün sayıram. İkincisi də buna reaksiya bildirmək ona artıq önəm verməyimiz deməkdir. Bu sənədin siyasi əhəmiyyəti barədə bir fikir də söyləmək olar. Lissabon sammitində məşhur bir qərar qəbul olunmuşdu. Avropanın dövlət başçıları sammitdə iştirak edərkən orda təsdiq olunmuşdu ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək almışıq. Fransa da o sıradaydı və xüsusi bir bəyanat da vermişdi. Baxın, görün hansı səviyyədə biz sənədlər almışıq, indi hansı səviyyədə onlar “sənəd” qəbul edirlər.

- Qarabağ danışıqlarının sonrakı taleyi barədə nə düşünürüsünüz?

- İndi təzə bir format formalaşır: Rusiya-Türkiyə formatı. Görürük ki, praktik baxımdan çox effektiv bir formatdır. Aylarla ATƏT çərçivəsində tələb olunan o diskussiyalar ki, var idi, qısa bir müddətdə sülhməramlı qüvvələr hansısa qərarların icrasını təmin edirlər. Açıq danışaq. Bizim əsgərlərin şücaəti, qəhrəmanlığı nəticəsində biz 3500 kv.km ərazini azad etmişik, amma 10 noyabr bəyannaməsi ilə təxminən 4700 kv.km-lik ərazi azad olunacaq, yəni Kəlbəcər və Laçın azad olunandan sonra. Bu baxımdan biz real nəticələri görməliyik. Rusiya-Türkiyə formatı bizə real bir nəticə verib. Mən istisna etmirəm ki, Fransa Senatının qərarının bir səbəbi var: Fransa və bəlkə də gələcəkdə ABŞ-ın bu prosesə daha aktiv təsir etmək niyyəti var. Fransanın cəhdlərini ciddi qəbul etmirəm. Amma 20 yanvardan, yəni inauqurasiyadan sonra ABŞ-ın bu prosesə qoşulması mənimçün çox real görünür. Bu baxımdan biz görəcəyik ki, Rusiya və Türkiyə daha sıx əməkdaşlıq etməyə başlayacaqlar. İndi biz görürük ki, Rusiya Türkiyəni proseslərdə eyni səviyyədə qəbul etmək istəmir, hər halda belə bir görüntü var. Amma mən bu görüntünü tam şəkildə qəbul etmirəm. Çünki Türkiyənin rolu dekabrın 1-dən sonra daha da güclənəcək.

- Yəni Türkiyə hərbçiləri o zaman Qarabağda olacaqlar, Laçın azad olunduqdan sonra?

- Bəli, Laçından sonra. İkincisi, bu addımlar ki, Fransa tərəfindən atılır və ABŞ-ın bu istiqamətdə fəallaşması Rusiya-Türkiyə taktiki əməkdaşlığını daha da gücləndirəcək. Onlar elə bir mövqedən çıxış edəcəklər.

- Bu da Azərbaycanın mövqeyini gücləndirir...

- Real olaraq rəqabətin olduğu yerdə bizimçün manevr imkanları çoxalır, bu, aksiomadır.

- Xatırladaq ki, Tovuz döyüşlərindən sonra ABŞ Konqresi Ermənistanı işğalçı adlandıran qətnamə qəbul etmişdi...

- Mən də ona görə deyirəm ki, Fransanın fəallaşması məhz bundan irəli gəlir. Fransa başa düşür ki, gələcəkdə Qərb prosesə qoşulacaqsa, o, bu sırada olmayacaq. ABŞ çalışacaq ki, daha neytral bir ölkəni cəlb etsin. İstisna etmirəm ki, bu, İngiltərə ola bilər. Yaxud digər ölkə ola bilər ki, onun burada çox ciddi iqtisadi maraqları var. Bu baxımdan Qərbin prosesə qayıdışı gözlənilən məsələdir.

- Yəni proseslər Fransanın həmsədrlikdən kənarlaşdırılması ilə bitə bilərmi?

- Mən ona görə də Qərbin prosesə qayıdışı dedim. İndi bu, nə şəkildə olacaq? Həmsədrliyin təzə formasında, ya da digər format olacaq, demək çətindir.

- Bəlkə də Minsk Qrupunu Ankara Qrupu əvəzlədi, realdırmı?

- Mən Bakı Qrupu deyərdim. Dekabrın 1-dən sonra aktual məsələ ondan ibarət olacaq ki, sülhməramlı qüvvələrin mandatı ilə bağlı müzakirələr nə vaxt və kimin arasında başlayacaq. Biz başa düşürük ki, indiki müvəqqəti mandat yalnız bəyannamədir. Ancaq ayın 1-dən sonra digər məsələlər də aktual olacaq. Bəlkə də onları sadalamağa ehtiyac yoxdur. Ancaq bir-iki məsələni qeyd etmək lazımdır. Yəni kommunikasiyaların bərpası, regionda işləməsi... Mən Laçın və Naxçıvan yolunu demirəm. Ağdərə-Kəlbəcər yolu və sair. Bu baxımdan bu, ciddi bir məsələdir. Ermənistan ordusunun bölgədən evakuasiyasından sonra qeyri-qanuni silahlı birləşmələrin tərk-silahı da aktual bir məsələdir. Bu baxımdan dekabr ayı üçün mandat ən aktual məsələlərdən biridir. Çünki nə sülhməramlı qüvvələrin mandatı var, nə də müşahidəçilərin. Laçının boşaldılmasından başqa, Ermənistan ordusu digər bölgələrdən də çıxmalıdır. Yenə də deyirəm, Qərbin məhz bu mərhələdə qayıdışı çox aktual olacaq. Çünki sülhməramlı qüvvələrin mandatını təsdiqləmək üçün ona BMT səviyyəsində baxılmalıdır və xüsusi qətnamə ilə dəstək alınmalıdır. Təhlükəsizlik Şurasının daimi üzvlərinin burdakı proseslərə qatılmasını şəxsən mən aktual sayıram.

- Ən nəhayət, hansı şərtlər olursa-olsun, Xankəndi, Xocalı, Xocavənd, Əsgaran, Ağdərə ərazilərdən imtinamız mümkünsüzdür...

- Təbii ki, mümkünsüzdür. Mərhələli şəkildə suverenlik bölgəyə qayıdacaq. Dekabrın 1-dən sonra bəlkə də bu mövzular ortaya çıxacaq. Baxın, artıq bu işarələr mövcuddur. Laçının girişində Rusiya hərbçiləri maşınları yoxlayır. Məqsədləri nədir: silah və partlayıcı sursat keçməsin. Yəni artıq tərksilah prosesi başlayıb.

- Orada Türkiyə hərbçiləri də olanda...

- Türkiyə müşahidəçiləri... Amma artıq Türkiyə ordusunun nümayəndələri Azərbaycandadır. Müşavir və sair kimi. F-16 qırıcıları həmçinin. Bəzən deyirlər baza nə vaxt olacaq? Bazanın buynuzu olmur ki (gülür) Qoy orda müşahidəçilər olsun, ordu lazım deyil. Ermənilər bizim ordumuzdan qorxub qaçırlar. Elə bizim öz ordumuz da orda bəs edər...(musavat.com)

Mənbə: moderator.az