M.Ə.Rəsulzadə: “Türkiyənin dostları” - Nəsiman Yaqublunun təqdimatında

M.Ə.Rəsulzadə: “Türkiyənin dostları”  - Nəsiman Yaqublunun təqdimatında

Hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə Cümhuriyyəti Azərbaycanın yanında və onun başlıca problemi olan erməni işğalındakı ərazilərimizin azad olunmasında önəmli rol oynamaqdadır.Bu təbii ki, bir-çox qüvvələri və bəzi ermənipərəst dövlətləri narahat etməkdədir.Lakin bu da bir həqiqətdir ki, güclü və ədalətli Türkiyənin dostları siyahısı getdikcə genişlənməkdədir.Tarixən Türkiyənin dostları olanlar yalnız qazanıblar.Bu gerçəklik Osmanlı dönəmində də olub, Atatürk dönəmində də və indi cənab Ərdoğan zamanında da belədir.Bu məqamları diqqətə alıb Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin İstanbulda 1925-ci ilin avqustun 1-də “Yeni Qafqasiya” jurnalında çap etdirdiyi “Türkiyənin dostları” məqaləsini oxuculara təqdim edirəm.

TÜRKİYƏNİN DOSTLARI

“Türkiyə milləti dostlarından bir qrup” imzası ilə əvvəlcə “Pravda” qəzetəsi və sonra bütün bolşevik mətbuatında “Türkiyə hökumətinə açıq bir məktub” nəşr edilmişdir. Bu məktubda Türkiyədəki komunistlərin tövqif olunaraq İstiqlal Məhkəməsinə verilmələrindən müəəssir olan “dostlar” Türkiyə hökumətinə “dostanə” sərzənişlərdə bulunuyor və ona “baba nəsihəti” veriyorlar: “Siz feodalizmi kökündən qaldırıyorsunuz. Amənna, çox iyi ediyorsunuz, tarixi bir vəzifə görüyor, burjua sistemini “qüruni-vüsta” məngənəsindən xilas ediyorsunuz. Biz buna seviniyor, sizi təqdir ediyoruz” diyorlar. “Halbuki sizi bu hərəkətdə təşci” edən türk komunistlərini də tövqif ediyor, dərəbəylərini tıxdığınız həbslərə onları da çəkiyorsunuz, bunu isə anlamıyoruz” deyə əlavə ediyor, “yapdığınız dəmir yollarda açdığınız və açacağınız fabrikalarda çalışan əmələnin məsləki olan komunizmi feodalizm kibi məhv edəməzsiniz” deyə “dostanə” bir ixtar yapıyorlar.

“Cümhuriyyət” rəfiqimiz “Rusiyadan gələn bu səda”ya cavab verir. Türkiyənin bulunduğu tarixi mərhələdə yapılacaq təbii işin yapılan inqilabdan başqa olmayacağını “Elmi mənasına görə, komunizmin yapılamayıb, olsa-olsa, kəndi-kəndinə təkəvvün və təhəqqüq edəcəyini bizzat Karl Markısın vəz etdiyi əsasa görə süni və hələ cəbri komunizmə nə cəvaz, nə də imkan olduğunu” söylədikdən sonra “komunizm propağandası ilə məşğul üç-beş adamın Şeyx Səidlərdən fərqli olmayan macərapərəstlərdən ibarət olub “Təqriri Sükun Qanunu” mövcibincə məzərrətləri önünə keçilmək lazım gəldiyini” anlatıyor və bununla iktifa ediyor.

Türkiyədə komunizm təqibatı yeni deyildir. “Cümhuriyyət” qəzetəsinin yazdığı kibi, daha sovet Rusiyası ilə mübariz Türkiyə arasındakı dostluğun təəssüs eylədiyi ilk günlərdən etibarən daxili komunizm intriqası ilə mücadilə səyfələri də başlamışdır.

Komunizmin propağandası ilə Türkiyə “dost”larının iləri sürdükləri əmələ hərəkatı arasında yerdən göyə qədər fərq vardır. Rusiyadakı əmələ belə komunizmi tamamilə mənimsəmiş deyildir. Milliyyətpərvər Türkiyə ilə dostluğu çox müfid gördüyü halda, kəndi daxilindəki milliyyətpərvərligi atəş və dəmirlə basdıran Rusiya, Komunist Rusiyası ilə dostluğu müfid görən Türkiyəyə nədən komunistlərə qarşı alınan tədabiri caiz görəmiyor.

“Türkiyə milləti dostlarının” bu açıq məktubuna müqabil “Cahan İnqilabı dostları” sovet hökumətinə xitabən nə münasib bir açıq məktub yaza bilərlərdi. Bu məktubda çox qüvvətli əsaslara istinad edərək deyilə bilərdi ki, “Müstəmləkə və nim müstəmləkədəki məhkum millətlərdə hürriyyət və istiqlal hərəkatının iləriləməsini cahan inqilabının inkişafı üçün müfid buluyorsunuz. Bu hərəkatı təmin üçün təhti-idarəmizdə bulunan qeyri-rus millətlər, bilxassə, Şərq millətlərinə tətbiq etdiyiniz məzalimi azaltsanız, onların daxili işlərinə qarışmasanız, məmləkətlərini Qızıl Ordu çizməsi altında əzməsəniz, bulunduqları dövrü-tarixi ilə mütənasib demokrasi və milliyyət məfhumlarının məfkurəçisi bulunan milliyyətpərvərləri qətl, nəfy və həbsdən vaz keçsəniz, nə əla edərsiniz!”

Bu tezisi çox qüvvətli dəlillər və çox müəssir vaqeələrlə isbat etmək və nəticədə, “Türkiyə dostlarından bir qrub”un vəz eylədiyi “Şimdi əcəba Türkiyə komunistləri nə vakit azad ediləcəklərdir?” sualına müqabil “Cahan inqilab dostları”: -“Şu halda Rusiya mənfələrindəki milliyyətçi və istiqlalçı türk məhbuslarını nə vaxt azad edəcəksiniz!” sualını daha ziyadə müvəffəqiyyət və isabətlə vəz edə bilirlər!..

Azəri

“Yeni Qafqasiya”, 1 ağustos 1341 / 11 məhərrəm 1344, il:2, №21, s. 10

Sərzəniş - məzəmmət

Amənna - inandıq

Tövqif - həbs

Təkəvvün - yaranma

Təhəqqüq - meydana çıxma

Təqriri Sükun Qanunu - Asayişi qoruma qanunu

Məzərrət - ziyan

Müfid - faydalı

Red: 1 ağustos 1341 / 11 məhərrəm 1344 - 1 avqust 1925

Mənbə: moderator.az