“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”

“M.Melkonyan, V.Sisliyan kimi terrorçuları azad etmiş Fransa ədalətdən danışa bilməz...”

Fransa senatının qondarma separatçı erməni rejimi haqda qərarı barədə düşüncələr...

Uzun illər mədəniyyətin, humanizmin beşiyi,insan azadlığı və hüquqlarının ən yüksək səviyyədə qorunduğu hesab olunan, separatçılıq və terrorizmə qarşı barışmaz mübarizə apardığını elan edən Fransanın Dağlıq Qarabağın Meşəli, Xocavənd, Qaradağlı və Xocalı kimi yaşayış məntəqələrində azərbaycanlılara qarşı soyqırım həyata kecirən, Ermənistanla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ ərazisində etnik təmizləmə aparan cinayətkar ermənilərə havadarlıq etməsi bizlər tərəfindən təəccüb və hiddətlə qarşılandı. Məcburiyyət qarşısında qalıb Fransa tarixinə ötəri nəzər salmalı oldum. Onların Əlcazairdə, Kamerunda etdikləri vəhşilikləri oxuduqca düşündüm ki, bəlkə ermənilərlə Fransanı belə əməllər birləşdirir?..

Hələ birinci Qarabağ savaşı dönəmində xalqımız Şuşada, Xocalıda və s. yerlərdə tikinti işləri apardığı dövrdə keçmiş DQMV-də yaşayan ermənilər sürətlə silahlanır, SSRİ-də və xarici ölkələrdəki havadarlarının köməyi ilə terrorçuluqda kifayət qədər təcrübəsi olan erməni və qeyri-ermənilərdən ibarət muzdlu qüvvələr toplayırdılar. Bunlardan biri də Fransada terror aktları törətmiş, beynəlxalq miqyasda terror təşkilatı kimi tanınmış “ASALA” nın rəhbərlərindən biri Monte Melkonyandır. Gözləmək olardı ki, o, ömrünü özünü bütün dünyada terrorçuluğa qarşı barışmaz mübariz elan edən Fransanın həbsxanasında çürüdəcək. Ancaq hamının gözlədiyinin əksinə olaraq M.Melkonyan 1990-cı ildə həbsdən azad edilmiş və Ermənistana göndərilmişdi. Qeyd edək ki, o, Livanın Bekaa vadisində terrorçuluq üçün hazırlıq keçmiş, Fələstin qruplarının tərkibində İsrailə qarşı terror-təxribat əməliyyatlarında iştirak etmişdi. Bunların içərisində ən məşhuru 1981 –ci ildə Sidon şəhərində həyata keçirilən diversiya əməliyyatı olmuşdur. M.Melkonyan 4 fevral 1992-ci ildə özünün 17 nəfərdən ibarət silahlı qrupu ilə Dağlıq Qarabağa göndərilmişdi. O, burada yaşayan azərbaycanlıların amansızcasına qətlə yetirilməsi və yaşadıqları ata-baba torpaqlarından qovulması üçün fəaliyyət göstərmişdir. M.Melkonyan əvvəlcə Xocavənd(o dövrkü Martuni )rayonu üzrə erməni silahlı qüvvələrinin qərargah rəisi, sonra isə komandiri təyin edilmişdi. O ,Qaradağlıda, Xocalıda həmvətənlərimizə qarşı həyata keçirilən soyqırımlarda ən fəal iştirak edən şəxslərdən biri olmuşdu. Bundan başqa, M.Melkonyan Xocalı soyqırımı, Şuşa və Kəlbəcərin işğalı planının işlənib-hazırlanmasında da şəxsən iştirak etmişdi...

1993-cü ildə M.Melkonyan Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı döyüşdə Milli Ordumuz tərəfindən məhv edildikdən sonra İrəvanda dəfn edilərkən Ermənistanın o dövrkü dövlət xadimləri, hətta prezidenti də orada iştirak etmişdi. Fransanın sevimlisi olan bu cani Türklərə qarşı terror və qətllərdə göstərdiyi xidmətə görə ”Ermənistanın milli qəhrəmanı” adını almışdı. Bundan başqa, 1991-ci ilin sentyabrında Parisin Usman məhəlləsində 60 nəfərin girov kimi ələ keçirilməsi aksiyaslnda və 1991-ci ilin dekabrında Budapeştdəki Türkiyə səfiri Bədrəddin Tunabaşa qarşı qəsddə iştirak edən “ASALA” terrorçu təşkilatının üzvü, o dövrdə 34 yaşı olan Vazgen Sisliyan çox yüksək səviyyəli havadarlarının köməyi ilə həbsdən azad olunmuş və bu “müvəffəqiyyətini” davam etdirmək üçün Azərbaycana göndərilmişdi...

Belə azğın terrorçuları azadlığa buraxmış Fransa insan haqlarından, demokratiyadan, ədalətdən danışa bilməz...

Fransa vətəndaşı olan Aşin Simonyan1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal “məxfi” təlim düşərgəsi yaratmış, orada “ASALA” terror təşkilatının 26 nəfər üzvünə təlim keçdikdən sohra Xankəndinə gəlmişdir. Bu qədər işi sanki cibə qoyulmuş iynə kimi Fransa dövləti “görməmişdi”. Necə deyərlər, ”inanan daşa dönsün”. Onu da deyək ki, A.Simonyan da Melkonyan kimi Qarabağda xalqımıza qarşı qəddarlığı və amansızlığı ilə necə deyərlər “ad” çıxarmışdı...

Xalqımıza qarşı qətliamlarda və terror aktlarının törədilməsində iştirakçı olmuş başqa Fransa vətəndaşlarından Suren Paşayanı(“Krunk”təşkilatının Fransa bölməsinin üzvü), Qabriel Şıxanyanı(“Vartan cəngavərləri”qrupunun Vyana bölməsi, Fransa vətəndaşı), Abram Çitçiyanı(366-cı alayın I batalyonunun qərargah rəisi, Rusiya vətəndaşı, sonralar Fransaya köçmüş və bu ölkənin vətəndaşı olmuşdur) və digərlərini qeyd edə bilərik.

Onu da bildirək ki,dinc azərbaycanlı əhalisinə qarşı daha çox qəddarlıq edənlər , adam öldürənlər xaricdəki, o cümlədən Fransadakı havadarları tərəfindən müxtəlif formalarda mükafatlandırılmışdır. Bu isə təcavüzü , vəhşiliyi şirnikləndirmək deməkdir. Belə çoxsaylı faktlardan yalnız 1994-cü il sentyabr ayının 2-dən Fransaya mühacirət edib orada yaşayan Abram Citciyana aid olan, zənnimcə, çox xarakterik olduğu üçün yetərlidir. 366-cı alayın zabiti İ.Korobelnikovun məlumatına görə A.Citçiyan 13 nəfərlik azərbaycanlı Babayevlər ailəsinin hamısını rəhimsizcəsinə məhv edib. Bu “qəhrəmanlığa” görə ona 1993-cü ildə Fransa erməni diasporu tərəfindən 150 min dollar mükafat və ən böyük “Kilsə mükafatı” verilib...

İnanıram ki,zaman keçdikdən sonra zəfərlə başa vurduğumuz ikinci Qarabağ savaşında da Fransanın işğalçıya etdiyi köməklik haqqında daha dəqiq faktlar əldə edəcəyik. Bu səbəbdən yaxşı olar ki, işğalçıya dəstək verən, terrorcuları, uşaq, qadın, qoca, minlərlə günahsız insanı qətlə yetirəni açıqdan-açığa müdafiə edən Fransa rəhbərləri özləri həmsədrlikdən imtina etsinlər. Ancaq belə görünür ki, artıq tərəfsizliyini itirmiş, xalqımız içərisində tamamilə nüfuzdan düşmüş belə həmsədrdən imtina etmək hökümətimizin üzərinə düşəcək. Səbirsizliklə bunu gözləyirik!..

Boran Əziz, tarix üzrə fəlsəfə doktoru, BDU-nun professoru.

Mənbə: moderator.az