Diplomunu Heydər Əliyevdən alan şəhid mayor: “Həsənqaya qəhrəmanı” 6 əsgərin nəşini döyüş bölgəsindən tək çıxarıb - FOTO

Diplomunu Heydər Əliyevdən alan şəhid mayor: “Həsənqaya qəhrəmanı” 6 əsgərin nəşini döyüş bölgəsindən tək çıxarıb - FOTO

27 sentyabrda erməni ordusunun Azərbaycanın cəbhə boyu ərazilərində törətdiyi təxribatın qarşısını almaq üçün başlayan Vətən müharibəsində 30 ildir işğal altında olan torpaqlarımız azad edilib.

44 gün davam edən Vətən müharibəsi qələbə ilə yekunlaşıb. Bu şərəfli tarixin iştirakçısı olan insanlarımıza, əsgər və zabitlərimizə minnətdarlıq borcumuz var. Şəhid olan cəngavərlərimizi, qazi olan qəhrəmanlarımızı böyük ehtiramla yaddaşımıza həkk edəcəyik. Onların qəhrəmanlıqları, həyat hekayələri ayrı-ayrılıqa öyrəniləcək.

Cebhe.info bu dəfə kəşfiyyat rəisinin müavini, şəhid mayor Əsgərov Novruz Ələddin oğlu barədə danışacaq. Şəhid mayorumuzla bağlı söhbəti onun qohumu Quliyev Qədir Çingiz oğlu ilə apardıq. Qohumu deyir ki, Əsgərov Novruz orta məktəbi də yüksək qiymətlərlə bitirib:

Diplomunu Heydər Əliyevdən alıb

“Şəhidimiz 1 dekabr 1980-cı ildə anadan olub. 1997-ci ildə isə orta məktəbi yüksək qiymətlərlə bitirib. Elə həmin ildə də Ali Hərbi Məktəbə daxil olub. 2001-ci ildə isə kəşfiyyat ixtisası üzrə ixtisaslaşıb.

Ona diplomunu Ulu Öndər Heydər Əliyev təqdim edib. O öz ixtisası üzrə fəaliyyətə öncə Bakı şəhərində başlayıb, daha sonra isə Salyan və Ağstafa rayonlarında da xidmət edib. Şəhid mayor Əsgərov Novruz N saylı briqadanın kəşfiyyat rəisinin müavini olub. 2015-ci ildən şəhid olan günə qədər isə başqa briqadanın kəşfiyyat rəisi olub”.

Quzanlıya göndərilən orden-medallar…

Şəhidin qohumu qeyd edir ki, mayorun bütün əməliyyatları uğurla başa çatıb: “Şəhidimizin hərbi əməliyyatları həmişə çox uğurlu olub. 2016-cı ildə 6 əsgərimizin nəşini döyüş bölgəsindən tək çıxarıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarına görə Ağdam rayonunun Quzanlı kəndinə orden və medallar da göndərilib. Şəhidimiz “Vətən Naminə” medalı ilə təltif edilib”.

Mayor Əsgərov Novruz 28 sentyabrda Ağdərə rayonunun Həsənqaya istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ona görə də barəsində danışılanda həm də “Həsənqaya qəhrəmanı” deyilir. Adı Azərbaycanın şərəf tarixinə yazılan qəhrəmanlardan daha biri olan mayor Əsgərov canından artıq sevdiyi vətən uğrunda şəhidlik zirvəsinə yüksəlib. Bu Vətənin insanları da ona əbədi minnətdar qalacaq!

Semra Ələkbərli

Mənbə: cebhe.info