2 həftə evdə qalmaq çətin deyil

Virus meydan oxuyur, xəstələr mənzillərini tərk edib, rahat dolaşırlar

Belə adamlar bəhanələr gətirib evdən çıxırsa, bu, birbaşa cinayətdir

Evlərini tərk edən koronavirus xəstələri qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Son günlərdə belə şəxslərin sayı 50-dən artıqdır.

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, eləcə də Goranboy, Samux, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında aktiv “COVID-19” xəstələrinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid ediliblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Buna baxmayaraq viruslu vətəndaşlarımız evdə otura bilmirlər. Deyəsən, ev şəraiti bu insanları “sıxır” və onlar da virusa meydan oxumaq istəyirlər. Amma əksi baş verir. Virus bizə meydan oxuyur və son günlərdə yoluxma sayındakı artım da bunu göstərir.

COVİD-19 xəstələri niyə gəzintiyə çıxır, bilə-bilə ki, virusa yoluxublar? Bəlkə darıxırlar, təmiz hava almaq istəyirlər. Uzun müddət ev şəraitində qalmaq bu insanların psixikasına mənfi təsir göstərir deyə məkanı dəyişmək, gündəlik həyatlarında nəsə dəyişiklik etmək istəyirlər.

Hərbi həkim və psixoloq Azad İsazadə “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu hərəkətin bir adı var - məsuliyyətsizlik:

- Bu, ilk növbədə məsuliyyətsizlikdir. Mən buna başqa heç bir səbəb göstərə bilmərəm. Əgər götürülmüş analizin nəticələrinə əsasən vətəndaşda COVİD-19 virusu aşkarlanıbsa və onun koronavirus xəstəsi olduğu təsdiqlənibsə, o, evdə qalmalı və özünü təcrid etməlidir. “Yox, mən buna inanmıram, özümü yaxşı hiss edirəm, qızdırmam yoxdu, halım yaxşıdı” və sair belə bəhanələr gətirib evdən çıxırsa, bu, birbaşa cinayətdir. Bu insan özünü düşünmürsə, ətrafdakıları düşünməlidir ki, o, kimlərisə yoluxdura bilər. Bir hamımız bir-birimizi düşünməli və qorumalıyıq. Təəssüf ki, bəzən məsuliyyətsiz insanlara rast gəlinir. Belə adamlar var, “yolu hardan istəyirəm keçə bilərəm”, “harda istəyirəm, əyləşirəm, nə istəyirəm edirəm”. Bu insanlar cəmiyyəti düşünməyən, öz istəklərinin əsiri olanlardır.

 

2 həftə ev şəraitində qalmaq çətin deyil. Olsun, lap 21 gün – 3 həftə. Analizlərində virus aşkarlanmış, koronavirus xəstəsi müalicə müddətində və sonra da təkrar testin cavabları bəlli olanadək özünü təcrid etməlidir.

Xəstəxana şəraitində müalicə alanlarla yanaşı, evdə müalicəsi aparılanlar da var. Belə insanlar daha artıq diqqətli və məsuliyyətli olmalıdırlar. Özlərinə nəzarəti həyata keçirməlidirlər. Elə bilin ki, ev dustaqlığıdır, amma yumşaq ev dustaqlığı. Hansısa əməlinə görə məhkəmə qərarı ilə ev dustaqlığına məhkum edilmiş şəxsin vəziyyəti daha ağırdır.

Ona telefondan istifadəyə icazə verilmir, yaxınları ilə görüşə bilmir. Amma ev şəraitində müalicəsi davam etdirilən koronavirus xəstəsinin bir çox üstünlükləri var. Telefondan, internetdən istifadə edə bilər, film izləyər, yaxınları məsafə saxlamaqla onu ərzaqla, qida ilə təmin edirlər. 2 həftə dözmək belə çətindir ki?! Bəs onlarla insanı yoluxdurmaq necə?!

Bu, əsl cinayətdir. Və özünün xəstə olduğunu bildiyi halda başqalarının yoluxmasına şərait yaratmış insan qatildir. Çünki elə insanlar var, xəstəliyi ağır keçirir. Virusa yoluxmuş və xəstəliyi yüngük keçirən insan elə bilir, hamı onun kimidir.

Amma, yox. Uşaqlar, yaşlı insanlar, immuniteti zəif olanlar xəstəliyi ağır keçirir və ölüm halları da ola bilər. Ona görə də koronavirus xəstəsinin tam sağalmamış evdən çıxması cinayətdir. Və bunun adı məsuliyyətsizlikdir. Başqa heç bir səbəb burada keçərli deyil.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ" "İmarət"də - Şəkillər+Video

SONRAKI XƏBƏR

Şirvanda piyadanı avtomobil vurub