Qarabağ müharibəsinə 5 oğul göndərən ailə

Qarabağ müharibəsinə 5 oğul göndərən ailə

Azərbaycan xalqı daim qəhrəman oğulları, ərənləri ilə seçilib. Vətənin azadlığı uğrunda mübarizəyə qoşulan qəhrəmanların şücaətləri isə uzun illər dillər əzbəri olub.

Sonxeber.az-ın "Report"a istinadən verdiyi xəbərə görə belə qəhrəmanlardan biri də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabiti Zaur Rəhimovdur.

O, Lerik rayonunun Veri-Əliabad kəndində anadan olub. Həyatını hərbi sahəyə bağlayıb. Xüsusi təyinatlı dəstənin komandiri olan mayor Zaur Rəhimov komandanlığın qarşıya qoyduğu mühüm tapşırıqları böyük cəsarət göstərərək yerinə yetirib. O, 44 gün davam edən Vətən Müharibəsində də rəhbərlik etdiyi hərbçilərlə düşmənin müdafiə xəttini yararaq ordumuzun irəliləməsinə şərait yaradıb.

Z.Rəhimov işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda keçirilən əməliyyatlar zamanı boyun nahiyəsindən yaralansa da, qısa müddət sonra yenidən hərbi xidmətini davam etdirib.

Ali Baş Komandan tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunan cəsur zabit Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli, Qubadlının dağ kəndləri, Xocavəndin Hadrut qəsəbəsi və bəzi kəndlərinin işğaldan azad olunmasında böyük şücaət göstərib. Həmçinin Şuşanın azad edilməsində rəşadəti ilə seçiib.

Zabitimiz istər xüsusi əməliyyatlar zamanı, istərsə də geniş miqyaslı döyüşlər zamanı hərbi qulluqçularımızın son dərəcə peşəkarlıq, mübarizlik göstərməsindən qürurla danışır. Deyir ki, hətta avtomatla tankın qarşısına çıxıb düşməni vahiməyə salan əsgərlərimiz var: "Qələbəni bu oğulların Vətən eşqi ilə qazandıq. Hərbi qulluqçularımızla düşmən üzərinə əlbəyaxa döyüşlərlə və kiçik çaplı silahlardan hücuma keçərək Şuşanı azad etdik. Şuşanı azad edərkən özüm də ağır yaralandım".

Z.Rəhimov qəhrəman ana Gülarə Cananovanın 10 övladından biridir. Bu ailədən Qarabağ müharibəsinə 5 oğul qoşulub, onlardan 3-ü yaralanıb.

Bununla yanaşı, onların əmilərinin, bacılarının övladları da Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak ediblər. Bir sözlə, torpaqlarımızın müdafiəsində, düşmən tapdağından azad edilməsi uğrunda bu nəsildən neçə-neçə oğul qazi, şəhid olub. Z.Rəhimov zarafatla deyir ki, hazırda xidmətdə olan qohumları bir yerə yığsan, bir "batalyon" formalaşar.

Hazırda müalicədə olan qazimiz tezliklə sağalıb xidmətinə davam etmək arzusundadır! Ən böyük arzusuna isə artıq çatıb.
 

Mənbə: sonxeber.az