Kəlbəcərin potensialı - VİDEO

Kəlbəcərin potensialı - VİDEO

Kəlbəcər rayonuna Azərbaycan bayrağı sancılıb. Bu rayonun coğrafi, strateji və iqtisadi üstünlükləri çoxdur. 1993 -cü ildə Ermənistan tərəfindən işğal olunan rayon 2020-ci il 25 noyabrda Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.

"Kəlbəcər" qədim türk dilində "çay üstündə qala" deməkdir. Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları civə, qum,çınqıl,mışar daşı, mineral sular və.s ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.

Rayon ərazisində dağ keçisi, cüyür, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal heyvan növləri geniş yayılıb.

Kəlbəcər həmçinin kənd təsərrüfatında heyvandarlıq və əkinçilik üçün əlverişlidir.

Kəlbəcərdə Albaniya dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi VI–VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub.

Mənbə: www.realtv.az