"Bəzən fikirlər səsləndirirlər ki, Ermənistan kasıb ölkə olduğu üçün təzminatı ödəməkdə çətinlik çəkəcək. Bu, belə deyil" - Elman Nəsirov

"Bəzən fikirlər səsləndirirlər ki, Ermənistan kasıb ölkə olduğu üçün təzminatı ödəməkdə çətinlik çəkəcək. Bu, belə deyil" - Elman Nəsirov

Xocalı soyqırımında və digər hərbi cinayətlərdə əli olan Robert Köçəryan, Serj Sarkisyan, qondarma rejimin rəhbəri Arayik Arutyunyan beynəxalq axtarışa verilərək həbs edilə bilərmi?

Bununla bağlı KONKRET.az-a açıqlama verən deputat Elman Nəsirov bildirib ki, noyabrın 10-da imzalanmış bəyanatla hərbi əməliyyatlar dayanıb. Hazırda münaqişənin siyasi müstəvidə həlli istiqamətdə işlər getməkdədir. Belə ki, Laçının geri qaytarılması prosesi həyata keçirilməkdədir. Dekabrın 1-də Laçın da işğaldan azad ediləcək. Bu prosesin özündə belə Ermənistanın barbarlığı, vəhşiliyi və ekoloji terror siyasəti özünü göstərməkdədir. Belə olan halda heç şübhəsiz ki, əsas məsələlərdən biri bu cinayətləri törədən hərbi, siyasi rəhbərliyə qarşı hüquqi məsuliyyət məsələləri gündəmə gəlir. Xüsusilə torpaqlarımızın işğal altında olduğu 30 il ərzində dini, mədəni və tarixi irsimizə qarşı ermənilər böyük zərbələr endirib, çox maddi ziyan vurub. Bu baxımdan şübhəsiz ki, burada iki istiqamətdə iş getməlidir. Həmin istiqamətlər üzrə artıq işlər başlayıb. İlk növbədə görülən işlər hərbi canilərin cəzalandırılması ilə bağlıdır. Onlar soydaşlarımıza qarşı cinayətlər törətsə də, layiq olduqları cəzanı almayıblar. Təbii ki, ilk növbədə onlar Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarksiyandır. Onlar Xocalı soyqırımında və digər hərbi cinayətlərdə təşkilatçı kimi iştirak ediblər. Birbaşa onlar məsuliyyət daşıyırlar. Elə indiki qondarma rejimin rəhbəri Arayik Arutyunyan da”.

Deputat vurğulayıb ki, eyni zamanda bu gün əsas məsələlərdən biri bizə vurulan zərərin təzminatının ödənilməsidir: “Bununla bağlı beynəlxalq ekspertlərin də cəlb edilməsi gözlənilir. Onlar öz gözləri ilə görsünlər ki, işğal altında olan torpaqlarımızda ermənilər bir daşı daş üstə qoymayıb.Hər şeyi vəhşicəsinə dağıdıblar. Hətta indinin özündə ərazilərimizi tərk edən zaman da müxtəlif barbarlığa əl atırlar, yaşayış yerlərini, məktəblərini yandırırlar. Bunlar əlavə onlar meşələri yandırmaqla ekoloji terror törədirlər. Belə olan halda da təzminat məsələsi kifayət qədər aktualdır. 1990-cı ildə İraq Küveyti işğal edərkən vurulmuş ziyanın ödənilməsi məsələsi gündəmə gəldi. BMT-nin kompensasiyalar üzrə komissiyasına müraciət edərək Küveyt İraq ölkəsindən 352 milyard dollar həcmində təzminat tələb etdi. Daha sonra BMT-də aparılan müzakirələrdən sonra İraqın Küveytə 52 milyard dollar təzminat ödəməsi ilə bağlı qərar verilir. Bir neçə il öncəyə qədər 49 milyard dollar vəsaiti İraq Küveytə ödəyib. O zaman tələb belə idi ki, əgər İraqın bu vəsaiti ödəmək imkanı yoxdursa, imkan verilirdi ki, neftdən gələn gəlirin 30 faizi Küveytə getsin. Bəzən fikirlər səsləndirirlər ki, Ermənistan kasıb ölkə olduğu üçün təzminatı ödəməkdə müəyyən çətinliklər ortaya çıxa bilər.

Düşünürəm ki, bu, belə deyil. Təzminatı Ermənistanın gəlirlərindən də ödəmək olar. Bir çox hallarda bunu natura formasında da həyata keçirirlər. İkinci dünya müharibəsində faşizm üzərində qələbə qazandıqdan sonra bir çox hallarda Almaniyanın təzminatı nəğd şəkildə ödəməyə imkanı olmadıqda zavodların, dəmir yollarının və digər sahələrdən əldə etdiyi gəliri təzminat kimi ödəyib. Ona görə Ermənistandan beynəlxalq ekspertlərin iştirakı ilə dəqiq dəymiş ziyanın həcmi bəlli olduqdan sonra Ermənistanın həmin təzminatı ödəmək imkanı var. Təzminatın ödənilməsində beynəlxalq təcrübədə öz təsdiqini tapmış və sınanılmış formaları var”.

Nərgiz Mirzəyeva,

Mənbə: konkret.az