Ermənilər əsgər övladlarının əsir düşəcəyi qorxusu ilə Yerevanda aksiya keçirirlər

Ermənilər əsgər övladlarının əsir düşəcəyi qorxusu ilə Yerevanda aksiya keçirirlər

Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan əsgər valideynləri ilə görüş zamanı bildirib ki, onların övladlarını Ermənistana köçürmək mümkün deyil, yalnız hərbi qulluqçuları müvəqqəti olaraq əvəz etmək olar.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə görüşdə iştirak etmiş əsgərlərin valideynlərindən biri bildirib.

"Mümkün deyil ki, ordu oradan gəlsin, onları digər əsgərlərlə əvəz edib, 10 günlük məzuniyyət verə bilərlər. Beləliklə, bizim tələbimiz yerinə yetirilmədi. Soruşduq ki, heç olmasa övladlarımızın əsir götürülməyəcəyinə zəmanət verirlərmi? Dedilər bəli, onlar təhlükəsizliyə əmindirlər", - o bildirib.

Əsgər valideynləri hətta övladlarını Ermənistana öz gücləri ilə qaytarmağı təklif ediblər, amma nazir buna etiraz edib.

"Biz bildirdik ki, övladlarımızı gətirmək üçün hətta 9-10 il həbs edilməyə hazırıq, o dedi: "bu, sizin üçün daha pisdir", - aksiya iştirakçısı əlavə edib.

Aksiya iştirakçılarından bir neçəsi bu gün yenə nazirlə görüşəcək.

Xatırladaq ki, onlar iki gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər. Baş nazir valideynlərin tələblərinə kifayət qədər sərt reaksiya verib.

Mənbə: azpolitika.info