"Biz Birinci Qarabağ Savaşının gerçəkləri haqda bədii filmlər çəkə bilmədik, amma..."

"Biz Birinci Qarabağ Savaşının gerçəkləri haqda bədii filmlər çəkə bilmədik, amma..."

Moderator.az ssenarist, aktyor Rza Rzayevlə müsahibəni təqdim edir:

- Rza bəy, Vətən Müharibəsində əldə etdiyimiz qələbəmizlə bağlı sizin təəssüratlarınız necədir?

- Öncə onu deyim ki, uzun illərdir, yəni 30 ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi. 1993-cü ildən sonra müəyyənləşmiş siyasi kurs, gələcəkdəki qələbəyə hesablanmışdı. Bu günki qələbə üçün ötən illərdə təminedici vasitələr ən üst səviyyədə həyata keçirildi. Uğursuzluğumuza səbəb olan problemlərin həlli səbr, əzm, iradə və vaxt tələb edirdi. İqtisadi problemlərin həlli, ordu quruculuğu, müasir silahların alınması, əsgər və zabitlərimizin ən üst səviyyədə hazırlığı, düşmənə dəstək verən dövlətlərin siyasi yolla zərərsizləşdirilməsi və sair. Və ən əsası məqsədin, uğura aparan addımların həyata keçirilməsində doğru zamanın seçilməsi qələbəmizi təmin etdi.

- Torpaqlarımızı işğaldan azad etməklə yanaşı, bu qələbə bizdə toplum olaraq başqa hansı dəyişikliyə səbəb oldu?

- Müharibə ağır prosesdir, cəmiyyətlərin, millətlərin gizli qalmış potensialını açır. Millətlərin, dövlətlərin açıq üzünü göstərir. Kimisi açıq döyüşdə məğlub olur, kimisi qələbə çalır. Artıq kimsəni kiminsə aldatmaq imkanı olmur. Hər şey göz önündə baş verir. Biz bu müharibə ilə düşmən tərəfindən çəkilmiş yalançı şəkilimizi cırıb atdıq, dünyaya əsl simamızın, kimliyimizin gerçək rəsmini göstərdik. İlk öncə dəyişən bu oldu. Həm də cəmiyyətimiz özü-özünü bərpa etdi, mənəvi, psixoloji olaraq yenidən özünə qayıtdı. Bu bərpa cəmiyyətimizin bütün sahələrində özünü göstərəcək. Düşmən bizi dünyaya olduğumuz kimi yox, istədiyi kimi təqdim edirdi. Əslində bizim fərdlərimiz, şəxslərimiz Birinci Qarabağ Savaşında görünməyən qəhrəmanlıqlar etmişdilər. Dövrünə görə müasir silahlar ilə təchiz olunmuş düşmənin və düşmənə dəstək verən dövlətlərin ordularının qarşısına silahsız, əliyalın, amma ürəklə çıxmışdılar. Həmin dövrdə dövlətimizin başında duran yalançı, iqtidarsız, qeyri-ciddi şəxslərin olması, həmin adamların millətimizlə heç bir bağlılığının olmaması, Rusiya tərəfindən təyin olunmaları bizi düşmən qabağında məğlub etdi və düşmən də illərdir bu məğlubiyyətdən istifadə edib öz qələbəsini qorumaq üçün bizdən yalançı kimlik düzəltmişdi. Bununla onlar həm dünya ictimaiyyətini, həm də özlərini aldadırdılar. Nəticə isə göz qabağındadır, kimliyimizi ifadə edən fərdlərimiz (ordumuz) düşmənə elə dərs verdi ki, dünyanın hər yerindən qışqırıq, yalvarış səsi gəlməyə başladı. Və dünya bizim döyüş meydanında etdiklərimizi görüb heyrətləndi, anlatılan ilə görünən üst-üstə düşmədi. Odumuzun döyüş meydanında etdikləri dünya hərb tarixinə düşdü. Dünyaya göstərdik ki, bu silah tək bizdə var, heç bir müasir silahla qarşısı alınmayan, məğlub edilməsi mümkün olmayan Azərbaycan Ordusu, Azərbaycan Ordusunun ruhu...

- Erməni vandallığını dünya ictimaiyyətinə təqdim etmək üçün işğaldan azad edilmiş ərazilərimizdə film çəkilişləri nə qədər vacibdir?

- İtaliyada ordtaya çıxmış yeni gerçəklik adlanan sinema cərəyanı var. Onlar İkinci Dünya Müharibəsindən sonra döyüş gedən məkanlarda filmlər çəkməyə başladılar və bu filmlər dünya seyircisini və sənət insanları tərəfindən yenilik kimi qarşılandı, şöhrət qazandı. Məslən, Roberto Rossellini, Lushino Viskonti, Vittorio De Sica və başqa italiya rejissorları bunu həyata keçirdilər. Bizdə isə studiya çəkilişləri kifayət qədər maliyyə vəsaiti tələb etdiyi üçün, yəni buna dövlətin ayırdığı vəsait olmadı və bu günə qədər film çəkilişləri uyğun məkanlarda çəkilib. Amma bu gün Qarabağ mövzusunda çəkiləcək bədii filmlər üçün gerçək məkanlar var, yəni işğaldan azad olunmuş ərazilərimiz. Buna uyğun ssenarilər yazılmalı və filmlərimiz bu gerçək məkanlarda çəkilməlidir. Belə olan halda dünya seyrcisi üçün bu filmlər diqqəti cəlb edəcək və biz də sənətlə bərabər, erməni vəhşiliyini gerçək dünya seyrcisinə təqdim etmiş olacağıq. Biz Birinci Qarabağ Savaşının gerçəkləri haqda bədii filmlər çəkə bilmədik. Məsələn, çadır şəhərciklərində bu şansı qaçırdıq, indi elə məkanlar qurmaq üçün milyonlar lazımdır. Bu səhvi ikinci dəfə təkrarlamaq cinayətə bərabərdir. Məsul şəxslər bu məsələyə diqqət etməlidir.

 

Vasif Əlihüseyn

Mənbə: moderator.az