"Bu gün Ermənistan da bizim Xasavyurdumuz, Paşinyan isə Yeltsinimizdir..."

"Bu gün Ermənistan da bizim Xasavyurdumuz, Paşinyan isə Yeltsinimizdir..."

“Paşinyan Qarabağı təslim etmək üçün hakimiyyətə gətirildi. İqtisadiyyatı inkişaf etdirmək, maaşları artırmaq və həyat şəraitini yaxşılaşdırmaq üçün yox, məhz bu məsələni həll etmək üçün Baş nazir olmasına icazə verildi və bütün bu proseslər Ermənistanın yox, Azərbaycanın lehinə aparıldı”.

Erməni politoloq Arman Bosyan Rusiyanın “Pravda” nəşrinə verdiyi müsahibəsində bu iddia ilə çıxış edib.

Onun fikrincə, Ermənistanda hazırda daxili siyasi böhran, hakimiyyətsizlik hökm sürür: “Dövlət institutları fəaliyyətsizdir. Demək olar ki, hökumətin bütün fəaliyyəti dondurulub, nazirlərin bir hissəsi istefa verib, müxalifət aramsız mitinq keçirir. Ancaq Paşinyan nəinki istefa vermir, əksinə onu istefaya çağıranlara hədə-qorxu gəlir, əhalini az qala vətəndaş müharibəsinə çağırır. Qəribədir ki, Ermənistan hüquq-mühafizə sistemi buna laqeyd qalır. Əvəzində iqtidarla razılaşmayan müxalifətçilərin həbsxanaya doldurur”.

Nəticələrinin təkcə müxalifət və ya iqtidar üçün yox, erməni dövlətçiliyi üçün də fəlakət vəd edən bu prosesin daha yarım il də davam edəcəyini proqnozlaşdıran politoloq bunu Paşinyanın öhdəsinə götürdüyü missiyanı tam başa çatdırmaması ilə əlaqələndirib: “O, müstəqil fiqur deyil. Güman ki, o, dünyanın müxtəlif güc mərkəzlərinin maraqlarını təmsil edir. Bu, onun müharibəyə həvəsli olmasından da bəlli olurdü. Görünür, Paşinyanın hələ yerinə yetirilməmiş vəzifələri qalır və o, istənilən yolla bunları həll etməyə hazırlaşır”.

İndiki mərhələdə müxaliflərin də Paşinyanı devirmək istəmədiklərini vurğulayan Arman Bosyan bildirib ki, indi heç kim onun yerini tutmağı arzulamır və Ermənistan bu güzəşətlərə getməyə məhkumdur: “Ermənistan ərazi güzəştlərini nəzərdə tutan müqavilə imzalamalıdır və heç kim Paşinyanın yerinə olmaq istəmir”.

Paşinyanın böyük xalq sevgisiylə hakimiyyətə gətirildiyini də təsadüfi saymayan politoloq bütün xalqların xüsusi texnologiyaların köməyi ilə idarə olunduğunu düşünür. Dünyadakı bütün demokratik qurumları sadəcə böyük bir sirk adlandıran A. Bosyan erməni xalqının da Paşinyan üzərində yaradılan “vətənpərvər lider” obrazı ilə hipnoz edildiyinə inanır:

“Bütün xalqlar manipulyasiya yoluyla hipnoz edilə bilər. Rusiya da bir vaxtlar Yeltsini seçdi, sonra da ölkə sözün əsl mənasında son sıraya gətirildi. Bu gün Ermənistan da bizim Xasavyurdumuz, Paşinyan isə Yeltsinimizdir. O da ölkəni Yeltsin kimi dağıtmaq üçün görəvləndirilib”. (ovqat.com)

Mənbə: moderator.az