Azərbaycanın Təbrizdəki konsulluğu önündə tutulan fəalların məhkəmə günü təyin edilib

Azərbaycanın Təbrizdəki konsulluğu önündə tutulan fəalların məhkəmə günü təyin edilib

Bir neçə ay əvvəl Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə keçirilən mitinqdə saxlanılan fəallar Yasəmin Zəfəri və Həkimə Əhmədi yenidən Təbriz Cəza Məhkəməsinə çağırılıblar.

Zəfəri və Əhmədi daxil olmaqla 10-dan artıq fəal keçən iyul ayında Təbrizdə keçirilən Azərbaycan Respublikasına dəstək mitinqdə saxlanılmışdı. Saxlanılan fəallar təqribən iki həftə sonra mülki zəmanət qarşılığında sərbəst buraxıldılar.

Təbriz Cəza Məhkəməsinin 112-ci şöbəsi tərəfindən fəallara ayrı çağırış vərəqələri göndərilib. Amerikanın Səsinin surətini əldə etdiyi çağırış vərəqələində yazılanlara görə, hər iki fəaldan gələn yanvar ayının 9-da məhkəməyə müraciət etmələri istənilib.

Azərbaycan konsulluğu önündə tutulan fəallar daha əvvəl də məhəkməyə çağırılmışdı amma məhkəmə tarixi pandemiya ilə bağlı tətbiq edilən yeni məhdudiyyətlər səbəbilə təxirə salınmışdı.

Yasəmin Zəfəri və Həkimə Əhmədi, habelə 11 digər türk fəala qarşı irəli sürülən ittihamlar keçən oktyabr ayının 24-də Təbriz Ümumi və İnqilab prokurorluğunun 16-cı şöbəsində onlara oxunmuşdu. Fəallar “ümumi intizam və asayişi pozmaq” ittihamı ilə mühakimə ediləcək.

Təbriz Ümumi və İnqilab prokurorluğu həmin gün fəalların mülki zəmanət məbləğini 100 milyon tüməndən 200 milyon tümənə yüksəldib.

Keçən iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca türk fəallar İran Azərbaycanının bəzi şəhərləri və Tehranda Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etmişdilər. Həmin günlərdə bəzi fəallar mitinqlərə qatılmağa çalışdıqları zaman, bəziləri isə təhlükəsizlik qurumuna çağırıldıqdan sonra nəzarət altına alındılar.

Mənbə: www.amerikaninsesi.org