O vaxt biz Kəlbəcəri tərk edirdik, bu gün isə övladlarımız... - Pənah Hüseyn

O vaxt biz Kəlbəcəri tərk edirdik, bu gün isə övladlarımız...  - Pənah Hüseyn

 

1993-cü ildə Kəlbəcər işğal olunurdu və mən özüm həmin vaxt orda idim. O vaxt biz Kəlbəcəri tərk edirdik, amma bu gün bizim övladlarımız azad olunmuş ərazilərə, o cümlədən Kəlbəcərə doğru hərəkət edirlər. Bu, simvolik bir məqamdır.

Bunu Teleqraf.com-a açıqlamasında sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn bildirib.

O, bir ata kimi keçirdiyi hisslərdən də bəhs edib: “Mən hesab edirəm ki, Vətən Müharibəsində iştirak etmək bir görəvdir. Açığı, mən buna başqa şərh, izah verməyi də düzgün hesab etmirəm. Xeyli yaxınlarımız, qohumlarımız ordudadır. Ümumiyyətlə, on minlərlə əsgər və zabitin hamısı bizim övladımızdır. Onlar bu gün Vətən torpağının azad olunmasında iştirak edirlər. Hamısına eşq olsun”.

Pənah Hüseyn oğlu Vaqifin bundan öncə 1,5 il zabit kimi həqiqi hərbi xidmətdə olduğunu vurğulayıb: “İndi də zabit kimi, baş leytenant rütbəsində xidmətini davam etdirir”.

Qeyd edək ki, Pənah Hüseyn noyabrın 29-da sosial şəbəkədəki profilində bu məzmunda post paylaşıb:

“2 aprel 1993-cü ildə Kəlbəcərdən Gəncəyə geri gəldim. Bu gün oğlumun əsgərləri ilə Murovu aşıb Kəlbəcərdə olması xəbərini aldım. Allaha şukürlər olsun!”

Mənbə: teleqraf.com