Ermənistanda böhran dərinləşir: Bu düşmən ölkə tədricən “əriyib”, yox ola bilər

Ermənistanda böhran dərinləşir: Bu düşmən ölkə tədricən “əriyib”, yox ola bilər

Paşinyan hakimiyyətini nə daxildə, nə də xaricdə heç kim ciddiyə almır...

Mövcud hakimiyyəti əvəzləyə biləcək alternativ siyasi qüvvə isə hələlik nəzərə çarpmır...

Ona görə də, Ermənistan üçün “tunelin sonu hələlik işıq deyil, zülmət qaranlıq” vəd edir...

Hazırda Ermənistan qarışmış durumdadır. Bu düşmən ölkədə siyasi-ictimai xaos yaşanmaqdadır. Və Ermənistanın gələcək taleyi hazırda sözün əsl mənasında, qeyri-müəyyənlik dövrü ilə üz-üzə qalıb.

Ermənistanda dövlət varmı? Bu suala formal olaraq, təsdiqləyici cavab vermək mümkündür. Ancaq praktik olaraq, reallıqda Ermənistan dövlətinin mövcudluğu bir qədər şübhələr doğurur.

Ona görə də, hazırda Ermənistanda ən çox müzakirə və mübahisə mövzusu məhz dövlətin mövcudluğu məsələsidir. Ermənilər öz dövlətlərinin bu xaosdan xilas olub, yenidən ayağa qalxa biləcəklərinə o qədər də əmin deyillər. Əslində, bu tərəddüdlərində qətiyyən haqsız da deyillər.

Birincisi, dövlətin əsas atributlarından olan ordu darmadağın edilmiş vəziyyətdədir. İndi ermənilər yenidən ordu qurmalıdırlar, bunun üçün onmilyardlarla dollar vəsait xərcləməlidirlər. Və Ermənistanın indiki sosial-iqtisadi vəziyyətində belə iri məbləğdə maliyyə vəsaitinin tapılması da bir ayrı problemdir.

Dövlət strukturları demək olar ki, dağılmış kimi görünür. Çünki inzibati idarəçilik sistemində əlaqələrin qırıldığı müşahidə edilir. Cəmisi bir neçə ay əvvəl ölkəni idarə edən siyasi komandadan əsər-əlamət qalmayıb. Hər halda, baş nazir Nikol Paşinyan istisna olmaqla, siyasi komandanın az qala bütün üzvləri istefa vermək məcburiyyətində qalıblar.

Kadr potensialı isə qənaətbəxş keyfiyyətdə deyil. Köhnələri əvəzləyən yenilər heç nə ilə fərqlənmirlər. Onların ölkəni bu dərin böhrandan çıxara biləcəkləri yumşaq desək, sadəcə, şübhə doğurur.

Üstəlik, Ermənistan hazırda həm də ciddi şəkildə siyasi lider böhranı yaşayır. Bu düşmən ölkədə siyasi lider qıtlığı mövcuddur. Halbuki, Ermənistanın düşdüyü böhranlı situasiyalardan ağıllı, bacarıqlı və vaxtında qətiyyətli qərarlar qəbul etmək qabiliyyəti olan siyasi liderlərsiz çıxmaq demək olar ki, qeyri-mümkündür.

Məsələ ondadır ki, hələ də baş nazir kreslosundan bərk-bərk yapışıb, istefa verməkdən imtina edən Nikol Paşinyan Ermənistan üçün xilaskar lider olmaq şansını artıq tamamilə itirib. Hər halda, Ermənistan əhalisinin mütləq əksəriyyəti N.Paşinyanı xilaskar lider deyil, sadəcə, xəyanətkar “siyasi kukla” hesab edir.

Hazırda N.Paşinyanın Ermənistanda hər hansı nüfuzu və avtoriteti qalmayıb. Onu hər imkanda təhqir edirlər. Hətta bir erməni generalı “N.Paşinyanın psixi problemləri var” deməkdən belə, çəkinmir. Və bu, onun öz ölkəsində siyasi nüfuzunu tamamilə itirməsi anlamına gəlir.

Deməli, N.Paşinyan hələlik müqavimət göstərsə də, əvvəl-axır kreslosunu buraxmalı olacaq. Sadəcə, onu hələlik xilas edən yeganə faktor alternativ siyasi liderlərin də mövcud olmamasıdır.

Əlbəttə ki, belə vəziyyətdə ermənilərin yardımına keçmiş prezidentlər – Levon Ter-Petrostan, Robert Köçəryan və Serj Sarkisyan gələ bilərdilər. Böyük ehtimalla onlar belə bir şansı böyük səbrsizliklə gözləyirlər. Və yeridən hakimiyyətə sahiblənə biləcəklərinə ümid bəsləyirlər.

Ancaq onların hər birisinin özəl siyasi-ictimai problemləri var. L.Ter-Petrosyan əslində, Ermənistan üçün yaddır. Çünki o, Suriyadan gəlib, hakimiyyəti ələ keçirtmiş ermənidir. Və onun Ermənistanın yerli əhalisi arasında hazırda sosial bazası hakimiyyətin ələ keçirilməsi üçün yetərli hesab olunmur.

Digər tərəfdən, L.Ter-Petrosyan adətən, Ermənistanda hakimiyyətin əsas təyinatçısı olan Rusiyanın məqbul gördüyü siyasi fiqur deyil. Onun müharibənin kritik dönəmində Robert Köçəryanla Moskvaya məsləhətləşmələrə getmək cəhdinin islasa uğraması da bunu təsdiqləyir. Böyük ehtimalla Kremldə bu iki erməni siyasətçi ilə hər hansı məsləhətləşməyə həvəs göstərmədilər. Və səfərin ləğv edilməsi üçün səhnəarxasından R.Köçəryana “koronavirusa yoluxmaq təlimatı” verdilər.

R.Köçəryan Kremlin sadiq “qullar”ından biri olsa da, Ermənistanda bu siyasətçi də demək olar ki, artıq qıcıqla qarşılanmaqdadır. Çünki onun hakimiyyət dönəmi Ermənistanda “korrupsiyanın çiçıklənmə” dövrü hesab olunur. Üstəlik, R.Köçəryanın Qarabağ klanının əsas liderlərindən olması da onun hakimiyyət yolunu bağlayan faktor sayıla bilər. Hər halda, son məlumatlara görə, hazırda Ermənistanın siyasi-ictimai məkanında yerli ermənilərlə Qarabağ erməniləri arasında qarşıdurmanın daha kəskinləşdiyi bildirilir.

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Qarabağda cinayətlər törətmiş Köçəryan-Sarkisyan cütlüyünü də məğlub etdik” deməsi, Ermənistanın daxili siyasi proseslərinə təsirsiz ötüşməyib. Çünki bu, həm də Ermənistanın diz çökdürülməsinə yol açan situasiyanın Köçəryan-Sarkisyan cütlüyünü hakimiyyət dönəmlərində yarandığı anlamına gəlir. Yəni, Ermənistanda hesab edirlər ki, dövlətin zəiflədilərək, aciz vəziyyətə düşməsində bu iki şəxsin xüsusi rolu var.

Təbii ki, bütün bunlar baş nazir N.Paşinyana öz hakimiyyətini mümkün qədər uzatmaq şansı verir. Ancaq bu şans ona formal hakimiyyətdən uzağa gedə bilməyəcək bir siyasi üstünlüklər qazandırır.

Məsələ ondadır ki, N.Paşinyan həm ölkə daxilində, həm də ölkə xaricində öz nüfuzunu tamamilə itirib. Bunu Qarabağdakı separatçı-terrorçuların rəhbərinin keçmiş müşaviri Tiqran Abramyan tam dəqiqliyi ilə ifadə edib: “İndi Nikol özünü İ.Əliyevlə bir masa arxasında əyləşib, danışıqlar aparan şəxs kimi təsəvvür edir? O, başa düşmür ki, onu heç kim ciddiyə almır və artıq nə ölkədə, nə də xaricdə faktor deyil? Elə bir gün yoxdur ki, İ.Əliyev Nikolu aşağılamasın”.

Göründüyü kimi, Ermənistanın mövcud durumu tam dəqiqliyi ilə təsvir edilib. Ermənistanın baş naziri var, amma heç kim ona əhəmiyyət vermir. Yəni, olmasıyla, olmaması arasında elə bir ciddi fərq mövcud deyil.

Təbii ki, bu, Ermənistanda hakimiyyət böhranının mövcudluğundan xəbər verir. Mövcud hakimiyyəti heç kim ciddiyə almır. Mövcud hakimiyyəti əvəzləyə biləcək alternativ siyasi qüvvə isə hələlik nəzərə çarpmır. Hətta elə bir siyasi qüvvə tapılsa belə, bu, Ermənistan üçün “tunelin sonundakı işıq” rolunu oynaya bilməz.

Məsələ ondadır ki, N.Paşinyanı devirib, hakimiyyətə sahiblənəcək siyasi qüvvə həm də Ermənistanın bitib-tükənməz problemləri ilə üz-üzə qalmış olacaq. Belə böhranlı situasiyadasa, həmin problemlərin həlli qətiyyən real görünmür.

Bu baxımdan, alternativ siyasi qüvvənin həmin problemlərin altında əzilməsi və daxili narazılıqları öz üzərinə çəkməsi qaçılmaz xarakter daşıyır. Hansısa siyasi qüvvəninsə, buna həvəs göstərəcəyi isə hələlik bir qədər şübhəli görünür. Və bu, Ermənistanın tədricən “əriyib”, yox olmasına da yol aça bilər.

Mənbə: cia.az