Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən 100 il ötür

Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən 100 il ötür

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi bununla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

“Zəngəzurun Ermənistana verilməsi Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının 1920-ci il noyabrın 30-da keçirilən birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur və Naxçıvan Sovet Ermənistanının tərkibinə keçir.

1920-ci il dekabrın 1-də Nəriman Nərimanov birgə iclasın qərarı barədə bəyanat verdi. Nərimanov həmin bəyanatda yalnız Zəngəzurdan bəhs edirdi. Zəngəzurun inzibati bölgüsü ilə bağlı Azərbaycan rəhbərliyində və qəzada ciddi narazılıqlar özünü göstərdi. Məhz buna görə Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın bədnam qonşumuzun idarəçiliyinə keçməsi dərhal baş vermədi. Büro 1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili” barədə növbəti qərar çıxardı. Qərarda Zəngəzur bölgəsi 2 yerə: Qərbi - Zəngəzur qəzası və Şərqi - Kürdüstan qəzasına bölündü. Naxçıvana gəldikdə, həmin dövrdə bu bölgə Türkiyə qüvvələrinin nəzarətində idi və burada sovet hakimiyyəti faktiki mövcud deyildi. Məhz Türkiyənin qəti mövqeyi, eləcə də Nərimanovun Naxçıvanla bağlı öz prinsipial mövqeyini Leninə bildirməsi, ardınca 1921-ci ilin oktyabrın 13-də imzalanan Qars müqaviləsində Naxçıvanın Azərbaycanın ərazisi kimi təsdiqlənməsi ilə rus-erməni planı boşa çıxdı.

1933-cü ildə 7892 kv.km ərazisi olan Zəngəzurun Ermənistan SSR-ə verilən 4505 kv.kim-lik ərazisində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri, Azərbaycanda qalan hissəsində isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı.

Zəngəzur həmin tarixədək hər zaman Azərbaycan torpağı olub. Qarabağ xanlığının, çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının, 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra da Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğunun tərkibində ayrıca inzibati bölgə - qəza olub.

Zəngəzurun Ermənistana verilməsi əslində Lenin, Stalin, Orconikidze, Kirov, Çiçerin, Mikoyan və başqalarının təkidi, məkrli ermənipərəst mövqeyi ilə həll olunmuşdu. Bu məsələ barədə 1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarmış, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunmuşdu. Artıq hər şey Moskvada həll edilirdi.

28 illik işğaldan sonra Azərbaycan Ordusunun müzəffər yürüşü ilə Zəngəzurun Zəngilan, Qubadlı, Laçın bölgələrinin böyük bir hissəsi yağı düşmən tapdağından azad edildi. Zəngəzur mahalının bütünlüklə Azərbaycana qovuşması da nə vaxtsa tarixi gerçəkliyə çevriləcəkdir.”

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi

 

 

Mənbə: moderator.az