Rusiyada dövlət məmurlarının ikili vətəndaşlığı qadağan edilir

Vladimir Putin dövlət və bələdiyyə işçilərinin başqa bir ölkədə ikinci vətəndaşlıq və ya oturma izni almasını qadağan edən qanun layihəsini Dövlət Dumasına təqdim edib.

KONKRET.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, sənəd parlamentin aşağı palatasının məlumat bazasında yayımlanıb. Qanun layihəsində göstərilir ki, sənəd qüvvəyə mindikdən sonra altı ay ərzində xarici vətəndaşlığı olmadığını təsdiqləməyən məmurlar vəzifələrindən azad ediləcəklər.

Qadağa dövlət təhlükəsizliyi, gömrük işçiləri, hərbi qulluqçular, milli qvardiya qulluqçuları, Fövqəladə Hallar Nazirliyi, Federal Penitensiar Xidmətin əməkdaşları, müavinlər, qubernatorlar, Rusiya Bankının rəhbəri, Daxili İşlər Nazirliyinin və İstintaq Komitəsinin işçilərinə şamil olunacaq.

Federasiya Şurasının Konstitusiya qanunvericiliyi komitəsinin sədri Andrey Klişas “RİA Novosti”-yə bildirib ki, bu tədbir diplomatlar və onların həyat yoldaşlarına da şamil ediləcək.

Bundan əlavə, prezident Əmək Məcəlləsinə dəyişiklik təklif edib. Qanuna görə dövlət və yerli özünüidarə orqanlarında işləyən, dövlət sirrinə giriş hüququ olan və Rusiya vətəndaşlığından çıxan və yaxud xaricdə yaşamaq üçün icazə almış işçilər bu barədə yazılı olaraq işəgötürənə məlumat verməli olacaqlar. Bundan sonra onlarla əmək müqaviləsinə xitam verilir.

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Avropada kütləvi vaksinasiyaya hazırlıq

SONRAKI XƏBƏR

Türkiyədə küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq