Ermənistanda Qarabağ ermənilərinə nifrəti kimlər təşkil edir? - ƏTRAFLI

Ermənistanda Qarabağ ermənilərinə nifrəti kimlər təşkil edir? - ƏTRAFLI

Ermənistanda Qarabağdan gəlmiş ermənilərə qarşı nifrət püskürülür. Müxalifət hesab edir ki, bunlar Nikol Paşinyanın əməlləridir. Sadə adamların facebook səhifələrində də Qarabağdan gəlmiş ermənilərə antipatiya nümayiş etdirilir. Məsələn, Anait Ovsepyan başına gələnlər barədə bunları yazır:

“Bir ay əvvəl Qarabağdan gəlmiş bir qadın və qızını evimdə yerləşdirdim. Düşündüm ki, 2 nəfər erməniyə baxmaq mənə çətinlik yaratmaz. İki həftə keçdi, onun əri, 2 qadın və bir qoca kişi də gəldilər. Yenə heç nə demədim. Yenə düşündüm ki, burda qala-qala özlərinə başqa yer üçün axtarış edəcəklər. Mənə elə gəlirdi ki, onlar evimdən mehmanxana kimi istifadə edirlər. Heç nə demirdim, “tezliklə gedərlər” fikri ilə səbr nümayiş etdirdim. Günlər keçirdi, daha dözmədim. İşarə etdim ki, daha yer tapıb getməlidirlər. Birdən qadından qışqırtı çıxdı və məni təhqir etdi ki, özümü türklər kimi aparıram. Donuz iyi verən əri də ona qoşuldu, üstümə qışqırdılar. Ağızları köpüklənə-köpüklənə elə danışırdılar ki, guya onlara borcum varmış. Polis çağırdım. Polisləri də təhqir etdilər ki, onları müdafiə etmir. Bir saatdan sonra evdən qovduq. Həmin gündən etuibarən Qarabağ ermənilərini görməyə gözüm yoxdur. Hara cəhənnəm olurlar-olsunlar”.

Qeyd edək ki, bunu təkcə Anait Ovsepyan yazmır. Onlarla belə nifrət dolu statuslar yazılır, Qarabağdan gəlmiş ermənilərə söz atılır, mağazalarda qabağa keçməyə icazə verilmir, çiyin atılır. Ermənistan sakinləri sanki sözü bir yerə qoyurlar ki, Qarabağ ermənilərini evlərində yerləşdirməsinlər. Əks halda bunun acı nəticəsini görəcəklər.

İrəvanın Teatr meydanında aksiyaya çıxanlar hesab edir ki, Qarabağ ermənilərinə nifrəti Paşinyanın troll dəstələri həyata keçirir. Onlar bunu 2 amillə izah edirlər: 1. Hakimiyyət onları yerləşdirməkdə çətinlik çəkir. 2. Qarabağ ermənilərinə nifrət yağdırılır ki, İrəvandan uzaqlaşsınlar. Əks halda onlar da etirazçılara qoşularlar. Ziyalılardan bəziləri isə başqa şərhlə çıxış edirlər. Onlar 1990-cı illəri misal gətirirlər. Hesab edirlər ki, Paşinyan həmin illərdəki təcrübədən yararlanmaq istəyir. Məhz həmin illərdə Bakıdan köçən ermənilərin əksər hissəsi Rusiyaya, xüsusilə Krasnodar və Kuban vilayətlərinə getmişdilər.

Paşinyan hökumətini təkcə buna görə ittiham etmirlər. Belə ki son günlər aksiya iştirakçılarına, eləcə də müxalifət liderlərinə yalançı profillərdən təhqirlər yağdırılır. Müxalifət həmin profillərin araşdırmağa başlayıb. Artıq ilkin nəticələr var. Həmin nəticələrə əsasən bəzən bir nəfər 10-15 profil idarə edir. Və bütün bunlar Paşinyanın yeni oyunlarıdır. Baş nazir ona olan etimadsızlığı məhz bu yolla aradan qaldırmağa çalışır. İstər Koçaryan, istərsə də Levon Ter-Petrosyan hesab edir ki, hakimiyyət öz troll dəstəsini bir milyona da çatdırsa, bunun xeyri olmayacaq. Çünki etimadını itirən və xalqın gözündən düşən Paşinyan elə bir milyonluq ordunu ətrafına cəmləsə də nifrətdən yaxasını qurtara bilməyəcək. Müxalifət nümayəndələri əsasən ona hirslidir ki, bu istiqamətdə Qarabağdan gələn ermənilərin hədəfə alınması Paşinyanın vəziyyətini daha da gərginləşdirəcək.

Sosial şəbəkələrin erməni seqmentində hakimiyyəti, xüsusən də Ermənistan baş nazirinin fəaliyyətini tənqid edənlərin ünvanına mütəmadi olaraq qəzəbli və təhqir dolu şərhlər yazılmaqda davam edir. Sosial şəbəkələrdə hücuma məruz qalan Ombudsman da məsələdən narahatdır. Son günlər erməni cəmiyyətindəki açınacaqlı vəziyyəti sosial şəbəkələrdə yayılan nifrət nitqi daha da gücləndirir. Nifrət dolu tənqidlərə Dağlıq Qarabağdan müharibə nəticəsində Ermənistana üz tutan ermənilərin məruz qalması isə xüsusi təəssüf hissi ilə qarşılanır. Onlar narazılıqlarını bildirən kimi Ermənistanın baş naziri tərəfdarlarının tənqidi və təhqiri ilə üzləşirlər. Ksenofobların Qarabağdan qaçanları Ermənistandan qovmağa dair çağırışları çox güman ki, yerli və gəlmələr arasında yeni münaqişə ilə nəticələnəcək. Bütün bu qan tökülməsinə qədər faciəli nəticələrə səbəb ola biləcək əməl və çağırışlar iqtidarda olanların icazəsi ilə həyata keçirilir.

Ermənistan parlamentinin müxalif partiyasindan olan deputat Ani Samsonyan sosial şəbəkələrdə Qarabağdan olan ermənilərə qarşı nifrəti aşılayan videolara görə Milli Təhlükəsizlik Xidmətinə müraciət edib. Sosial şəbəkələrdə itkin düşən əsgərlərin valideynlərinə də hücum olunur. Müxalifətdə olan deputatlar isə bildirirlər ki, 3 ilə yaxındır hökumətin lehinə böyük bir təbliğat maşını işləyir və ölkə üçün əhəmiyyətli qərarlar əslində bu saxta sexin təbliğatı ilə verilir. Müharibədən sonrakı dövrdə İrəvandakı etiraz hərəkatının ardınca bir çox müxalifətçi trolların əsas hədəfi olub. Bu arada, 30 qadından ibarət bir qrup İrəvanda facebook və telegram kanalları vasitəsilə erməni müxalifətini və Qarabağdan olan erməniləri təhqir etməklə məşğul olan şəbəkəni aşkarlayıblar. Bütün bu aşkarlanmalar Ermənistanı yeni qaynar qazana döndərəcək.

Azər Məmmədov,

KONKRET.az

Mənbə: konkret.az