"Bəzi dövlətlər qərəzli mövqelərinə düzəliş etməyə başlayıb"-Deputat

"Bəzi dövlətlər qərəzli mövqelərinə düzəliş etməyə başlayıb"-Deputat

"44 günlük Vətən müharibəsi və şanlı qələbədən sonra, qərəzli mövqe nümayiş etdirən bəzi dövlətlər artıq Azərbaycana münasibətdə mövqelərində korrektələr etməyə başlayıb. Azərbaycan-Yunanıstan Parlamentlərarası işçi qrupunun rəhbəri olaraq qeyd edim ki, bu ərəfələr də Yunanıstanla əlaqələrimiz arzu etdiyimiz səviyyədə olmayıb.

Hətta cari ilin sentyabrın 2-də Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən ona Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızı ifadə etmiş, habelə Azərbaycanın Türkiyə siyasətinin dəyişməz olduğunu açıq şəkildə bildirmişdi".

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov təəssüflə qeyd edib ki, 44 günlük müharibə dövründə Yunanıstanın mövqeyində aşkar dəyişiklik olmadı, döyüş əməliyyatları davam etdiyi bir şəraitdə Yunanıstanın Xarici İşlər Naziri İrəvana səfər etdi:

"Yunanıstan Parlamentindən bəzi həmkarlarımız Ermənistana açıq dəstək verməkdən, bu istiqamətdə xoşagəlməz addımlardan çəkinmədilər. Lakin qələbəmiz, eləcə də informasiya müharibəsində böyük üstünlüyümüz Yunan cəmiyyətinə də təsirsiz ötüşmədi. Sevindirici haldır ki, böyük dövlətçilik ənənəsi və zəngin tarixi irsi olan yunanlar bölgənin yeni güc mərkəzi olan Azərbaycana xüsusi yanaşmanın vacibliyini artıq etiraf etməyə başlayıblar.

Yunanıstanda bu gün də davam edən kəskin anti-türk əhval ruhiyyəyə baxmayaraq, son vaxtlar bəzi dairələr, bu qəbildən ölkənin aparıcı media qurumlarından olan "Ta nea" qəzeti Yunanıstan hökumətinin Ermənistanla bağlı siyasətini kəskin tənqid etməyə başlayıb.

Məsələn, 11 noyabr tarixli məqalədə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanatı Yunanıstanın xarici siyasəti üçün məğlubiyyət kimi qiymərləndirilərək, həmin ərəfədə Xarici İşlər Naziri Nikos Dendiasın İrəvana səfəri kəskin tənqid edilir, bu səfəri Ermənistana “uğursuz dəstək” və “nəticəsiz təşəbbüs” hesab olunur.

Məqalədə açıq formada bildirilir ki, Azərbaycanla TAP kimi böyük bir layihənin reallaşdırılmasına baxmayaraq, Yunanıstanın Ermənistanın tərəfində olması, Liviya məsələsindən sonra rəsmi Afina üçün son yarım il ərzində ikinci böyük məğlubiyyətdir. Məqalədə həmçinin Ermənistan siyasəti üzrə hətta Baş Nazir və Xarici işlər nazirləri arasında fikir ayrılığı olması barədə ehtimallar irəli sürülür, Azərbaycan kimi parlayan bir regional gücə münasibətdə xarici siyasətdə şəxsi təşəbbüslərin yol verilməz olduğu bildirilir.

Azərbaycan Respublikasının Konstitusiyasında ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək ülvi niyyət kimi müəyyən olunmuşdur.

Azərbaycan dövləti həmişə hər kəsə, o cümlədən diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən Yunanıstana münasibətdə bu dəyərlərə sadiq qalmışdır, biz bütün dünya dövlətləri ilə olduğu kimi, rəsmi Afina əlaqələrimizin bundan sonrakı inkişafında maraqlıyıq. Lakin, indiki məqamda cənab İlham Əliyevin dediyi kimi "bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var"".

Vilayət Muxtar
Cebhe.info

 

Mənbə: cebhe.info