Bu universitetlər Şuşaya köçürülə bilər - AÇIQLAMA

Bu universitetlər Şuşaya köçürülə bilər - AÇIQLAMA

Bakının həddindən çox yüklənməsi ictimai nəqliyyatda müəyyən sıxlıaqların yaranmasına səbəb olur. Zaman-zaman bəzi dövlət orqanların, universitetlərin şəhərdən kənara köçürülməsi müzakirə olunmaqdadır. Bu gün isə bəzi dövlət və təhsil müəssisələrinin Şuşaya, Kəlbəcərə və digər işğaldan azad olunan rayonlarımıza köçürülməsi təklif olunur.

Bununla bağlı KONKRET.az-a açıqlama verən deputat Nəsib Məhəməliyev bildirib ki, Bakının həddindən artıq yüklənməsinin səbəbi təkcə universitetlərin burada yerləşməsi ilə bağlı məsələ deyil: “Başqa obyektiv səbəblər də var. Məsələn, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Ermənistandan qovulmuş soydaşlarımızın və Dağlıq Qarabağın işğalı nəticəsində məcburi köçkünlərimizin tam əksəriyyətinin Bakıda məskunlaşması urbanizasiya, müasir dünyanın problemlərindən biridir.

İqtisadi fəallığın əsasən mərkəzdə cəmlənməsi nəticəsində ölkənin bütün regionlarından iş dalınca gələnlər, buraya şəhərin müxtəlif ərazilərində müəyyən proporsiyaları gözləmədən aparılmış tikintiləri və nəqliyyatla bağlı problemləri də əlavə etmək olar”.

Deputat qeyd edib ki, bəzi dövlət qurumlarının, ali məktəblərin Şuşa şəhərinə köçürülməsi məsələsinə hökumət qərar verə bilər. “Bu məsələlər ətraflı öyrənilməli, mütəxəssislərin iştirakı ilə texniki-iqtisadi cəhətdən əsaslandırılmalıdır. İlk növbədə inkişaf perspektivləri, yerli şərait, tarixi ənənələr nəzərə alınmalıdır. Hesab edirəm ki, mədəniyyət, incəsənət, turizm, idmanla bağlı ali məktəblərin Şuşaya köçürülməsi məqsədəuyğundur. Regionda yerləşən Kəlbəcər, Daşkəsən, Zəngilan qızıl, mis, filiz və digər təbii yataqların işlənməsini nəzərə alsaq, profil üzrə fakültələrin də köçürülməsi effektiv olardı. Nəzəri biliklərlə bərabər, həmin müəssisələrdə praktik təcrübə yüksək səviyyəli mütəxəssislərin yetişməsini şərtləndirir. Ümumiyyətlə, Şuşa şəhəri gələcəkdə Azərbaycanın mədəniyyət paytaxtı səviyyəsinə qaldırılmalı və bütün dünyaya bədnam ermənilərlə fərqimizi göstərməliyik”.

Nərgiz Mirzəyeva

Mənbə: konkret.az