Vətən müharibəsi ilə bağlı orden-medalların statusu

Vətən müharibəsi ilə bağlı orden-medalların statusu

Fazil Mustafa: “Bu haqda cəmiyyətə daha aydın şəkildə açıqlamalar verilsə daha yaxşı olar”

Azərbaycanda Vətən müharibəsi ilə bağlı orden və medallar və fəxri ad təsis edildi. Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda aşağıdakı dəyişikliklər edilib:

1.1. 1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi - ”Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin: “Zəfər” ordeni; “Qarabağ” ordeni.

1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;" hissəsindən əvvəl “Vətən Müharibəsi Qəhrəmanı” medalı;" hissəsi və “İgidliyə görə” medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilsin: “Cəsur döyüşçü” medalı; “Döyüşdə fərqlənməyə görə” medalı; “Suqovuşanın azad olunmasına görə” medalı; “Cəbrayılın azad olunmasına görə” medalı; “Xocavəndin azad olunmasına görə” medalı; “Füzulinin azad olunmasına görə” medalı; “Zəngilanın azad olunmasına görə” medalı; “Qubadlının azad olunmasına görə” medalı; “Şuşanın azad olunmasına görə” medalı; “Kəlbəcərin azad olunmasına görə” medalı; “Ağdamın azad olunmasına görə” medalı; “Laçının azad olunmasına görə” medalı; “Vətən müharibəsi iştirakçısı” medalı; “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı;

“Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamədə isə qeyd olunub ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” medalının təsviri qanunla müəyyən olunur.

“Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:

- “Vətən Müharibəsi Qəhrəmanı” medalı;

- “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

“Vətən Müharibəsi Qəhrəmanı” eyni şəxsə bir dəfə verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

Beləliklə, yeni qanundan belə aydın olur ki, artıq Vətən müharibəsi ilə bağlı ən ali fərqlənmə dərəcəsi “Vətən Müharibəsi Qəhrəmanı” dərəcəsidir. Xatırladaq ki, 1992-ci ildən təsis edilən “Azərbaycanın Milli Qəhrəmanı” adı igidliyə görə ən yüksək ali dərəcə hesab olunur. Suallar var ki, yeni “Vətən Müharibəsi Qəhrəmanı” ordeni ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı arasında hansı fərq olacaq? İgidliyə görə ən ali mükafat yenə Milli Qəhrəman adı olacaqmı?

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, bu məsələ onun üçün də ziddiyyətli olaraq qalır:

“Qeyd edilən ordenlərin düzülüşü, ”Zəfər" və “Qarabağ” ordeninin əvvəl gəlməsi və s. bütün bunların hamısı mənim üçün də hələlik aydın deyil. Hətta bu haqda öz fikirlərimi Milli Məclisdə də bildirmişəm.

Belə anlaşılır ki, “Vətən Müharibəsi Qəhrəmanı” medalı ancaq bu Vətən müharibəsinə aid olan medaldır. Yəni 44 gün ərzində döyüşmüş şəxslərə aiddir və Milli Qəhrəman adı ilə bir səviyyədə tutulur. Lakin bu medalların ardıcıllığı haqda da məlumat verilmir. Məsələdən belə görünür ki, “Vətən Müharibəsi Qəhrəmanı” ordeni daha öndə gəlir. Hər halda, bu haqda cəmiyyətə daha aydın şəkildə açıqlamalar verilsə yaxşı olar.

Düşünürəm ki, Vətən müharibəsi anlayışına baxışımız bir az fərqli olmalıdır. Yəni hesab edirəm ki, təkcə 2020-ci ildə baş verən 44 günlük müharibə deyil, eləcə də aprel döyüşləri və 1990-94-cü illərdə baş verən Qarabağ müharibəsi də Vətən müharibəsinin tərkib hissəsidir. Yəni bu, bütövlükdə son 28-29 ili əhatə edir. Amma qələbə 2020-ci ildə qazanılıb. Bunun üçün də qələbə ilə bağlı “Zəfər”, “Qarabağ” ordeni var. “Zəfər” yuxarı zabit kateqoriyasına verilən ordendir, “Qarabağ” isə bütün sıravi döyüşçülər üçün nəzərədə tutulur. Burada məsələnin aydınlaşdırılmasına ehtiyac var. Şəxsən mənim üçün də sual olaraq qalır ki, paralellər necə aparılacaq, kimə Milli Qəhrəman, kimə “Vətən Müharibəsi Qəhrəmanı” adı veriləcək.

Ancaq görünür ki, “Vətən Müharibəsi Qəhrəmanı” 44 gün davam edən Vətən müharibəsi iştirakçılarına veriləcək, çünki medalın üzərində 2020 yazılır. Milli Qəhrəman adı isə bütün dövrlərə şamil olunur".

Mənbə: cia.az