Laçına qovuşduq - VİDEO

Laçına qovuşduq - VİDEO

28 ildən sonra Laçın azadlığa qovuşdu.

44 günlük müharibədə Azərbaycanın qələbəsi, Ermənistanın isə kapitulyasiyaya getməsi üçtərəfli sənədin imzalanmasına səbəb oldu. Beləliklə mühüm hərbi-strateji əhəmiyyətə malik olan Laçın işğaldan itkisiz azad olunan sonuncu rayon oldu.

Təbiət əsrarəngiz gözəlliyi, təbii sərvətləri, bol nemətləri burdan əsirgəməmişdir. 1923-cü ildən şəhər statusu alan Laçın dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonda 1 şəhər, 1 qəsəbə, 125 kənd var. İşğaldan əvvəl 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə evi vardı.

Dünyada ən nadir ağac sayılan dəmirağac meşələri, 300-400 il yaşında qırmızı palıd ağacları, çoxlu mineral suları, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları ilə məşhurdur Laçın.

Laçının keyfiyyətli su mənbələri vardı. Bunların 20-dən çoxu müalicə əhəmiyyətli bulaqlar idi. Mineral bulaqlardan müalicə məqsədi ilə istifadə edilirdi. Bu baxımdan yayda insanların istirahət və müalicə üçün Laçına gəlməsi təsadüfi hal deyildi.

Rayon ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlır abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr də mövcuddur. Abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarıdır. Bunların arasında Ağoğlan monastır kompleksi xristian memarlıq abidələri içərisində xüsusi yer tutur. V-VI əsrlərə aid alban Ağoğlan monastırı əvvəllər qəsr olmuşdur. Lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınmışdır. Beləliklə lk bünövrəsini olduğu kimi saxlayan monastr alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilmişdir. 1992-ci ildə Ermənistan buranı işğal etdikdən sonra məbədi də özününküləşdirməyə başladı. Təmir etmək adı altında divarlar üzərində bir neçə daş yazıları, xeyli alban dövrünə aid ornament və rəmzləri tamamilə sildi, formalarını dəyişdirdi. Məbədin guya xristianlığın Qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini monastrın divarlarının müxtəlif yerlərinə bərkitdilər.

1992-ci ilin mayın 18-də Ermənistanın işğalı nəticəsində əhalisi məcburi köçkün kimi respublikamızın 64 şəhər və rayonunda məskunlaşan Laçın o dövlərdə də yüzlərlə şəhid verdi.

Laçından söz düşərkən dillər əzbəri olan Laçın dəhlizindən danışmamaq mümkün deyil. Balacadan böyüyə hər kəs bu dəhlizin hərbi-strateji əhəmiyyətə malik olduğunu yaxşı anlayır. Laçın dəhlizi Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən coğrafi ərazidir. Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yoludur. Hələ Qarabağ müharibəsinin ilk illərindən işğalçı qonşumuz bu dəhlizi “Ermənistanın nəfəs borusu” adlandırırdı. 28 ildən sonra bütün mənalarda Ermənistanın nəfəs borusu qapandı. Müzəffər Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusu sayəsində işğala son qoyuldu, bütün çətinliklər geridə qaldı. 28 il gözü yolda qalan sakinlər Laçına, Laçın da doğma sakinlərinə qovuşdu.

1 dekabr, 2020 ci il. Laçın yenidən doğuldu.

Mənbə: www.realtv.az