Laçın azad edilməklə dövlət sərhədlərimizin tam bərpası təmin edildi - Deputat

Laçın azad edilməklə dövlət sərhədlərimizin tam bərpası təmin edildi - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün xalqımız daha bir möhtəşəm qələbə günü yaşayır. Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu 28 illik işğaldan azad olunur və bütün laçınlıların uzun illərdir çəkdiyi yurd-yuva həsrətinə son qoyulur. Bu böyük qələbəyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun rəşadəti sayəsində nail olundu.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Laçının işğaldan azad edilməsi Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən bir gün kimi yadda qalacaq: “Çünki Laçının azad olunması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin tam bərpası təmin edilmiş oldu, erməni işğalına son qoyuldu, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi rəşadət özünün yekun nəticəsini verdi. Bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm”.

A.Həsənova bildirib ki, Laçın Azərbaycan üçün strateji baxımdan əhəmiyyət kəsb edən bir rayondur: “Əlbəttə ki, Ermənistan heç zaman Laçını bizə qaytarmaq istəməzdi. 18 may 1992-ci ildə Laçını işğal etdikdən sonra ermənilər orada qeyri-qanuni məskunlaşma aparmşdılar, Laçında daim yaşayacaqları barədə xülyalar qurmuşdular. Lakin cənab Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan heç zaman torpaqlarının bir qarşını da işğal altında qoymayacaq, istər sülh, istərsə də müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edəcək.

Ermənilər isə xülyalarla yaşayırdılar, öz orduları haqqında “məğlubedilməz” mifi yaratmışdılar, münaqşənin həlli ilə bağlı danışıqlar prosesini ləngitmək, pozmaq üçün hər cür təxribata, çirkin əməllərə əl atırdılar. Onlar elə düşünürdülər ki, müharibə başlasa onların “məğlubediıməz” ordusu torpaqlarımızın işğalını davam etdirməyə imkan verəcək, lakin onlar Azərbaycanın ordusunun gücünü düzgün hesablaya bilmədilər, beynəlxalq vəziyyəti düzgün təhlil etməyi bacarmadılar.

Nəhayət 27 sentyabrdan başlayan müharibə cəmi 44 gün ərzində Ermənistanın acı məğlubiyyəti ilə nəticələndi. Əslində yüksək rütbəli erməni hərbçiləri etiraf edirlər ki, müharibənin elə ilk günlərindən uduzacaqlarını yəqin etmişdilər, Azərbaycan ordusu qarşısında tam gətirə bilməyəcəklərini yaxşı başa düşürdülər. Lakin ermənilər ümid edirdilər ki, Azərbaycana beynəlxalq səviyyədə təzyiq olunacaq, erməni havadarları onların köməyinə gələcək və Azərbaycanı dayandıracaqlar.

Ancaq ermənilərin bu ümidləri puça çıxdı, cənab Prezident İlham Əliyev bütün betnəlxalq təzyiqlərə sinə gələrək qəti mövqeyini və şərtlərini ortaya qoymuşdu. Eyni zamanda cənab Prezident ola biləcək beynəlxalq təzyiqləri zərərsizləşdirmək üçün müharibədən əvvəl siyasi müstəvidə, diplomatiya sahəsində kifayət qədər ciddi iş aparmışdı və müharibə dövründə də beynəlxalq qanunlara əsaslanaraq tutarlı arqumentlər ortaya qoymaqla təzyiqləri dəf etməyi bacardı.

Artıq hər yerdən əli üzülən, çarəsiz və aciz durumda qalan Ermənistan acı məğlubiyyəti qəbul etmək etmək və kapitulyasiya ilə razılaşmaq məcburiyyətində qaldı, cənab Prezident İlham Əliyevin şərtlərini qəbul etməyə vadar oldu, 10 noyabrda imzalanan bəyanata əsasən, işğalda qalan Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etmək öhdəliyi götürdü. Azərbaycanın ciddi nəzarəti ilə bu öhdəlik yerinə yetirildi və bu gün son olaraq Laçın rayonu Azərbaycanın nəzarətinə keçdi.

Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir. İstər ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, istər diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü böyük qələbəmizi təmin etdi”.

Mənbə: az.trend.az