Laçının azad edilməsi tarixi əhəmiyyətli hadisədir - RƏY

Laçının azad edilməsi tarixi əhəmiyyətli hadisədir - RƏY

“Laçının azad olunması müstəqil Azərbaycanın tarixində çox önəmli bir hadisədir”.

Bu sözləri Publika.az-a “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, artıq Dağlıq Qarabağın ətrafında ermənilərin 30 ilə yaxın müddət ərzində işğalda saxladıqları 7 rayonun azad olunması prosesi tamamilə başa çatdırılıb: “Bu ərazilərin müəyyən hissəsi hərbi yolla azad olunsa da, Ağdam, Kəlbəcər, bu gün isə Laçın heç bir qan tökülmədən, dinc şəkildə düşmən əsarətindən xilas olundu. Bu, işğal altında olan torpaqlarımızın azadlığı ilə bağlı illərdən bəri Azərbaycanın dünyaya təlqin etmək istədiyi platformanın qalib gəlməsi deməkdir. Çünki bir çoxları Qarabağ probleminin mütləq mənada hərbi yoll həllinin mümkünsüzlüyü üzərində israr edirdilər, yalnız siyasi rolu idealizə edirdilər. Ancaq Azərbaycanın dövlət başçısı hərbi-siyasi yolun alternativsiz olması fikri üzərində uzun müddət çıxış edirdi və Laçının azad olunması da sübut etdi ki, işğal olunmuş torpaqların azad ediməsinin alternativsiz yolu Azərbaycanın illərdən bəri iddia etdiyi kimi hərbi-siyasi yol imiş”.

A.Quliyev bildirib ki, Laçının nəzarət altına götürülməsi bütünlüklə Xankəndidə və Dağlıq Qarabağda gedən proseslərin üzərində nəzarətin ələ götürülməsi deməkdir: “Bundan sonra, Dağlıq Qarabağda ermənilər əvvəlki dövrlərdə olduğu kimi çox sərbəst hərəkət edə, əl-qol aça və Azərbaycan dövlətinin qanunlarına zidd olaraq burada müəyyən siyasi rejimlər yaratmaq imkanına malik olmayacaqlar. Bir sözlə, Laçının azad edilməsi Azərbaycan diplomatiyasının uğuru, qələbəsi və ərazi bütövlüyümüzün bərpa olunması yolunda tarixi əhəmiyyətli hadisədir”.

Mənbə: publika.az