Laçının Azərbaycana təhvil verilməsi ilə hansı mərhələ başlanır? - Şərh

Laçının Azərbaycana təhvil verilməsi ilə hansı mərhələ başlanır? - Şərh

İndiki mərhələdə sənədə uyğun olaraq Müşahidə Məntəqələri yaradılmalıdır. Artıq Türkiyə Silahlı Qüvvələri ilə Rusiya Silahlı Qüvvələri arasında birgə saziş də imzalanıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra milli və dini azlıqların bütün hüquqları bu vaxta qədər təmin edildiyi kimi, bundan sonra da təmin olunacaq.

Bu fikirləri Teleqraf.com-a millət vəkili Asim Mollazadə 10 noyabrda imzalanan üçtərəfli sazişin şərtlərinə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçının Azərbaycana təhvil verilməsindən sonra hansı addımların atılacağını şərh edərkən deyib.

Asim Mollazadə qeyd edib ki, Azərbaycan bu ölkədə yaşamaq istəyən ermənilərə dini və milli hüquqları verməkdə problem yoxdur: “Azərbaycan multikultral ölkədir. İndiyə qədər bizim ölkəmiz bu məsələdə dünyada nümunə kimi göstərilir. Prezident Əliyevdə öz çıxışında qeyd etdi ki, hazırda Azərbaycanda böyük araşdırma işləri aparılır. Azərbaycana vurulan ziyanla bağlı araşdırmalar beynəlxalq təşkilatların, mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək.

Mühüm amil ondan ibarətdir ki, erməni tərəfi mütləq sülhə və əməkdaşlığa hazır olmalıdır. Azərbaycan öz tərəfindən bu məsələlərə açıqdır və bu istiqamətdə bütün zəruri addımları atacaq”.

Asim Mollazadə əlavə edib ki, 10 noyabrda imzalanan üçtərəfli sazişdə önəmli məsələlərdən biri də Naxçıvanla Azərbaycan arasında birbaşa əlaqənin təmin edilməsi üçün nəqliyyat dəhlizinin yaradılmasıdır: “Bu, mühüm dəhlizdir. Həm Naxçıvanın 30 illik blokadasını aradan qaldırır, həm də Azərbaycan-Türkiyə əlaqələrinə geniş imkan yaradır.

Sazişdə əks olunan məsələlər reallıqda özünü ifadə etməlidir. Necəki indiyə qədər bu baş verib. Azərbaycan Ordusunun qələbəsi diplomatik sahədə davam etdirilir. Azərbaycan sülh istəyir və hamını da buna dəvət edir”.

Sonda partiya sədri deyib ki, Azərbaycanın və xalqımızın qarşısında nəhəng iş durur: “Biz Qarabağı cənnətə çevirməliyik. Böyük işlər görülməlidir. Mən əminəm ki, dövlətimiz və xalqımız bu işlərin öhdəsindən uğurla gələcək”.

 

Mənbə: teleqraf.com