Nikol Paşinyan müharibə zamanı xalqa həqiqətlərin deyildiyini iddia edir

Nikol Paşinyan müharibə zamanı xalqa həqiqətlərin deyildiyini iddia edir

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda gedən müharibə zamanı xalqa həqiqətlərin söylənildiyini deyib. O, “məgər, rəsmi qurumlar Hadrut, Martuni (Xocavənd), Şuşa və Karıntak (Daşaltı) yaxınlığında döyüşlərin getdiyini, Laçın-Stepanakert (Xankəndi) yolunun bağlandığını demədilər?” suallarını irəli sürüb. Paşinyan həmçinin cəbhə xəbərlərinin müharibə dövrünün qaydalarına uyğun açıqlandığını iddia edib.

Saxta.info Ermənistanın baş naziri Nikol Paşinyanın bu iddialarının doğruluğunu yoxlayıb.

2-ci Qarabağ müharibəsində Ermənistan tərəfdən cəbhə xəbərlərini əsasən Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bir müddət öncə Ermənistanın sabiq baş hərbi müfəttişi və bu ölkənin silahlı qüvvələrinin keçmiş baş qəraragah rəisi Movses Akopyan cəbhə ilə bağlı xəbərlərin əksəriyyətinin yalan olduğunu bildirib. Akopyan deyib ki, yalan məlumat yayaraq qarşı tərəfi çaşdırmaq müharibə vaxtı keçərli üsuldur, amma belə məlumatların həddi 30 faizi ötməməlidir. Ermənistanda isə müharibə vaxtı cəbhədən verilən xəbərlərin 100 faizi yalan olub.

Məsələn, 2-ci Qarabağ müharibəsinin ilk günlərində, daha dəqiq desək sentyabrın 28-də Azərbaycan tərəfi Talış kəndi ətrafındakı əlverişli yüksəkliklərin erməni silahlılarından təmziləndiyini açıqlayıb. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi 5 və 9 oktyabr tarixlərində Talış kəndindən videolar yayıb. Hətta 11 oktyabrda Euronews telekanalı kənddən hazırladığı videoreportajı təqdim edib. Ardınca Müdafiə Nazirliyi 11 oktyabrda bir qrup Kütləvi İnformasiya Vasitəsi nümayəndəsinin Talış kəndinə səfəri ilə bağlı video paylaşıb. Maraqlıdır ki, oktybarın 12-də Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsurun Ovannesyan brifinqdə Talış kəndinin Azərbaycan ordusunun nəzarətində olmadığını, Azərbaycan hərbçilərinin kəndin kənarında mövqe tutduğunu açıqlayıb.

Bundan başqa oktyabrın 3-də və 4-də Azərbaycan tərəfi Madagizin və Cəbrayıl şəhərinin azad edilməsi haqda məlumat verib. Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan Silahlı Qüvvələrinin taktiki cəhətdən əhəmiyyətli irəliləyiş əldə etmədiyini açıqlayıb, üstəlik Madagiz və Cəbrayıl şəhərinin azad edilməsi ilə bağlı xəbəri təkzib edib.

Oxşar durum Hadrut qəsəbəsi ətrafında da baş verib. Belə ki, oktyabrın 9-da Azərbaycan prezidenti Hadrut qəsəbəsinin azad edildiyini açıqlayıb. Elə həmin gün Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan məlumatı təkzib edib. Hətta feysbuk səhifəsində “mən hazırda Hadrutdaym, amma burda yalnız erməniləri görürəm” sözlərini yazıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan da Hadrutdan video yayıb və Azərbaycanın ordusunun Hadruta nəzarət etmədiyini bildirib. Nə qədər qəribə olsa da Ermənistan Müdafiə Nazirliyi Hadrutla bağlı Azərbaycan tərəfinin xəbərini oktyabrın 12-də və 13-də də təkzib edib. Halbuki Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 13-də Hadrut qəsəbəsinə bayraq sancılması ilə bağlı video yayıb.

Şuşa ətrafında gedən döyüşlər zamanı da Ermənistan tərəfi bir-birinə zidd olan xəbərlər yayıb. Düzdür, Paşinyanın dediyi kimi Ermənistan Müdafiə Nazirliyi Daşaltı kəndi və Şuşa yaxınlığında döyüşlər getdiyinə dair açıqlamalar yayıb. Amma adı çəkilən yaşayış məntqələrinin Azərbaycan ordusunün nəzarətinə keçdiyini etiraf etməyiblər. Əksinə zidd xəbərlər yayıblar. Məsələn, noyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində Şuşa şəhərinin azad olunduğunu bəyan edib. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan isə döyüşlərin davam etdiyini, “gözləyək və əsgərlərimizə iananaq” açıqlaması ilə çıxış edib.

Hətta o Ermənistan İctimai Televiziyanın efirində Şuşa şəhəri ilə bağlı vəziyyətin noyabrın 9-da aydın olacağını bəyan edib. Noyabrın 9-da yenidən Şuşada döyüşlərin getdiyini deyib. Hətta Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan noyabrın 9-da Şuşa yaxınlığında döyüşlərin davam etdiyinə dair açıqlama verib.

Nə qədər qəribə olsa da noyabrın 9-da Şuşada döyüşlərin davam etdiyini Ermənistanın baş naziri Nikol Paşinyan özü də təsdiqləyib. O, özünün feysbuk səhifəsində “Şuşa uğrunda döyüşlər davam edir” paylaşımı da edib.

Yalnız noyabrın 10-da isə qondarma “Dağlıq Qarabağ Respublikası prezidenti” Araik Arutyunyan Şuşa şəhərinə nəzarətin hələ noyabrın 5-də qismən, noyabrın 7-də isə tam itirildiyini etiraf edib.

Saxta.info bu qənaətə gəlib ki, Nikol Paşinyanın Qarabağda gedən müharibə zamanı xalqa həqiqətlərin söylənildiyinə dair fikirləri həqiqəti əks etdirmir.

Mənbə: buta.ws