32 il sonra təkrar qazandığımız ad: “İlin xalqı” – Sabir Rüstəmxanlı

1988-ci ildə azərbaycanlılar “İlin xalqı” adlandırılmışdı. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı siyasət nəticəsində xalq hərəkatı təşəkkül tapmışdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında uzunmüddətli mitinqlər başladıqdan sonra baş verənlər hamının yadındadır. Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır.

“Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında “Standing up for freedom People of the Year” sözləri yazılmışdı. Üz şəklində doğrudan da Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılmışdı.

“Yeni Müsavat” bildirir ki, 32 il sonra biz yenə “İlin xalqı” adını qazanmağa layiqik. Bu dəfə Ordumuzla, güclü diplomatiyamızla və milli həmrəyliyimizlə tarix yazdıq. Xalq-dövlət-ordu birliyi 30 ilə yaxın davam edən işğala son qoydu. Ona görə “İlin xalqı” titulu niyə də azərbaycanlıların olmasın? Bu xalq qısa zamanda, həm də 30 ilə yaxın müddətdə həll olunmayan ərazi bütövlüyünü təmin etdi. Həm də hərb tarixində kitablara düşəcək qəhrəmanlıqlar göstərərək….

Üstəlik, bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda ədalətli müharibə edərək qalib gəldi. Əslində BMT azərbaycanlıları “İlin xalqı” elan etməlidir. Çünki onun qətnamələrini illərdir yerinə yetirməkdən imtina edən Ermənistanı Azərbaycan buna məcbur etdi. Bundan əlavə, xalq bu 44 gün ərzində orduya dəstəyini əsirgəmədi. Cəbhə bölgəsinə göndərilən yardımlar, edilən ianələr xalqın həmrəyliyindən xəbər verirdi.

Sabir Rüstəmxanlı: “Beynəlxalq təşkilatların hər hansı adı verməsinə ehtiyac yoxdur, onsuz da ”İlin xalqı” adına layiqik”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının “Yeni Müsavat”a bildirdiyinə görə, beynəlxalq təşkilatların azərbaycanlıları “İlin xalqı” adlandıracağı inandırıcı görünmür. Onun fikrincə, çətin ki, belə qərara gəlsinlər: “1988-ci ildə Azərbaycan xalqı imperiyaya etiraz edirdi. Düzdür, Qorbaçov vaxtı diktatura deyildi, müəyyən demokratik proses gedirdi. Amma azərbaycanlılar müstəqillik uğrunda mübarizə aparırdı və dünyanın hər yerində rəğbətlə qarşılanırdı. Bu gün də Azərbaycanın atdığı addımlar cəsarətli addımlardır. Bu addımlar bölgədə ümumi vəziyyəti, qüvvələrin nisbətini dəyişir. Lakin ortada müharibə faktoru var və ”İlin xalqı” adı veriləcəyinə real baxmıram. Sadəcə, 44 günlük mübarizə dünyada Azərbaycana münasibəti, bölgədəki millətlərə yanaşmanı dəyişdi”.

S.Rüstəmxanlı hesab edir ki, Azərbaycan yeni savaş modeli ortaya qoydu: “Dinc insanlara toxunmadan, müasir silahlarla yeni müharibə strategiyası ortaya qoyuldu. Dekabrın 1-də Ordumuz Laçına daxil oldu və bütün sərhədlərimiz bərpa olundu. Bu, böyük nailiyyətdir. Ona görə bizi kim ”İlin xalqı” adlandırdı-adlandırmadı, əsas odur ki, öz gücümüzü, imkanlarımızı gördük. Bir millət kimi bir olanda, gücümüzü toplayanda nəyə nail oluruq, bax, onu göstərdik. O baxımdan beynəlxalq təşkilatların hər hansı adı verməsinə ehtiyac yoxdur, biz onsuz da “İlin xalqı” adına layiqik. Bundan sonra da biz özümüz üçün çalışmalıyıq”.

Ayaz Salayev: “İkinci Dünya müharibəsində faşizmlə bütün mütərəqqi qüvvələr mübarizə aparırdı, indi isə faşizmlə biz təkbaşına döyüşmüşük”

Kinorejissor Ayaz Salayev də “Yeni Müsavat”a bildirdi ki, şəkk-şübhəsiz biz “İlin xalqı”yıq. Onun sözlərinə görə, tariximizdə yeni dövr başlayır: “Hər bir adam – ziyalı da, fəhlə də deyə bilər ki, bir xalq olaraq yenidən doğum tariximizdir. Çünki İkinci Dünya müharibəsində faşizmlə bütün mütərəqqi qüvvələr mübarizə aparırdı, indi isə faşizmlə biz təkbaşına döyüşmüşük. Bizdə terror təşkilatı, irqçilik, terrorçu heykəli, antisemitizm yoxdur, amma bunların hamısı Ermənistanda var. Ona görə biz təklikdə faşizmə qarşı döyüşmüşük. Şübhəsiz ki, faşizm üzərində qələbəmizdə Ali Baş Komandan İlham Əliyevin nəhəng siyasətini də qeyd etməliyik”.

A.Salayev hesab edir ki, indi özümüz olmalıyıq, özümüzə güvənməliyik və müharibəni udandan sonra üstümüzdə ağır bir məsuliyyət var: “Bu yük ondan ibarətdir ki, ölkədə xalqla dövlət rəhbərliyi arasında vəhdət var. Bu birliyi heç bir halda itirmək olmaz. Vaxtilə Meydan hərəkatında həmin o birlik hissləri yaranmışdı, elə o hisslər 1-ci Qarabağ döyüşlərində şəhidləri yaratdı. Biz o döyüşləri uduzmadıq, vəziyyətlə barışmadıq və bu gün istəyimizə nail olduq. İndi bu dəyəri, birliyi itirmək olmaz”.

 

 

Cumhuriyyet.net

ƏVVƏLKİ XƏBƏR

Hər iki Qarabağ Müharibəsinin şahidləri: “Özünü mina üstünə atanlar da oldu, tank üstünə atanlar da” - VİDEO

SONRAKI XƏBƏR

Adı dillərdə dastana dönən Şəhid - Dastan Xudayar