“Nezavisimaya qazeta”: Ərdoğan niyə Qarabağa elit xüsusi qüvvələr göndərdi - ŞƏRH

Ankara Qarabağ münaqişəsi zonasında Rusiya Federasiyasına təzyiq göstərməyə başlayır. Türkiyə Müdafiə Nazirliyinin Rusiya Federasiyası ilə ortaq Monitorinq Mərkəzinin yaradılması ilə bağlı bir müqavilə fonunda Bakı türk hərbçilərinin artıq Qarabağda mina təmizləyənlər kimi fəaliyyət göstərdiyini bildirdi. Telegram-kanal olan “Türkiyənin Səsi” bu qruplardan birinin “SAS xüsusi təyinatlı dəstəsi” olduğunu irəli sürən bir fotoşəkil də yayımladı. Mərkəzin pilotsuz uçuş aparatlarından istifadə edərək “tərəflərin atəşkəsə əməl etməsinə dair məlumatların toplanması, sintezi və yoxlanılması”nı həyata keçirməsi planlaşdırılırdı. Razılaşmada Türkiyə hərbçilərinin münaqişə bölgəsindəki digər səlahiyyətlərindən isə, ümumiyyətlə, bəhs edilməmişdi.

İndi Ankara atəşkəsi izləməklə yanaşı, Bakının dəstəyi və ordusunun köməyi ilə Qarabağdakı digər vəzifələri də icra edəcək. Bölgədə yalnız minaaxtaranlar deyil, Türkiyə Silahlı Qüvvələrinin bir hissəsi olan xüsusi təyinatlılarının da fəaliyyət göstərdiyini təsdiqləyən məqamlar var.

Hələ 2020-ci ilin iyun ayında “Türkiyənin Səsi” teleqram kanalı Liviyada Trablusun cənub hissəsinə Türkiyədən gələn “SAS dəniz qüvvələri xüsusi təyinatlılarından olan mina axtaranlar qrupu”nun bir fotoşəkilini yayımlamışdı. O zaman onların azad edilmiş ərazilərin təhlükəsizliyini təmin etmək üçün Milli Razılaşma Hökuməti qüvvələrinə kömək edəcəkləri bildirildi. Sonradan məlum oldu ki, xüsusi təyinatlılar yalnız mina təmizləməklə deyil, Liviya Milli Ordusunun qüvvələrinə qarşı döyüşmək üçün xüsusi dəstələr hazırlamaqla məşğul olublar. Orta Doğu İnstitutunun “Türkiyə Cümhuriyyətinin kəşfiyyat bölməsi”nin materialında yazılır ki, “Xaricdə fəaliyyət göstərən türk xüsusi təyinatlılarının vəzifələri kəşfiyyat, təxribat və terrorla mübarizə əməliyyatları, həmçinin düşmən xətləri arxasında basqın əməliyyatlarıdır. Zərurət yarandığı təqdirdə isə bu qüvvələr minalardan təmizlənmə-axtarış və xilasetmə funksiyalarını yerinə yetirirlər.

Qeyd edək ki, Qarabağdan yayımlanan fotolarda türk hərbçilərinin minalardan təmizləmək üçün xüsusi avadanlıqları nümayiş etdirilir. Bu məqamda xatırladaq ki, Rusiya Suriya, Laos və digər ölkələrdəki ərazilərin minalardan təmizlənməsi ilə bağlı geniş təcrübə toplamış Beynəlxalq Minalar Əməliyyatı Mərkəzinin bazasında qurulmuş ən güclü qrupa sahibdir. Qarabağda iki həftə ərzində ruslar 24 hektar ərazini və 8 km yolu təmizlədi, 750 partlayıcı maddəni zərərsizləşdirdi.

“Türkiyənin Səsi” bir qayda olaraq, aktual və həqiqətəuyğun olan nəşrlərin təhlilini, öz ölkəsinin müsbət imicini formalaşdıran bir İnternet platformasıdır. Bu mənada kanalın yaydığı məlumat ruslar qarşısında öz ölkələrinin imkanlarının bir növ təqdimatıdır. Ona görə də “SAS xüsusi təyinatlı qüvvələrinin” Qarabağa gəlməsi xəbərləri Ankaranın zəfərlərinin nümayişi və Qafqazdakı geosiyasi hədəflərini həyata keçirməsində Türkiyə rəhbərliyinə Moskvanın mane olmaq cəhdlərinin mənasızlığı kimi qiymətləndirilir.

“Nezavisimaya Gazeta” Türkiyənin Qarabağdakı sülhməramlılıq prosesində iştirakı ilə bağlı Moskva ilə Ankara arasındakı fikir ayrılıqları barədə bir-neçə dəfə yazıb (bax 10, 20 noyabr). Moskva, Bakı və İrəvan 10 noyabrda üçtərəfli atəşkəs bəyanatını imzaladıqdan sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağdakı Rusiya-Türkiyə atəşkəsə nəzarət mərkəzi ilə yanaşı, yerlərdə ayrıca türk müşahidə məntəqələri yaradılacağını təkid edib. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev praktik olaraq eyni şeyi bildirib. Bunun ardınca Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağdakı nizamlanmaya yanaşmalarda Ankara ilə fərqli fikirlərin olduğunu etiraf edib. Ancaq Moskva Qarabağda heç bir türk hərbçisi olmayacağı və münaqişə bölgəsindən kənarda Azərbaycan ərazisində türklərin yerləşəcəyi və vəzifələrinin Dağlıq Qarabağdakı atəşkəs rejiminə Nəzarət Mərkəzində işləməklə məhdudlaşacağını söyləməkdə davam edir. Eyni zamanda, əvvəllər Türkiyədə türk ordusunun Azərbaycana göndərilməsi üçün sürətləndirilmiş şəkildə qərarlar verildi. 22 noyabrda Türkiyə müdafiə naziri Hulusi Akar Türk Silahlı Qüvvələrinin Quru Qoşunları bölmələrinin ora gedəcəyini açıqladı.

Zaqafqaziyada Rusiya Qüvvələri Qrupu komandirinin müavini vəzifəsində çalışmış general-leytenant Yuri Netkaçev “NG”-yə bildirdi ki, “Piyada olduğu yerdə elit xüsusi təyinatlılar hər an oraya girə bilər. Suxuminin təcrübəsindən bilirəm ki, xüsusi təyinatlılar separatçı bölgədəki vəziyyəti sabitləşdirmək və siyasi məsələləri həll etmək üçün hansı rol oynaya bilər. Vaxtilə Saakaşvilinin xüsusi təyinatlıları Abaşidzeyə qarşı hərəkət etdilər. İndi də Əliyev Bakıda gizli olaraq türk xüsusi təyinatlıları tərəfindən dəstəklənir”.

Netkaçevə görə, Türkiyənin məqsədi Rusiyanı Qarabağdan və bütün Zaqafqaziyadan qovmaqdır. “Bu, Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə təxribat, yerli əhalini rus sülhməramlılarına qarşı təhrik etmək və s. ilə edilə bilər”.

General Qarabağ müharibəsi vaxtı Azərbaycanda anti-Rusiya nümayişlərinin keçirildiyini və əhalinin Azərbaycan bayraqları ilə yanaşı Türkiyə bayraqlarından da istifadə etdiyini xatırladır. “İndi Qarabağdakı sülhməramlı qüvvələrin loqistik təchizatı Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir. Rusiya konvoyları yerli polisin müşayiəti ilə və Rusiya Federasiyasının simvolları olmadan ölkənin yolları boyunca gedir. Fikrimcə, bu, Rusiya Federasiyasının hərəkətlərindən o qədər də razı olmayanların diqqətini çəkmək üçün yenə ediləcək”, – deyə Netkaçev vurğulayıb.

Azərbaycan Silahlı Qüvvələrinin Telegram kanalı çərşənbə axşamı xəbər yayıb: “Ermənilər və bəzi ermənipərəst Rusiya KİV-lərində Azərbaycanda əhalinin guya Rusiya sülhməramlı kontingentindən narazı olduğu və Rusiyanı hərbi yolla Qarabağdan qovma çağırışları yayılır”. Belə çağırışlar təbii ki, Türkiyənin lehinə işləyən faktorlardır. Ona görə də Rusiya KİV-lərində səslənən yanlış informasiyadan Türkiyə maksimum dərəcədə bəhrələnəcək və Qafqazda möhkəmlənməkdə davam edəcək.

“Nezavisimaya qazeta” 2 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

 

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağın məşhur müəllimləri" - Haşım bəy Vəzirov

SONRAKI XƏBƏR

ABŞ Asiyaya neft tədarükü üçün 20 tanker icarələyib