NATO zirvəsində Qarabağ: “Üçtərəfli saziş alyansın Cənubi Qafqazla bağlı mövqeyinə ciddi zərbə oldu”

NATO zirvəsində Qarabağ: “Üçtərəfli saziş alyansın Cənubi Qafqazla bağlı mövqeyinə ciddi zərbə oldu”

NATO növbəti toplantısında Qarabağı müzakirə edəcək.

Bu barədə Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib. Onun sözlərinə görə, NATO dövlətlərinin Xarici İşlər nazirləri Atlantik Şurasının iclasında Dağlıq Qarabağdakı vəziyyəti müzakirəyə çıxaracaq.

O bildirib ki, xarici işlər nazirləri Dağlıq Qarabağ və Belarusdakı hadisələr kontekstində Rusiyanın dünyada güclənən hərbi mövqeyinə dair müzakirələr aparacaqlar.

Rusiyanın öz nüvə arsenalını modernləşdirdiyini, yeni raketlərini Şimaldan tutmuş Liviya və Suriyaya qədər yerləşdirdiyini vurğulayan Stoltenberq bu dövlətin Qarabağ və Belarus məsələsində hərbi iştirakının gücləndiyini də qeyd edib.

NATO dövlətləri təmsilçilərinin iki günlük toplantısında Rusiyaya qarşı hansı qərarlar verilə bilər?

Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında deyib ki, əgər NATO regionla bağlı hərəkətə keçməyə başlasa, Rusiya və İran da alternativ addımlar atacaq:

 

“NATO-nun Baş katibi Stoltenberqin Rusiya və regionla bağlı sərgilədiyi mövqe Qərb ilə onun təhlükəsizlik maraqlarını təmsil edən NATO-nun mövqeyidir. Biz baş verənlərə nəzər salsaq görərik ki, NATO zamanında Rusiya ilə əldə edilmiş razılaşmalara baxmayaraq, Şərqə doğru hərəkət edir. Moldovada yeni prezident seçkilərindən sonra Rusiya sülhməramlılarının ölkədən çıxarılması tələbi, bunun baş tutmayacağı təqdirdə Moldovanın NATO ölkəsi olan Rumıniyaya qatılma ehtimalı Qərbin planlarıdır və Rusiyanın şimal- qərb bölgəsi ilə bağlı təhlükəsizlik məsələləriylə ziddiyyət təşkil edir. Onu da qeyd edək ki, zamanında Dnestryanı ərazilərə Rusiya sülhməramlılarının yerləşdirilməsi üçün Moldova ilə Rusiya arasında razılıqlar əldə edilib. NATO Moldovada da Rusiya üçün Belarus kimi “üçüncü Ukrayna cəbhəsi” açmaq istəyir. Bu mənada Rusiyanın da öz maraqlarına uyğun addımlar atacağı gözlənilən və proqnozlaşdırılan idi. Moldova qanunlarına əsasən, onun Rumıniyaya birləşməsi referendum yolu ilə mümkündür. Hesab edirəm ki, Moldovada Rusiya ilə münasibətləri bundan sonra da davam etdirməkdə maraqlı olan siyasi qüvvələr Rumıniyaya birləşmək qərarına etiraz edəcək. Moldova elektoratının əsas hissəsi bu qərara qarşı çıxacaq. Digər tərəfdən Moldovada qaqauzlar da öz hüquqlarını tələb etməyə başlayacaq və Rusiya bu amildən istifadə edəcək. Yeri gəlmişkən Qaqauzlar türkdür. İstisan etmirəm ki, Qaqauzlar məsələsi Rusiyanın perspektivdə Türkiyə ilə münasibətlərdəki narazılıqların həlli istiqamətində düşünülmüş bir addımdır”.

Politoloq Bayden dönəmində qlobalistlərin Rusiyaya qarşı geniş planda hücuma keçəcəyi qənaətindədir:

“Bu toplantıda Dağlıq Qarabağla bağlı vəziyyət də müzakirə olunacaq. Dağlıq Qarabağda problemin çözülməsi ilə bağlı razılıq Rusiya, Azərbaycan və Ermənistanın rəhbərlərinin birgə imzaladığı üçtərəfli saziş əsasında əldə edildi. Minsk qrupunda təmsil olunmuş iki həmsədr dövlət- ABŞ-la Fransa indiyədək bu problemin həlli istiqamətində hansısa addım atmadılar. Onlar status-kvo vəziyyətinin qalmasında maraqlı olduqlarını göstərdilər. Onlardan fərqli olaraq isə Rusiya aktivlik göstərdi və müharibənin Azərbaycan ərazisində getdiyini dedi. Eyni zamanda, Vladimir Putin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğuladı. Bunun qarşılığında isə biz Fransa Senatının qərarını gördük. Bu üçtərəfli saziş NATO-nun Cənubi Qafqazla bağlı mövqelərinə ciddi zərbə oldu. Rusiya əslində Cənubi Qafqazda rəqiblərini oyundan kənarda qoymuş oldu. Bu da NATO tərəfindən adekvat addımların atılmasına səbəb oldu. Qaldı Suriyada Rusiyanın güclənməsinə, etiraf etmək lazımdır ki, Rusiya orada qanuni şəkildə təmsil olunan tərəfdir. NATO isə burada özünə sərf edən bufer zonalar yaratmağa çalışırdı. Bu da müəyyən mənada Türkiyənin və İranın ərazi bütövlüyünə təhdid idi. Ən əsası isə Suriyada beynəlxalq terrorizmin inkişafına səbəb Qərb oldu. Rusiyanın Türkiyənin və İranın birgə səyləri nəticəsində Suriyadakı beynəlxalq terrorizmin ətraf ölkələrə metastaz verməsinin qarşısı alındı. Türkiyə 3.5 milyon qaçqını öz ərazisində yerləşdirib. Əgər bu Avropaya buraxılsaydı böyük problemlər yaradardı. Bu istiqamətdə Rusiyanın atdığı addımları MDB məkanında öz maraqlarını qorumaq üçün yürüdülmüş siyasət kimi dəyərləndirmək olar”.

E.Manafov əlavə edib ki, NATO-nun Cənubi Qafqaza müdaxiləsi bölgəni Suriyanın vəziyyətinə döndərə bilər:

“Ukraynanın Donbas və Donesk istiqamətində hərbi əməliyyatlara başlamasını da Qərbin sifarişi olduğunu düşünürəm və Bayden iqtidarı dönəmində qlobalistlərin Rusiyaya qarşı daha böyük müstəvidə hücuma keçəcəyini istisna etmirəm. Bu gün Cənubi Qafqazda sabitliyin qorunması məhz Rusiya ilə Türkiyə arasında əldə edilmiş razılıq əsasında mümkün olacaq. Qərbin, konkret olaraq NATO-nun bu bölgəyə müdaxiləsi böyük problemlər yaradacaq. NATO-nun bu istiqamətdə irəliləməsi İran tərəfindən adekvat addımların atılması ilə də nəticələnəcək. Onsuz da İran nüvə çalışmaları ilə məşğul olan məşhur aliminin öldürülməsinə görə Qərblə xüsusi problemlər yaşayır. NATO-nun regiona müdaxiləsi Cənubi Qafqazı Suriyaya çevirə bilər ki, ümid edirəm Azərbaycan dövləti bu oyunda yer almayacaq. Qaldı Belarus məsələsinə, orada qərbyönümlü müxalifət parçalanmış vəziyyətdədir. Digər tərəfdən rusiyayönlü müxalifət də var ki, Moskva onları Lukaşenkoya alternativ olaraq saxlayır. Əgər Lukaşenko devrilərsə, Rusiya Belarusda həmin müxalif qüvvələrdən istifadə edəcək”.

Əli Bədir
 

 

Mənbə: cebhe.info