Laçınla gələn şəhidlik

Laçınla gələn şəhidlik

Baş leytenant Əlizadə Fuad Nazim oğlu,1994-cü ildə Naxçıvanda anadan olub. 2008-ci ildə H. Əliyev adına hərbi liseyi, 2015-ci ildə BAKI ALİ HƏRBİ MƏKTƏBİ bitirib. Hərbi xidmətə Toğanada başlayan Fuad 4 il çətin relyefə malik Murovda keşik çəkib.

2016-cı ilin Aprel döyüşlərində komandanlığa müraciət edərək könüllü döyüşlərə qatılıb və şəxsi şücaət göstərib. Vətən müharibəsinin ilk günlərindən ön xəttdə olan qəhrəmanımız Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Zəngilan şəhərlərinin, o cümlədən çoxsaylı kənd və qəsəbələrimizin yağı düşməndən azad olunmasında komandanlıq tərəfindən verilən bütün tapşırıqları yüksək peşəkarlıq və qəhrəmanlıqla yerinə yetirib. Döyüşlərin birində ayağından yaralansa da, hərbi rəhbərliyinin məsləhətinə uymayaraq könüllü olaraq yenidən savaş meydanındakı silahdaşlarının sırasına qatılıb. Laçın dəhlizi və Laçın rayon mərkəzinin erməni vandallarından təmizləmək əməliyyatının fəal iştirakçısı olan qəhrəmanımız döyüş meydanında şəhid olub.

Atası Nazim dayı deyir ki, Fuadda hərbə maraq uşaq vaxtlarından yaranıb. Görünür, bunun başlıca səbəblərindən biri də Qarabağın erməni işğalı altında olmasının yaratdığı qisas hissi idi. Hər dəfə bu mövzudan söz düşəndə əminliklə deyirdi ki, tələsməyin, biz o torpaqları erməni tapdağından mütləq azad edəcəyik. Elə bu istəklə də əvvəlcə sənədlərini hərbi liseyə, oranı uğurla başa vurduqdan sonra isə Ali Hərbi Məktəbə verdi. Xidmətdə olanda əsasən telefonla danışardıq, müharibə başlayan gün də zəng edib qısaca danışdı: QƏLƏBƏ XƏBƏRLƏRİMİZİ GÖZLƏYİN!

Anası Şəfa xanım ana kimi oğul itkisinə sarsılsa da, təsəllisi odur ki, Fuadının qanı və qisası yerdə qalmadı- Qarabağ erməni vandallarından təmizləndi.

MƏKANIN CƏNNƏT, RUHUN ŞAD OLSUN CAN FƏDA EDİB, YURD QAZANAN ŞƏHİD FUADIMIZ!

 

Mənbə: paralel.az