Putin Paşinyanın qərarlarını "ağrılı, lakin zəruri" adlandırdı

Putin Paşinyanın qərarlarını "ağrılı, lakin zəruri" adlandırdı

Rusiya Prezidenti: "Ermənistan və erməni xalqı öz tarixinin çox mürəkkəb dövrünü yaşadı"

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da qəbul etdiyi qərarları "ağrılı, lakin zəruri" adlandırıb.

Vladimir Putin bildirib ki, bu qərarların qəbulu Baş nazir Nikol Paşinyandan böyük şəxsi cəsarət tələb edib.

Bu barədə Rusiya dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şurasının 2 dekabr iclasında danışıb.

Vladimir Putin deyib ki, Ermənistan və erməni xalqı öz tarixinin çətin dövrünü yaşadı, lakin Qarabağa dair lazımi qərarlar qəbul edildi: "Həqiqətən, Ermənistan və erməni xalqı öz tarixinin çox mürəkkəb dövrünü yaşadı və Ermənistan rəhbərliyi, Baş nazir Ermənistan xalqı üçün çox mürəkkəb, lakin zəruri olan qərarları qəbul etməyə məcbur oldu”.

Vladimir Putin daha sonra bildirib ki, bugünkü müşavirədə iştirak edənlərin hər biri bu cür qərarların qəbulu zamanı məsuliyyət dərəcəsini başa düşür: "O, bu məsuliyyəti öz üzərinə götürdü. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə həmkarların vəzifəsi dinc həyatı qurmaq, qəbul olunmuş bütün qərarların icrasına nail olmaq və çətin vəziyyətə düşmüş insanlara yardım göstərmək üçün Ermənistanın Baş nazirini və onun komandasını dəstəkləməkdən ibarətdir”.

Rusiya dövlət başçısı öz ölkəsi haqda da danışıb: "Qan tökülməsinin qarşısını almaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiyadan çox böyük vasitəçilik səyləri tələb olunurdu. Bununla yanaşı, Rusiya ATƏT-in Minsk Qrupunda, əsasən onun həmsədrləri arasında əldə edilmiş əsas razılaşmalara əməl etdi. Rusiya tərəfi Yerevan və Bakı ilə koordinasiya şəraitrində artıq bütün bu məsələlərlə məşğul olur. Moskva KTMT və MDB üzrə bütün tərəfdaşların bu humanitar təşəbbüslərə qoşulmasında maraqlıdır”.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə çıxışında hərbi əsirlərin və girovların, həlak olanların cəsədlərinin dəyişdirilməsi ilə bağlı məsələləri təcili həll etməyə çağırıb: "Hərbi əsirlərə, saxlanılan şəxslərə zorakılığın tətbiqi və onların ləyaqətinin alçaldılması hallarını istisna etmək lazımdır”.

Baş nazir bildirib ki, Qarabağ ermənilərinin öz evlərinə qayıtmasına şərait yaratmaq və Azərbaycanın nəzarəti altında olan ərazilərdə ermənilərin mədəni və dini abidələrinin qorunması üçün tədbirlər görmək lazımdır.

Mənbə: meydan.tv

Mənbə: qlobal.az