“İstərdik ki, Qarabağ qaziləri də orada bir kolon şəklində iştirak etsinlər” - Rey Kərimoğlu

“İstərdik ki, Qarabağ qaziləri də orada bir kolon şəklində iştirak etsinlər” - Rey Kərimoğlu

44 günlük Vətən müharibəsində zəfər çalan Azərbaycan Qələbə paradı keçirməyə hazırlaşır. Hərbi paradın 10 dekabr tarixində Bakıda Azadlıq meydanında keçiriləcəyi bildirilib.
Qeyd edək ki, bununla bağlı rəsmi qərar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən veriləcək.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli hərbi parad keçirmək təcrübəmizin yüksək olduğunu qeyd etdi: “Bizim Silahlı Qüvvələr indiyə qədər bir neçə dəfə hərbi parad keçirib. Silahlı Qüvvələrimizin yaranması günlərində bu paradlar baş tutub. Bu çox yüksək səviyyədə təşkil olunub. Ali Baş Komandanımız İlham Əliyev bu paradlarda qeyd edirdi ki, işğal altındakı torpaqlarımız azad ediləcək, Şuşada dalğalanan bayraq Azadlıq meydanına gətiriləcək.
Düşünürəm ki, o torpaqlarda dalğalanan bayrağımız indi gətirilib Azadlıq Meydanında dalğalandırılacaq. Paradlarımız içərisində ən möhtəşəmi bu olacaq. Azərbaycan dövlətinin hərbi paradlar keçirmək ənənəsi çox güclüdür. Yüz illik ənənələri olan dövlətlər kimi paradlar keçirə bilirik. Əminliklə deyirəm ki, bu parad əvvəlkilərdən möhtəşəmliyi ilə daha çox fərqlənəcək. Çünki bu, qalib ordunun paradı olacaq. Hesab edirəm ki, Azərbaycan tarixində qalacaq bir parad olacaq”.
Qarabağ qazisi Rey Kərimoğlu: “Bu paradla əlaqədar hələ rəsmi bir məlumat yoxdur. Düşünürəm ki, Azərbaycan Ordusu, dövləti və xalqı başda Ali Baş Komandan olmaqla, çox böyük zəfər çalıb, bu böyük qələbədir və bunu çox yüksək səviyyədə qeyd etməyə dəyər. Bu həm də lazımdır. Amma qısa vaxtda necə bir hazırlıq olacaq, açığı, bunu bilmirəm. Hər halda, dövlətin məsləhəti necə olsa, elə də keçiriləcək. Nəsə bir proqram var ki, bunu etmək istəyirlər. Bütün hallarda bu parad keçiriləcəksə, sevinərik. İstərdik ki, Qarabağ qaziləri də orada bir kolon şəklində iştirak etsinlər. Bilirsiniz ki, bundan əvvəl müxtəlif dönəmlərdə baş verən hadisələrdə qazilərimiz olub. Yaxşı olar ki, onlara da yer verilsin, onlar da paradda sıra keçidi etsinlər. Arzum budur ki, böyük Qələbə paradını mayın 8-də keçirək, yəni Şuşanın işğal edildiyi gün. Yenə də hər şey Ali Baş Komandandan asılıdır. Çünki bizim bilmədiyimiz nüanslar ola bilər və bu baxımdan Qələbə paradının tez keçirilməsi vacib bilinər. Bütün hallarda məsləhət Ali Baş Komandanımızındır. Necə məsləhət bilsə, elə də olsun. O paradda iştirak etməyə və əlimizdən gələn köməkliyi göstərməyə hazırıq. Bir hissimi ifadə etməyi vacib bilirəm. Bu qələbənin mənə yaşatdığı hisslər and olsun Allaha ki, bütün paradlardan, atəşfəşanlıqdan və zəfər bayramlarından yüksəkdə durur. Heç nə bunu ifadə, əvəz edə bilməz. Ən əsası odur ki, ordumuz azğın düşmən üzərində qalib gəlib. Prezidentin dediyi kimi, Azərbaycan xalqı erməni faşizmi üzərində qələbə çalıb”.
“Yeni Müsavat”

Mənbə: teref.az