"10 noyabr atəşkəs müqaviləsi, işğalçının ibrətamiz aqibəti kimi dünya tarixinə keçdi"

"10 noyabr atəşkəs müqaviləsi, işğalçının ibrətamiz aqibəti kimi dünya tarixinə keçdi"

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında bağlanan atəşkəs müqaviləsi bir çox baxımdan əhəmiyyət kəsb edir. Gəlin, bu məqamlara nəzər salaq.

İlk olaraq, 10 noyabr atəşkəs müqaviləsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində uzun müddət davam edən status-kvonu alt-üst etdi. Beləliklə, ağır məğlubiyyətə uğrayan Ermənistanın, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağ ətrafındakı 7 rayona nəzarəti sonsuza qədər davam etdirmək səyləri uğursuzluğa düçar oldu. Atəşkəs müqaviləsinə qədər, Ermənistan rəhbərliyi, beynəlxalq hüquqa zidd təcavüzkar siyasətini xalqların öz müqəddəratını təyin etmə hüququ ilə əsaslandırmağa və qondarma "Dağlıq Qarabağ Respublikası"nın xunta rejimini legitimləşdirməyə səy göstərirdi. Ermənistan Baş naziri Nikol Paşinyan, atəşkəs müqaviləsi imzalandıqdan sonra mətbuata müsahibələrinin birində Ermənistanın Dağlıq Qarabağla bağlı siyasətinin işğalı əbədiləşdirmək olduğunu etiraf etdi.

İkinci olaraq, atəşkəs müqaviləsi münaqişənin tərəflərini konkret olaraq müəyyənləşdirdi. Müqavilənin 1-ci maddəsində deyilir: Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.

Beləliklə, üçtərəfli atəşkəs müqaviləsində münaqişənin tərəfləri Azərbaycan Respublikası və Ermənistan Respublikası olaraq qəbul edildi. Bununla da, Ermənistanın Dağlıq Qarabağ münaqişəsində tərəf olmadığını əsaslandırmaq üçün 30 ildir irəli sürdüyü tezisləri bu müqavilə ilə rədd edildi. Bu eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinin rəsmi formada etirafıdır.

Qeyd edək ki, BMT qətnamələrində Azərbaycan torpaqlarının işğalı faktı təsdiq edilsə də, işğalçı qüvvələr kimi yerli erməni qüvvələri göstərilib. Klinton Prezident Kitabxanası tərəfindən ictimaiyyətə açıqlanan yeni sənədlərdən məlum oldu ki, 1993-cü ildə Kəlbəcərin işğalından dərhal sonra BMT Təhlükəsiz Şurası tərəfindən qəbul edilən 822 saylı qətnamədə Ermənistanın işğalçı dövlət kimi göstərilməsinə Fransanın BMT-dəki səfiri Jean-Bernard Merimee mane olub və onun təkidiylə işğalçı kimi yerli erməni qüvvələri qeyd olunub.

Bu fakt eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın Dağlıq Qarabağ münaqişəsində qərəzli və tərəfli mövqeyinin sübutudur. Fransa Senatı tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınmasına dair qəbul edilən tövsiyə xarakterli son qərar bu siyasətin 27 il sonra dəyişmədiyini, əksinə daha aqressiv formada davam etdiyini göstərir.

Üçüncü olaraq, Ermənistan, Baş nazir səviyyəsində münaqişə tərəfi kimi işğal faktını təsdiqləməklə, münaqişə nəticəsində ortaya çıxan maddi və mənəvi zərərə görə hüquqi cavabdehlik üçün zəmin yaratdı.

Xatırladaq ki, Laçın rayon sakinlərinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətinə baxılarkən, Ermənistanın işğalçı mahiyyəti hüquq müstəvisində təsdiqini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Böyük Palatası məhkəməyə təqdim olunan sübutları araşdıraraq, Ermənistanın separatçı "Dağlıq Qarabağ" rejimi ilə işbirliyi etdiyini və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş əraziləri üzərində nəzarəti həyata keçirdiyini təsbit etmişdir. Bundan əlavə, AİHM Ermənistanın azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını bildirmiş və onların işğal olunmuş ərazilərdəki evlərinə və doğma yurdlarına qayıtmaq hüquqlarını bir daha təsdiq etmişdir. Beləliklə, 16 iyun 2015-ci il tarixli AİHM qərarı Ermənistanın işğalçı dövlət kimi tanındığı ilk beynəlxalq məhkəmə qərarı idi. Ermənistan Baş naziri atəşkəs müqaviləsinə imza atmaqla, dolayısıyla AİHM qərarını tanımış oldu.

Azərbaycan Prezidenti xalqa müraciətlərində dəfələrlə elan edib ki, Ermənistan, Azərbaycan torpaqlarında törətdiyi vandalizmə görə hüquq müstəvisində cavab verəcək və Azərbaycana təzminat ödəməyə məhkum ediləcək. Prezident İlham Əliyev 11 noyabrda yaralı əsgərlərlə görüşdə bu mövzuda bunları demişdi:

“İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır – yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz – həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”

Dördüncü olaraq, Ermənistan, silahlı qüvvələrini Dağlıq Qarabağdan çıxaracağına dair öhdəlik götürdü. Müqavilənin 4-cü maddəsində Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağa yerləşdirilməsinə paralel olaraq erməni silahlı qüvvələrinin həmin ərazidən çıxarılacağı qeyd olunub. Bu isə prinsipdə separatçıların silahlı fəaliyyətinin sona çatdığını düşünməyə əsas verir. Ermənistan razılaşmanı pozub silahlı qüvvələrini Dağlıq Qarabağda saxlamağa davam etsə, Azərbaycan hərbi əməliyyatları davam etdirmək və separatçıları zərərsizləşdirmək hüququnu özündə saxlayır.

Son olaraq, atəşkəs müqaviləsində Dağlıq Qarabağın statusuna dair heç bir müddəa mövcud deyil. Bu isə Ermənistanın 30 illik çabalarının fiaskoya uğramasıdır. Beləliklə, Ermənistanın və onun havadalarının Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq planları suya düşdü.

Azərbaycan Prezidenti Füzuli rayonuna səfər edərkən Dağlıq Qarabağda yaşayan ermənilərin statusu barədə bunları qeyd etdi:

“Biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar".

Beləliklə, Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində həm Ermənistan ordusu məhv oldu, həm Ermənistan hakimiyyəti biabırçı və alçaldıcı məğlubiyyətlə üzləşərək beynəlxalq nüfuzu darmadağın oldu, həm də Ermənistan dövləti hüquqi müstəvidə Azərbaycana təzminat ödəmək və iflas etmək təhlükəsi ilə üz-üzə qaldı. Bir sözlə,10 noyabr atəşkəs müqaviləsi, işğalçının ibrətamiz aqibəti kimi dünya tarixinə keçdi.

Mənbə: moderator.az