Ələkbər Əliyev: “İlham Əliyev elə bir iş gördü ki, bunun adı həm də siyasi matdır”

Ələkbər Əliyev: “İlham Əliyev elə bir iş gördü ki, bunun adı həm də siyasi matdır”

“Müxalifətin mövcudluğu üçün əsas qalmayıb, qəbullanmaq asan məsələ deyil”

Bu nə mərəzdirsə, bəzi adamlar ondan sağala, qurtula, rasional düşünə bilmirlər. Belələrinə nə ad vermək olar, bilmirsən.

Əllərindəki bütün arqumentlər alınıb deyə indi Qarabağ probleminin həllinə bir “qulp” qoşurlar, “mız” qoyurlar, bəhanə gəzirlər, “qaşınmayan yerdən qan çıxarırlar”.

Onların ikrah hissi doğuran feysbuk çıxışları, heç bir intellektə, biliyə söykənməyən proqnozları, çıxardıqları nəticələr adamda heyrət doğurur.

Kimisi yazır ki, gördünüz, Laçın şəhərini vermədilər, hələ 3 il qalıb, kimisi qeyd edir ki, yox, bizi aldadıblar, Şuşanın kəndləri azad olunmadı, bir başqası özünə əl qatır ki, Xocalı aeroportu kimin istifadəsində olacaq və sair ilaxır.

Hansı ki, bunlar doğru olmayan təxəyyüllərdir...

Ümumiyyətlə, bir qrup adam var ki, bundan sonra necə müxalifətçilik edəcəyinin dərdini çəkməkdədir. Onlar Qarabağın işğaldan azad edilməsini heç cür qəbul edə bilmirlər.

Az qala rayonların boşaldılmasında hər hansı yubanma olanda sevinirlər ki, hakimiyyəti tənqid etməyə, Rusiya sülhməramlılarının işğal niyyəti ilə gəldiyini söyləməyə səbəb tapsınlar.

Bu günə kimi heç bir faydası, səriştəsi olmayan həmin adamlar görülən bu nəhənglikdə işi gözdən salmaqla məşğuldurlar, bir qədər büdrəyəndə sanki sevinirlər. Onların arasında Azərbaycanda yaşayanlar da az deyil, mühacirətdə olanlar da...

Bu şəxslər dövləti xəyanətdə günahlandırırlar, kompromisə getməkdə ittiham edirlər, Dağlıq Qarabağ probleminin kökündən həll olunmadığını yazırlar, türk sülhməramlılarının niyə gecikdiyini soruşurlar.

Yəni Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, 200 ildir torpaq azad edə bilməyən ölkə ilk dəfə işğal edilmiş şəhərlərini düşmən tapdağından dişi-dırnağı, qanı-canı ilə azad edir, bir tarix yazırıq, dünya bizdən danışır, bütün beynəlxalq təzyiqlər qarşısında 44 gün tab gətirərək nəhayət ki, erməni faşizminə son qoymuşuq, amma bəziləri buna hansısa maraqları səbəbindən kölgə salmağa çalışırlar.

Ümumiyyətlə, qələbə qazandığımızı demək istəmirlər. Burada siyasi qısqanclıq da mütləqdir. Lakin siyasi mədəniyyət və ümummilli maraqlar tələb edir ki, siyasi rəqibinin diplomatik uğurlarına sevinəsən, bunu bir iqtidarın yox, bütün dövlətin, ölkənin zəfəri kimi dəyərləndirməyi bacarasan. Təəssüf ki, indiyə qədər sakitləşə bilmirlər və istehza yaradan çıxışlarından əl çəkmirlər.

İsveçrədə yaşayan yazıçı Ələkbər Əliyevin fikrincə, burada müxalifətin görə biləcəyi ən doğru iş bütün müxalif fəaliyyətlərə moratorium elan etmək və susmaq idi.

Ələkbər Əliyev

Onun “Yeni Müsavat”a bildirdiyinə görə, bunu qismən etdilər, amma yenə də əl çəkmədilər: “Qayıdan rayonlardan sonra Elçibəy amilini göstərmək, özlərinin hansısa rolunu qabartmaq, Kəlbəcər üçün 10 gün əlavə vaxt veriləndə şüvən qaldırmaq, sosial şəbəkədə hər kənd, hər rayon ətrafında şübhə toxumları əkmək - müxalifətin bu gün üçün yeganə fəaliyyətidir”.

Ə.Əliyev hesab edir ki, onları da başa düşmək olar: “İlham Əliyev elə bir iş gördü ki, bunun adı həm də siyasi matdır.

Onların mövcudluğu üçün artıq heç bir əsas qalmayıb. Lazımsızdırlar. Bununla da razılaşmaq, qəbullanmaq asan məsələ deyil.

Bundan sonra qalib sərkərdəyə qarşı müxalif olmalısan, bu da dərin siyasi bilik, əxlaq, yeni vizyon tələb edir. Əsas rayonları verib, sonra Heydər Əliyevin parlament sədrliyi dövründə gedən rayonları onun ayağına yazmaq da əxlaqsızlıqdır. Amma bunu edirlər".

Yazıçının fikrincə, buradan torpaqlar qayıdır, bunlar isə elə bir təəssürat formalaşdırmaq istəyirlər ki, “torpaqları ata verdi, oğul geri aldı, deməli, təşəkkür düşmür”.

“Sonra da deyirlər İlham Əliyev bunları niyə tənqid edir. Digər tərəfdən eyforiya da pis şeydir. Sağlam düşüncə olmalıdır.

Müxalifət olmalıdır, ona ehtiyacımız var, amma elə görünür ki, onun yaranması, formalaşması hələ çox zaman alacaq", - deyə Ə.Əliyev vurğuladı.

Natiq Cəfərli

REAL Partiyasının icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan noyabrın 10-da ən doğru və optimal olan qərarı verdi:

“Hərbi üstünlüyün, əsgərimizin bilək gücünün hesabına həmin ana ən yaxşı şərtləri qəbul etdirə bildi.

Azərbaycan parlamenti Rusiya əsgəri ilə bağlı qərar verməyib, doğru edib, düzgün taktika seçilib. Bu, gələcəkdə bizim üçün ciddi istinad nöqtəsi olacaq.

Türkiyə əsgərinin də gəlməsinin gecikdirilməsi çox doğru taktiki addım idi. Bu gün Laçınımızın qayıtması artıq provokasiyaların önünü kəsdi, Türkiyə əsgərinin gəlişinin yarada biləcəyi provokativ addımları heçə endirdi. Əminəm ki, yaxın günlərdə türk əsgəri Azərbaycanda olacaq".

N.Cəfərli hesab edir ki, Ordu, diplomatiya, xalq, dövlət birgə addımlar atmalıdır, hamımızı düşündürən və narahat edən sualların cavabı birgə fəaliyyətlə mümkündür:

“Əgər 44 günə torpaqları əsgər aldısa, onların hesabına Prezident noyabıın 10-da mümkün olan diplomatik qələbə qazandısa, indi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd kimi torpaqlarımızda idarətetməni də xalq-dövlət birgə addımları ilə - yumşaq güclə həyata keçirməliyik”.

Mənbə: cia.az