Zəfər yürüşlərində Rusiya bayraqları niyə göründü - səbəb...

Zəfər yürüşlərində Rusiya bayraqları niyə göründü - səbəb...

Qələbə yürüşlərində, o cümlədən 10 noyabr bəyanatına uyğun olaraq Ağdam, Kəlbəcər, Laçının işğaldan azad olunduğu günlərdə küçələrə çıxan vətəndaşların Azərbaycan, Türkiyə bayraqları ilə yanaşı Rusiya bayraqlarını da dalğalandırdığının şahidi olduq. Bu məsələ bir çoxları tərəfindən heç də xoş qarşılanmadı. Hətta sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirənlər də oldu. Bəzi müxalifət üzvləri bu amillə bağlı iqtidarı tənqid etdi.

Bəs Rusiya bayraqlarını Bakıda dalğalandırmaq lazımdımı? Yoxsa bu, yolverilməzdir?

Əlbəttə ki, Rusiya bayraqlarının Qələbə yürüşlərində dalğalanmasını qəzəblə qarşılayanları anlamaq mümkündür. Çünki xalqımız 20 Yanvarı, Xocalıdakı 366-cı motoatıcı rus alayının törətdiyi faciəni, ümumilikdə Qarabağın işğalında rus ordusunun xüsusi rolu olduğunu unutmayıb.

Lakin onu da unutmaq olmaz ki, Vətən müharibəsində çoxlu sayda rus əsilli vətəndaşlarımız iştirak etdi. Onların arasında Denis Pronin, Dmitri Solnsev kimi şəhidlər də var. Bu baxımdan Qələbə yürüşlərində Rusiya bayraqlarının da dalğalanması haqq edilmirmi?

İkinci bir məsələ, Vətən müharibəsi başlayan gündən Rusiyanın bu savaşda bir əngəl yaratmadığının şahidi olduq. Rusiya prezidenti Vladimir Putin isə dəfələrlə açıqlamasında bu savaşın Azərbaycan ərazisində getdiyini bildirdi.

Məsələ ilə bağlı millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb:

“Düşünürəm ki, bu cür məsələlərdə prinsipiallıq göstərməyin əhəmiyyəti yoxdur, çünki bunlar xırda məsələlərdir. Rusiya Silahlı Qüvvələrinin sülhməramlıları hazırda Qarabağdadır. Biz şahidi oluruq ki, ermənilər sülhməramlılara tort, şirniyyat, yemək aparır, bayrağını asır, ona tənzim edir. İndi bizdə yürüşlərdə Rusiya bayrağı da dalğalanırsa, bundan dünya dağılmaz. Yəni bu məsələyə heç də narahatlıqla baxmaq olmaz.

“Bu cür məsələlərdə prinsipiallıq göstərməyin əhəmiyyəti yoxdur, çünki bunlar xırda məsələlərdir”

Rusiya bizim qonşumuzdur. Hazırda da aramızda yaxşı münasibətlər var. Məlum olduğu kimi, Vətən müharibəsində Rusiyanın, prezident Putinin mövqeyinin şahidi olduq. Bu mövqe Azərbaycanın ziyanına olmadı. Ona görə də düşünürəm ki, Rusiya bayraqlarına qısqanclıqla yanaşmaq lazım deyil”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib:

“Ümumiyyətlə, bir çoxları Rusiya sülhməramlılarının Qarabağa girməsini xoş qarşılamamışdı. Amma bundan daha yaxşı variant yox idi. Həmçinin biz şahidi olduq ki, bu müharibədə Rusiya öz sakitliyini qoruyub saxladı.

“Azərbaycanda minlərlə rus yaşayır, döyüşlərdə şəhid olan da oldu, onların da öz bayraqlarını qaldırıb bayrama qoşulmaları adi haldır”

Ermənistan bizi dəfələrlə təxribata çəkdi. Gəncədə, Bərdədə terrorlar törətdi. Lakin Azərbaycan bu təxribatlara getmədi. Əlbəttə ki, Ermənistan bununla Rusiyanı müharibəyə cəlb etmək istəyirdi. Rusiya isə bu müharibəyə qoşulmadı.

Azərbaycanda minlərlə rus yaşayır. Əlbəttə ki, həmin ruslardan da müharibədə iştirak edən, şəhid olan oldu. Ona görə onların da öz bayraqlarını qaldırıb bayrama qoşulmaları adi haldır və düşünmürəm ki, kimsə bunu qıcıqla qarşılasın".

AĞ Partiya sədri Tural Abbaslı isə qeyd etdi: “Kəlbəcərin, Ağdamın, Laçının azad olunması ilə bağlı keçirilən yürüşlərdə Rusiya bayraqları da qaldırıldı. Məlum olduğu kimi, bunu cəmiyyətdə xoş qarşılamayanlar da oldu, hətta bu haqda xeyli diskussiya getdi. Azərbaycanda kifayət qədər rus, slavyan əsilli vətəndaşlar yaşayır. Azərbaycan xalqı da rus, slavyan xalqından olan insanlara heç də kin, nifrət bəsləmir. Bu bayraqlara qarşı olan sərt reaksiya Rusiya dövlətin bu günə qədər Qarabağ problemində tutduğu mövqeyinin heç də Azərbaycanın maraqlarına uyğun olmadığına görə idi.

Məlum olduğu kimi, ölkəmizdə İsrailə qarşı da mövqe heç də birmənalı deyildi. Lakin Vətən müharibəsində İsrailin birmənalı şəkildə Azərbaycanın yanında olması bu fikri dəyişdi.

“Əgər Rusiya sözün əsl mənasında Azərbaycanla dostluq siyasəti yürüdəcəksə...”

Xatırlayırsınızsa, rusiyalı bir jurnalist Prezident İlham Əliyevə sual vermişdi ki, “Bakı küçələrində Azərbaycan bayraqları qədər çoxlu sayda Türkiyə bayraqları var, amma Rusiya bayraqları yoxdur”. Bunun cavabı əslində bizdə deyil, Rusiyanın özündədir. Əgər Rusiya sözün əsl mənasında Azərbaycanla dostluq siyasəti yürüdəcəksə, niyə cəmiyyətimiz ən böyük qonşumuz olan Rusiya bayraqlarına sərt reaksiya versin, qıcıqla qarşılasın?

Burada bir məsələ də var, dövlət maraqları baxımından Qələbə yürüşlərində Rusiya bayraqlarının da qaldırılması anlaşılan, başa düşüləndir. Çünki ən azından sonuncu üçtərəfli bəyannamədə tərəflərdən biri Rusiya idi və bölgələrin işğaldan azad olunmasının, ermənilərin həmin ərazilərdən çıxarılmasının qarantiyası da Rusiyaya məxsus idi. Bu baxımdan dövlət bu məsələni qeyd etməli, göstərməli idi. Amma hələ ki əhali arasında bu məsələni pozitiv qarşılamayanlar olacaq".

Mənbə: cia.az