Ermənistanın dalandan çıxmaq üçün yeganə yolu…

Natiq Cəfərli: “Azərbaycanla və Türkiyə ilə birgə fəaliyyət göstərməkdən başqa yolu qalmayıb”

Ermənistanı etiraz dalğası çənginə alıb. Müharibədəki məğlubiyyəti həzm edə bilməyənlər, savaşda itkin düşən və ordumuz tərəfindən məhv edilən erməni əsgərlərinin valideynləri aksiya keçirərək baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Son günlər etirazçılar yenidən yolları bağlayıblar, aksiyalar zamanı etirazçılar və polis arasında qarşıdurma yaşanıb, bir sözlə, hazırda Ermənistanda xaos hökm sürür.

Aksiya iştirakçıları polis qüvvələrinin sərt müqaviməti ilə üzləşiblər. Polislər narazı kütləni dağıtmaq üçün zorakılığa əl atır, etirazçılar saxlanaraq polis bölmələrinə aparılır.

Qarabağ müharibəsində itkin düşən əsgər valideynləri də etiraz aksiyalarına ara vermirlər. Hərbi hissələrdən birinin yaxınlığında toplaşan əsgər valideynləri və onların yaxınları döyüşlərdə itkin düşən əsgərlərin tapılmasını tələb edirlər.

İtkin düşən hərbçilərin axtarılması ilə bağlı aparılan işlərdən narazı qalan valideynlər Ermənistan Müdafiə Nazirliyinin önündə də etiraz aksiyası keçiriblər. Onlar Müdafiə Nazirliyinin binasına daxil olmağa çalışsalar da, polisin müdaxiləsi ilə üzləşiblər.

Baş nazirlə görüşdə aldıqları cavabdan qane olmayan əsgər valideynləri çarəni Müdafiə Nazirliyinə gəlməkdə görsələr də, orada da ümidverici məlumat əldə edə bilməyiblər. Aksiya iştirakçıları Nikol Paşinyana qarşı sərt ifadələr işlədiblər, onu xain, satqın adlandırıb, istefasını tələb ediblər.

Lakin hələ ki 1 aya yaxındır davam edən etiraz dalğası Paşinyanı hakimiyyətdən göndərəcək qədər güclü olmayıb. Bununla belə, ekspertlər istisna etmir ki, Ermənistandakı sosial-iqtisadi çöküş uzunmüddətli dövrdə bu ölkənin işğalçı siyasətdən əl çəkib Rusiya, Türkiyə və Azərbaycanla birgə iqtisadi layihələrə qatılmasına imkan verməyəcək.

Mövcud durumu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, müharibədəki acı məğlubiyyət Ermənistanda çox ciddi psixoloji çöküş yaradıb: “Cəmiyyət ciddi böhran yaşayır. Bəzi hallarda isə orta və uzunmüddətli dövrdə bu böhran onların özlərinə də xeyirdir. Getdikcə xülyalarından əl çəkirlər, ciddi rasional düşüncə formalaşır, bu istiqamətdə məqalələr, analitik yazılar yerli mətbuatda dərc olunur. Bu da ondan xəbər verir ki, Ermənistan artıq ayılma və şokdan çıxma mərhələsindədir. Sosial-iqtisadi məsələlərə önəm verməyə başlayıblar. Ermənistanda yeni təyin olunmuş iqtisadiyyat naziri də sabiq iş adamıdır və bu yaxınlarda Paşinyan tərəfindən vəzifəyə təyin olundu. Onun son bir həftədə artıq üçüncü açıqlaması yayıldı ki, regionda Türkiyə və Azərbaycanla sərhədlərin açılmasının, iqtisadi münasibətlərin yaranmasının Ermənistana xeyir verəcəyini deyir. Artıq cəmiyyətdə çox populyar olmayan, ancaq son nəticədə qaçılmaz olan perspektivlə bağlı bəyanatlar səsləndirilir. Bu onu deməyə əsas verir ki, Ermənistanda hər zamankı ciddi iqtisadi böhran daha da dərinləşir. Çünki bu ölkədə çox primitiv iqtisadi model mövcud olub. İqtisadiyyat çox dar çərçivədə olub və Rusiya iqtisadi fürsətlərin paylanmasında çox dominant rol oynayıb. Bir çox dövlət şirkətləri, kommunal xidmətlərdən tutmuş mobil xidmətlərə qədər bir çox sahələr Rusiya şirkətlərinin əlində olub. İxracat potensialı da həmişə zəif olub, əsasən aqrar məhsullar üzərinə qurulub”.

N.Cəfərlinin sözlərinə görə, iqtisadi potensialının zəif və primitiv olması Ermənistanı yaxın gələcəkdə məcbur edəcək ki, müxtəlif regional və beynəlxalq layihələrdə iştirak etsin: “Bu iştirakın əsas şərtlərindən biri də Ermənistanda işğalçı düşüncənin tamamən sıfıra enməsindən, qonşularla normal münasibətlərdən qaynaqlanır. Ermənilər Türkiyə ilə sərhədlərin açılmasının onlara verəcəyi imkanları dəyərləndirməlidirlər, Azərbaycanla birgə iqtisadi və regional layihələrdə iştirakın nə qədər böyük divident gətirə biləcəyini hesablamalıdırlar. Əslində Dağlıq Qarabağ münaqişəsi və işğal faktoru ortada olmasaydı, Ermənistan özünü işğalçı kimi aparmasaydı, indi biz fərqli bir Cənubi Qafqaz görə bilərdik. Ermənistan da kifayət qədər inkişaf etmiş ölkəyə çevrilə bilərdi, böyük iqtisadi fürsətlər qazana bilərdi. Artıq o fürsətləri böyük ölçüdə itiriblər. Ancaq hələ gələcək var, nə biz bu bölgədən köçəsi deyilik, nə Ermənistan başqa yerə köçəsi deyil. Bu mənada birgə yaşamağı öyrənməliyik. Bunun ən yaxşı yolu isə birgə iqtisadi layihələrin, birgə fəaliyyət məxrəcinin tapılmasıdır. Ancaq bunun üçün ermənilərin təfəkküründəki işğal düşüncəsi, başqalarının torpaqlarında gözü olmaq düşüncəsi silinməlidir, bu ideoloji bataqlıqdan çıxmalıdırlar. Bu istiqamətdə müəyyən addımların atılacağı gözlənilir. Çünki bu, çıxılmazlıqdan irəli gəlir. Bundan sonra həm Türkiyə, həm də Azərbaycanla regionda birgə bəzi iqtisadi layihələrdə iştirak payı ala bilər. Bu inteqrasiya gələcəkdə Ermənistanın iqtisadi fürsətlərini artıra bilər”.

İqtisadçı vurğuladı ki, bu deyilənlər üçün kifayət qədər zamana ehtiyac var, çünki hələ yaralar çox təzədir: “Həm Ermənistanda, həm Azərbaycanda cəmiyyətin müxtəlif məsələlərə reaksiyası fərqlidir. O səbəbdən bir müddət sonra bu iqtisadi münasibətlər, insani münasibətlərə və normal qonşuluq münasibətlərinə də səbəb ola bilər. Ermənistanın bundan başqa çıxış yolu yoxdur. Öz iqtisadiyyatının dalandan çıxmasını istəyirsə, Azərbaycanla və Türkiyə ilə birgə fəaliyyət göstərməkdən başqa yolu qalmayıb”.

Paşinyanın aksiyalar nəticəsində istefa verməsi ehtimalına gəlincə, N.Cəfərli bildirdi ki, 10 noyabrda bu baş vermədisə, sonrakı dövrdə Paşinyanın istefası çətin görünür: “Hətta 10 noyabrdakı acı məğlubiyyətdən sonra çox analitiklər gözləyirdilər ki, Ermənistanda 100 minlərlə insan küçələrə çıxacaq və Paşinyan istefa verməyə məcbur qalacaq. Doğrudur, aksiyalar oldu, ancaq 10-15 min nəfərin iştirakı ilə. Cəmiyyət böyük ölçüdə bu prosesə qoşulmadı. Bunun bir neçə səbəbi var. 2 ilyarım öncə Paşinyan çox böyük səslə seçkini udmuşdu, cəmiyyətdə müəyyən nüfuzu var idi. Bu müddətdə müəyyən addımlarla da yadda qalmışdı, islahatlara getmişdi. Bunu cəmiyyət anlayır. İkinci səbəb odur ki, indiki durumda Ermənistanda Paşinyan komandasının alternativi Qarabağ klanıdır, Köçəryan-Sərkisyan cütlüyüdür. Cəmiyyət onları istəmir və onların ötən 20 ildə hansı oyunlardan çıxdığını Ermənistan cəmiyyəti yaxşı bilir. Cəmiyyətin qəbul edə biləcəyi alternativ yaranmayana qədər, Paşinyanın hakimiyyətdə qalmaq şansları yüksəkdir. Artıq proseslərin tədricən səngiyəcəyini düşünürəm. Çünki böyük bir dalğa yaranmadı ki, Paşinyanı həmən hakimiyyətdən uzaqlaşdırmaq mümkün olsun. Cəmiyyətin və Rusiyanın qəbul edəcəyi, Qərblə də normal münasibətləri olan yeni bir lider və siyasi qrup yaranana qədər Paşinyanın hakimiyyətdə qalmaq şansı çox yüksəkdir. Çox maraqlıdır ki, Putin KTMT-nin iclasında Paşinyanı dəstəkləyib, onun hakimiyyətdə qalmasının vacibliyindən danışıb. Bu da maraqlı bir gedişatdır”.

Cumhuriyyet.net

ƏVVƏLKİ XƏBƏR

"Moody's": MDB-də kreditlər üzrə itkiləri ən tez Azərbaycan bankları bağlayacaq

SONRAKI XƏBƏR

Texnologiyaların oğurlanmasında ittiham olunan 1 000-dən çox çinli alim ABŞ-ı tərk edib