QAT-ı buraxmaq da olar, adını dəyişmək də... - Akif Nağı danışır

Ordumuzun uğurlu hərbi əməliyyatları və bunun nəticəsində imzalanan 10 noyabr sazişinə əsasən torpaqlarımız işğaldan azad olundu. Məlumdur ki, bu illər ərzində Qarabağın azadlığı üçün bir sıra təşkilatlar fəaliyət göstərirdi. Onların arasında Qarabağ Azadlıq Təşkilatı da var. Görəsən, təşkilatın bundan sonrakı fəaliyyəti necə qalacaq?

Məsələ ilə bağlı adı çəkilən təşkilatın sədri Akif Nağı Lent.az -a danışıb. O, təşkilatın indiyə qədər olan fəaliyyətini qısa şəkildə izah edib:

"Hamımız üçün sevindirici haldır ki, doğma torpaqlarımız demək olar tamamilə azad olundu. İllərdir bu istiqamətdə mübarizə aparmışıq, ancaq təbii ki, əsas işi dövlət görürdü. Ölkə daxilində və xaricdə Qarabağ həqiqətlərini yaymaq, ölkədə müharibə ab-havasının itməməsi, baş verənlərə operativ qiymət verilməsi və s. baxımdan işlər görmüşük. 14 min kv/km ərazimiz işğalda idi təxminən 10 min kv/km azad olundu. Yerdə qalan hissə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan sərhədlər də Azərbaycanın ərazisi kimi tanınır və onsuz da tanınırdı. Amma 10 noyabr sazişinə əsasən, Ermənistan da o Dağlıq Qarabağın Azərbaycan olmasaını qəbul edib. İndi o torpaqların da tam azadlığı zaman məsələsidir".

Akif Nağının sözlərinə görə, indiki halda təşkilatın varlığı və gələcək fəaliyyəti üçün geniş müzakirə keçiriləcək:

"Qarabağ Azadlıq Təşkilatı (QAT) qarşıya qoyduğu məqsədləri həyata keçirib. İndiki şəraitdə QAT-ı buraxmaq da, adın dəyişmək də olar. Pandemiya ilə əlaqədar qadağalar bitən kimi təşkilat növbədənkənar qurultay keçirəcək və geniş müzakirə aparcaq. Ancaq hələ ki təşkilatın adın dəyişmək və saxlamaqla bağlı təkliflər var. Hər şeydən əvvəl onu deməliyəm ki, QAT oturuşmuş təşkilatdır. Azərbaycanda az-az təşkilatlar bu baxımdan müqayisə oluna bilər. Güclü struktur, ölkənin əksər bölgələrində filial və şöbələr, xaricdə nümayəndələrimiz var. Hesab edirəm ki, belə bir təşkilatı ləğv etmək olmaz. Digər tərəfdən, qələbə qazansaq da, nə qədər ki, bayrağımız Xankəndidə dalğalanmır, ermənilərin işğalçı hərəkətləri tam sona çatmayıb biz fəaliyyətimizi davam etdirmək istəyirik. Onu demək lazımdır ki, Xankəndidə bayrağımız dalğalanandan sonra da ermənilər ölkəmizə qarşı müxtəlif kampaniyalar aparacaq. Artıq indidən müxtəlif tezislər irəli sürürlər. Guya "Azərbaycan ermənilərə qarşı genosid törətdi", "Qarabağda hansısa dövlət qurumu vardı, Azərbaycan məhv elədi" və digər saxta təbliğatla dünyanı aldatmağa çalışacaqlar. Məhz onları ifşa etmək üçün QAT fəaliyyətini davam etdirəcək. Bundan əlavə, təşkilatımızın təşəbbüsü ilə 2015-ci ildə Beynəlxalq Qarabağ Forumu yaradılıb. Forumun 14 ölkədə nümayəndələri var. QAT da forumla birgə fəaliyyət göstərəcək".

Qeyd edək ki, Qarabağ Azadlıq Təşkilatı 1993-cü ildə Akif Nağı tərəfindən yaradılıb.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

"Moody's": MDB-də kreditlər üzrə itkiləri ən tez Azərbaycan bankları bağlayacaq

SONRAKI XƏBƏR

Texnologiyaların oğurlanmasında ittiham olunan 1 000-dən çox çinli alim ABŞ-ı tərk edib