Hərbir ekspert Denis Petrovun ŞƏRHİ - Azərbaycan Ordusu hərb tarixində sürətli döyüş sərgilədi

Denis Petrov: “Azərbaycan və Ermənistan arasında müharibəyə dair 50 tezis”

Qarabağda robot, uzaqdan idarə olunan texnika və yüksək dəqiqlikli silahların mühüm rol oynadığı yeni bir döyüş növü gördük. Bu münaqişə ilk növbədə istifadə olunan qüvvələr və vasitələrin tarazlığını anlamaq baxımından hərbi qurumlarda mütəxəssislərin yaxından öyrənmə obyektinə çevrilməlidir. Bu hərbi kampaniya asimmetrik bir münaqişə xarakteri daşıyırdı. Uzun müddət rəqiblər müxtəlif texniki inkişaf səviyyələrində idilər və buna görə bir-birilərinə qarşı fərqli mübarizə üsulları axtarırdılar.

Məsələn, amerikalıların 2003-cü ildə iraqlılarla vuruşduğu kimi. Bu qarşıdurma texniki cəhətdən fərqli bir inkişaf səviyyəsinə sahib iki rəqibin müharibəsi idi. Texniki və taktiki cəhətdən ermənilər XX əsrin 70-80-ci illərindəki tanklarla döyüşə atıldılar. Azərbaycanlılar onları bir iki nəsil üstələmişdilər. Çünki işğalla barışmayan bu xalq dörddə bir əsrdir intiqam almağa hazırlaşırdı. 2016-cı ildə baş verən qısa müharibə əslində ermənilər üçün bir siqnal olmalı idi.

Azərbaycan Baş Qərargahının, türklərin birbaşa nəzarəti və tövsiyəsi ilə həyata keçirdikləri əməliyyat xüsusilə diqqət çəkir. Erməni rəqiblərinin kifayət qədər stereotip və proqnozlaşdırılan hərəkətlərindən fərqli olaraq, azərbaycanlılar çevik hərəkət edirdilər. Məsələn, Horadiz dəhlizindən keçən bir irəliləyişi izləyək. Bu, təkcə Haramı çölünün dərinliklərinə doğru bir irəliləyiş deyildi. Bu, ilk növbədə, Hadrut və Füzuliyə doğru irəliləmənin miqyasını genişləndirməklə yanaşı üstün hərbi mövqelərə malik ermənilərin cinahlardan əks-hücumlarının qarşısını almaq üçün idi.

Dağ müharibəsi şəraitində ağır texnika istər-istəməz yollarda və müxtəlif dağ keçidlərində ləngiməli olurdu. Bu şərtlərsə döyüş meydanında “ağır” texnikalar tərəfindən tərəflərin manevri imkanlarını məhdudlaşdırırdı. Belə bir vəziyyətdə ağır texnikanın imkanlarından istifadə edə bilməyən tərəflər alternativ yollar axtarmaq məcburiyyətində qalırdı. Bu problemi daha çox azərbaycanlı hərbiçilər yaşadı. Çünki erməni ordusu coğrafi-strateji üstünlüklərə malik idi. Bax, bu zaman Azərbaycan tərəfi yeni taktiki hücum planı qurdu. Artıq ağır texnika və artileriya ilə deyil, yüngül dağ piyada qoşunlarından istifadə edildi.

Azərbaycan Ordusunun əsas uğurlarından biri də qarşılıqlı əlaqə peyk naviqasiyası ilə təmin edilməsi idi. Hələ çox əvvəl azərbaycanlılar Bakıda kosmik mərkəz yaratdılar və ilk kosmik peyklərini 2013-cü ildə fransızların dəstəyi ilə orbitə buraxdılar.

Çətin relyefə malik ərazilərdə və qalın meşələrdə azərbaycalılar pilotsuz təyyarələrinin istifadəsinin miqyasını nisbətən azaltdı. Təbii ki, bəzi “Bayraktar”lar isnisna olmaqla. Çünki “Bayraktar”lar hədəf təyinetmədə həm peyk naviqasiyası, həm də yerdən göndərilən kəşfiyyat informasiyaları hesabında istənilən relyefdə və istənilən hava şəraitində uğurla əməliyyat keçirə bilir.

Müharibə zamanı azərbaycanlılar ən müasir texniki avadanlıqlardan istifadə etdilər. Məsələn, Çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya qurğusunu azərbaycanlılar uğurla tətbiq etdilər (baxmayaraq ki, rusların “Msta-S”, “Pions” və digərləri də istifadə olunurdu). Əslində, 36 özüyeriyən haubitsa cənub cəbhəsində sektordan sektora keçərək ayrıca bir topçu briqadasına birləşdirildi. Ədalət naminə demək lazımdır ki, Azərbaycan tərəfi özüyeriyən silahları “atəş dərəcəsi və digər üstün taktiki və texniki xüsusiyyətlərə görə” seçib alıblar. Yəni maddi-texniki baza kimlərə görəsə deyil, nəyə görəsə gücləndirilib. Bu yanaşma isə sonda Azərbaycanın Ermənistan üzərindəki hərbi qələbənin əsasını təşkil etdi.

Denis Petrov, hərbi ekspert.

Tərcümə etdi: Surxay Atakişiyev

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Ərdəbil həbsxanasında koronavirus tüğyan edir: Milli fəalların həyatı təhlükədə

SONRAKI XƏBƏR

"Qarabağın məşhur müəllimləri" - Cabbar bəy Vəlibəyov