“10 noyabr bəyantı Ermənistan üçün kaputilyasiya aktıdır” – Əliməmməd Nuriyev

“10 noyabr bəyantı Ermənistan üçün kaputilyasiya aktıdır” – Əliməmməd Nuriyev

Azərbaycan 27 illik işğala 44 gün müddətində son qoydu.

Bu müddət ərzində təkcə işğalçı Ermənistana deyil, eyni zamanda bütün dünyaya yeni nəsil müharibəni əyani şəkildə göstərdi. 27 sentyabrdan 10 noyabra qədər olan müddətdə Azərbaycan bir yumruq kimi birləşdi, vahid mövqedən çıxış etdi.

Ölkədə siyasi həmrəylik özünü ən yüksək səviyyədə göstərdir. Hər kəs Ali Baş Komandan ətrafında birləşərək eyni hədəfə vurdu. Azərbaycan ordusu isə döyüş meydanında sözün həqiqi mənasında tarix yazdı. Bu proses ərzində Azərbaycan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu məhz döyüşərək, hərbi yolla işğaldan azad etdi, tarixə möhtəşən qələbə kimi yazdı.

Məhz Azərbaycanın döyüş meydanındakı böyük qələbəsi Ermənistan hərbi-siyasi rəhbərliyini təslim olmağa vadar etdi. Bunun məntiqi nəticəsi olaraq Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri 10 noyabr bəyanatını imzaladı. Bu bəyanat Azərbaycan üçün qələbə, Ermənistan üçün isə təslimçilik, kapitulyasiya aktı oldu.

“Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev Cebhe.info-ya açıqlamasında deyib ki, beynəlxalq münasibətlərdə bu cür imzalanan sənəd kaputilyasiya adlanır. Bunun başqa adı yoxdur:

“Çünki Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrini məhv etdi. Müharibə yolu ilə 4 rayon, 1 şəhər, 1 qəsəbə işğaldan azad edildi, bunun nəticəsində isə Ermənistan Baş naziri 10 noyabr bəyanatını imzalamaq məcburiyyətində qaldı. Ermənistan hərbi-siyasi rəhbərliyinin bütün çıxışlarına baxsaq görərik ki, onlar ordularının fəlakət halında olduğunu bildirir. Ermənistan bu müharibədə 12 mindən artıq əsgər və zabitini itirib. Azərbaycan ordusu Ermənistan ordusunu diz çökdürdü. Ermənistan rəhbərliyi başa düşdü ki, ora əlavə qüvvə yeritsə, o da fəlakətlə üzləşəcək. Ona görə də 10 noyabr bəyanatını imzalamağa məcbur oldu. Bu da kapitulyasiyadır. Ermənistan Baş naziri Nikol Paşinyan dəfələrlə Rusiya Prezidenti Vladimir Putinə zəng edərək yalvarırdı ki, Azərbaycandan xahiş etsin və bu bəyanat imzalansın. Azərbaycan Prezidenti də yalnız öz tələbini, Kəlbəcər, Ağdam və Laçından erməni silahlı qüvvələrinin konkret olaraq çıxması tələbini qoyaraq bəyanata imza atdı. Bu sənəd konkret olaraq Ermənistan üçün kaputilyasiya aktıdır, bunun başqa adı yoxdur. Bütün normal təhlillərində də bunu açıq şəkildə görmək olar”.

Ə.Nuriyev bildirib ki, Azərbaycanın bu qələbəsi ilə həm də beynəlxalq hüququ təmin etdi:

“Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. 30 ilə yaxındır BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını Azərbaycan təmin etdi. Bu, həm də beynəlxalq hüququn, ədalətin təmin olunması deməkdir. Azərbaycanın bu qələbəsi həm də ədalətin qələbəsi idi. Azərbaycanın bu addımı digər bölgələrdə olan münaqişələrin həlli üçün də açar rolunu oynayacaq. Beynəlxalq hüquqa əməl edilmədiyi bir şəraitdə digər dövlətlər də eyni üsuldan istifadə edəcək. Azərbaycan onlara bir nümunə göstərdi. Bu baxımdan da çox vacib prosesdir”.

KAF rəhbəri qeyd edib ki, Azərbaycan bu qələbə ilə Cənubi Qafqazın gələcək inkişafının təmin edilməsini müəyyənləşdirdi:

“Çünki Cənubi Qafqazda Ermənistan bir qəsbkar dövlət rolunu oynayırdı. Bütün qonşu dövlətlərlə münaqişə vəziyyətində idi, hər birinə qarşı torpaq iddiası vardı. 10 noyabr bəyanatı həm də bu Ermənistanın bu iddialarına son qoyacaq. Çünki Azərbaycan torpaqlarını işğaldan etməklə dünya erməniliyinin faşist ideologiyasına son qoydu. Bu proses əslində erməni xalqının özünü də xilas etdi, onları kütləvi psixoz, keçmişlə yaşamaq xəstəliyindən qurtardı”.

Vilayət Muxtar

Mənbə: cebhe.info