“Bu qələbəyə ən çox sevinən elə şəhidlərimizdir...” - Milli Qəhrəmanın atası...

“Bu qələbəyə ən çox sevinən elə şəhidlərimizdir...” -  Milli Qəhrəmanın atası...

2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən mayor Samid İmanovun büstünün açılışı olub.

Moderator.az-a danışan Milli Qəhrəmanın atası Gülağa İmanov ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib:

“Samidin büstü yaşadığımız Neftçala rayon Həsənabad qəsəbəsinin girişində ucaldıldı. Bu işin ərsəyə gəlməsində millət vəkili Sabir Rüstəmxanlının, rayon icra hakimiyyətinin və digər dövlət strukturlarının əməyi var. Kimdən nə xahiş etdimsə, yerinə yetirdilər. Açılış mərasimində millət vəkilimiz Sabir Rüstəmxanlı, rayon rəhbərliyi və insanlarımız iştirak etdilər. Sabidin təhsil aldığı Neftçala rayon 1-nömrəli tam orta məktəbi də onun adını daşıyır. Burda Samidin büstüylə yanaşı Həsənabad şəhidlərinin hamısının fotosu vurulub. Qəsəbəmizin iki Milli Qəhrəmanı var, biri Zakir Məcidovdur, digəri isə Samiddir”.

Şəhid atası torpaqlarımızın işğaldan azad edilməsinə sevindiyini və buna görə ölkə başçısına təşəkkür etdiyini bildirdi:

“Bundan sonra artıq istəyəcəyimiz bir şey yoxdur. Arzumuz ancaq torpaqlarımızın işğaldan azad edilməsi idi və o da həyata keçdi. Ali Baş Komandanın və ordumuzun səyi nəticəsində biz işğal altda qalan torpaqlarımızı azad etdik, düşmən üzərində çox möhtəşəm bir qələbə çaldıq. İndi şəhidlərimizin də ruhu şaddır, rahat yatacaqlar. Bu gün torpaqlarımızın işğaldan azad edilməsinə elə ən çox şəhidlərimiz sevinir.

Ali Baş Komandana özüm qələbə münasibətiylə məktub yazmışam. Şükür Allaha ki, şəhidlərimizin qanı yerdə qalmadı. Mən qələbə münasibətilə ölkə başçımıza təşəkkürümü bildirmişəm. Bizim bir milyon soydaşımız öz doğma yurdundan didərgin düşmüşdü. Hamı sevinib deyir ki, artıq biz qaçqın deyilik. Bütün bunları Ali Baş Komandan etdi. Hamımızın istəyi bu idi. Sizlərə də bizi diqqət saxladığınız üçün təşəkkür edirəm”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az