Rəsmi Bakı Naxçıvan dəhlizinin açılmasında israrlıdır- Türkiyədən təhlil

Rəsmi Bakı Naxçıvan dəhlizinin açılmasında israrlıdır- Türkiyədən təhlil

“Anadolu” agentliyinin tədqiqatçı yazarı, jurnalist Mehmet Poyraz Azərbaycanın tarixi qələbəsindən sonra bölgədəki siyasi vəziyyəti təhlil edib. O bildirib ki, artıq bütün dünyada Azərbaycanın bölgədə önəmli bir oyunçu olduğu qəbul edilib.

Musavat.com xəbər verir ki, Poyraz eyni zamanda rəsmi Bakının Bakı-Naxçıvan arasındakı koridorun açılmasında israrlı olduğuna da diqqət çəkib.
Poyraz Ermənistanın 1992-ci ildə Şuşanı işğal etdiyini, Azərbaycanın bu tarixi və mədəniyyət şəhərini azad etməsi ilə 30 illik savaşın başladığı yerdə bitdiyini qeyd edib.
Jurnalist Ermənistanın təslim olmasından sonra Rusiya Prezidenti Vladimir Putinin Qarabağın Azərbaycana aid olduğunu bildirməsinə də diqqət çəkərək, “Bu açıqlama ilə Moskva Azərbaycanın bölgədəki oyunçulardan biri olduğunu qəbul etdi. Lakin hələ də Qarabağda özünün söz sahibi olduğunu sübut etməyə çalışır”,- deyə qeyd edib.

Mehmet Poyraz
Azərbaycanın böyük qətiyyətlə gücləndiyini vurğulayan Poyraz, sözlərini bu cür davam etdirib:

"Azərbaycan Qarabağ məsələsinə beynəlxalq hüquq normaları çərçivəsində yanaşaraq, güclü diplomatiya həyata keçirib. Lakin bütün bu uğurların əldə edilməsində təkcə diplomatiya deyil, son illərdə müsbət nəticələr verən diaspor fəaliyyətləri də diqqətə alınmalıdır”.

Poyraz Azərbaycanın siyasi gedişləri ilə Rusiyanın qarşısında qətiyyətlə dayandığını yazıb. Bildirib ki, artıq Azərbaycan 100 il öncə Moskvaya təhvil verilən, 30 il öncə silah-sursatsız qalan bir dövlətdən çox fərqlidir, güclüdür.
Yazar qeyd edib ki, Azərbaycan bu gücü əldə etmək üçün 30 il boyunca böyük bədəllər ödəyib. O bildirib ki, Türkiyənin də bu işdə önəmli dəstəklərini gözardı etmirik: “Bununla belə 70 il boyunca Sovet Rusiyasının hakimiyyəti altında əzilən bir millət 30 ildə bu cür güclənib, yenidən ayağa qalxa bilirsə, bu, çox böyük bir uğurdur. Kimsənin indiki halda Bakını saxlaya, durdura bilməyəcəyini bütün dünya bilir. Azərbaycan bölgədə artıq güclü bir oyunçudur və dəngələri dəyişdirə bilir”.


Rəsmi Bakının Naxçıvan-Azərbaycan arasındakı dəhlizi mütləq bərpa edəcəyini bildirən Poyraz, aşağıdakı kimi proqnozlar verib:
“Rəsmi Bakı Naxçıvan-Azərbaycan koridorunu açacağını israrla bildirir. Bu əlaqənin yaranmasının nəticəsini Moskva da yaxşı başa düşür. Heç bir ölkə sərhədlərinə yaxın yerdə bir münaqişə zonası istəməz və bunu önləmək üçün müvafiq addımlar atar. Rusiya bu addımları atarkən öz çıxarlarını da gözardı etməyəcək. Lakin Bakını bu məsələdə durdurmaq olmadığını Rusiya başda olmaqla bütün dünya bilir”.
Jurnalist onu da qeyd edib ki, bu yolun açılması Rusiyadan çox İranı narahat edir:
“İran üzərindən Azərbaycana quru yolla gediş-gəliş hər zaman lazımı qədər sərbəst olmurdu. İran tranzitdən qazanc əldə etsə də, yenə də onun “ruh halı”ndan asılı olaraq vəziyyət dəyişə bilirdi. Eyni zamanda İran bu yoldan Türkiyə və Azərbaycana qarşı strateji alət kimi istifadə edirdi. İranın ən böyük qorxusu orada yaşayan cənubi azərbaycanlılardır ki, onların da sayı İranın ümumi əhalisinin yarıdan çoxunu əhatə edir. Zaman göstərəcək ki, Şimali Azərbaycanın uğurlarını cənubdakı qardaşları Tehranda hansı reaksiya ilə qarşılayacaqlar”.
Poyraz, bölgənin bu hala gəlməsinə və süni şəkildə erməniləşdirilməsinə səbəb olan Türkmənçay müqaviləsindən sonra tez bir zamanda Türk vətəni olmaqdan çıxarılan Zəngəzur barəsində də danışıb. Bildirib ki, siyasi gedişlərin nəticəsində Zəngəzurun da təkrarən Azərbaycan torpaqlarına qatılması mümkün ola bilər.

Mənbə: cia.az