Çoxmillətli dövlətimizdən dünyaya möhtəşəm birlik örnəyi – Bu Vətən savaşı göstərdi ki…

Çoxmillətli dövlətimizdən dünyaya möhtəşəm birlik örnəyi – Bu Vətən savaşı göstərdi ki…

Qələbə ilə bitən, Dağlıq Qarabağı və ətraf rayonları xalqımıza geri qazandıran, qəhrəmanlıq dastanına çevrilən 44 günlük vətən müharibəsi həm də onu göstərdi ki, Azərbaycan xalqı etnik tərkibindən asılı olmayaraq bir yumruq kimi birləşməyi, bir amal uğrunda savaşmağı, şəhidlik uğrunda bir-birilə yarışmağı bacarır.

Bu mərhələdən sonra artıq ölkədə digər millətlər, etnik azlıqlarla bağlı separatizm iddiaları, qorxuları, ehtimalları sıfıra endi. I savaşda olduğu kimi, II Qarabağ savaşında da bir qarış torpaq Qarabağ uğrunda canını verən, şəhid və qazi olan yüzlərlə talış, ləzgi, tat və digər millətdən olan gənclər özlərinin vətən sevgisini sübut etdilər.

Bununla bağlı çox nümunələr var. Bir evdən iki oğlunu savaşa göndərib, hər ikisinin cənazəsini qarşılayan, əkiz tabutlara sarılmış üçrəngli bayrağı qucaqlayıb vətən sağ olsun deyən Tahir Mövlamov. Oğulları Elgün və Altay Mövlanov qardaşları qəhrəmancasına şəhid oldu. Bu gənclər vaxtilə mərhum prezident Heydər Əliyevin dostu olan çoban Xanışın nəvələri idi.

Digər bir nümunə isə xalqımızın qəhrəman oğlu Zaur Şirinbəy oğlu Rəhimovdur ki, o, Şuşanın azad olunması ilə bağlı dövlət başçısı Ali Baş Komandana məruzə edən hərbçi kimi tarixə düşdü. Lerik rayonu, Veri-Əliabad kəndində anadan olan Zaur rəhimov XTQ zabitidir. Azərbaycan əks-hücuma başlayan ilk gündən ön sırada dayanan zabitlərimizdəndir. Düşmənin müdafiə xəttini yaran qəhrəmanımız kilometrlərlə irəliləyib – Şuşanın alınmasına qədər. Bir neçə rayonun işğaldan azad olunmasında xüsusi xidmətləri olub. Hətta bir dəfə yaralanıb, müalicəsini yarımçıq qoyaraq yarasını sadəcə sarğıyla sarıtdırıb yenidən cəbhəyə qayıdıb. Şuşanın alınmasını Ali Baş Komandana məruzə edəndən sonra ikinci dəfə yaralanıb. Hazırda müalicəsini davam etdirir.

Naxçıvan batalyonunun komandanı olan Tehran Mənsimovun ləzgi olduğu bildirilir. O da torpaqlarımızın azadlığı uğrunda savaşan igid hərbçilərimizdəndir.

Sosial şəbəkələrdə cənub bölgəsinin müxtəlif rayonlarından cəbhəyə gedib şəhid olan hərbçilərimizin sayı ilə bağlı rəqəmlər açıqlanıb. Lakin onları yazmaqla şəhidləri bölgələrə, rayonlara bölməyin tərəfdarı deyilik. 2783 şəhidimizin hər biri əbədi olaraq xalqımızın qəlbində yaşayacaq, ehtiramla yad ediləcək.

Qeyd edək ki, düşmən tərəf hələ savaş başlayanda Azərbaycanda yaşayan köklü etnoslarla bağlı təxribatçı addımlar atmağa çalışmışdı. Separatçı rejmin rəhbəri Araik Arutyunyan erməni, rus, ingilis, ləzgi, talış dillərində Azərbaycanda yaşayan talış və ləzgilərə müraciət edərək, onları Ermənistana qarşı savaşı boykot etməyə çağırmışdı. Qondarma rejimin rəhbəri guya bu xalqların öz müstəqillikləri üçün mübarizə apardığını bildirərək, onlara dəstək verəcəklərini açıqlamışdı. Buna cavab olaraq, oktyabrın 4-də Astarada talışlar Qarabağa dəstək aksiyası keçirdilər və aksiya zamanı “Talışlar oyaqdı, Qarabağa dayaqdı”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirildi. Bildirdilər ki, Azərbaycan talışları əsirlər boyu bu dövlətə xidmət ediblər və edəcəklər, nə talışlar özlərini Azərbaycanda yaşayan diğər xalqlardan ayırıb, nə onlar özlərini talışlardan. Qarabağ – türkündür, talışındır, ləzğinindir, tatındır, avarlarındır…”

Quba rayonunu təmsil edən millət vəkili Vahid Əhmədov da “Yeni Müsavat”a bildirdi ki, bu müharibə dövründə o, azsaylı xalqların nümayəndələrinin necə fədakarlıq və qəhrəmanlıq göstərdiyinin, şəhid verdiyinin şahidi olub: “Azərbaycanda əvvəldən də belə bir problem olmayıb. Doğrudur müəyyən şəxslər aranı qızışdırırdılar, bir vaxtlar “Talış-Muğan Respublikası” və sair söhbəti var idi. Ancaq son illər, xüsusən də vətən müharibəsi dövründə bu haqda fikirləşən belə yox idi. Mən müharibə dövründə şimal bölgəsində bütün rayonlarda olmuşam, şəhidlərimizin dəfnində iştirak etmişəm. Allah şəhidlərimizə rəhmət eləsin. Orada ümumiyyətlə, belə söhbətlər yox idi, kimliyindən, yaşından asılı olmayaraq hamı müharibəyə getmək istəyirdi, qalib gəlmək istəyirdi. Ləzgisi də, yəhudisi də, tatı da, digərləri də belə idi. Mən bunun şahidi olmuşam. Azərbaycanda etnik məsələ ilə bağlı problem yoxdur, son illər ümumiyyətlə heç kim bu haqda danışmır. Heç bunu müzakirə etmək də bizə yaraşmır. Vətən müharibəsi də göstərdi ki, bütün vətəndaşlar eyni səviyyədədir və dövlət hansı qayda-qanunu qoyubsa ona uyğun da hərəkət edəcəklər”.

V.Əhmədovun sözlərinə görə, müstəqilliyin ilk illərində yaşanan separatçılıq meylləri sonrakı illərdə tamamilə yoxa çıxdı və artıq ölkənin belə bir problemi yoxdur: “Azərbaycanın müstəqilliyinin ilk illərində müəyyən mübahisələr, hakimiyyət davası gedirdi. bölgələrə müəyyən kənar müdaxilələr var idi. O zaman separatçılıq meyllərinin olması anlaşılan idi, bu problem var idi. Ancaq o geridə qaldı, artıq belə bir problemimiz yoxdur. Vətən müharibəsində hamı gördü ki, xalq necə Ali Baş Komandanın ətrafında birləşdi, axıra kimi mübarizə apardı və qalib xalq kimi tarixə düşdü. Arada ermənilər müəyyən təxribatçı fikirlər yaymaq istədilər ki, guya müəyyən millətləri müharibəyə daha çox aparırlar, türklər müharibəyə getmir. Mən o vaxt da müsahibə verdim ki, bunun hamısı yalandır. Kim istəyirsə, gəlsin, onu şimal bölgəsinə aparım , bütün rayonları gəzsin və görsün. Bu problem ümumiyyətlə bizdə nə son illərdə, nə də müharibə dövründə olmayıb, indi də yoxdur”.

Deputat Musa Quliyev də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasında birmənalı olaraq yazılır ki, ölkəmizdə yaşayan bütün vətəndaşlar qanun qarşısında bərabərdir: “Hamı Azərbaycan millətidir. Həmişə olduğu kimi, Vətən müharibəsinin gedişində də Azərbaycan vətəndaşları “Tək Bayraq, Tək Millət, Tək Dövlət, Tək Vətən” şüarı ətrafında sıx birləşib işğalçı Ermənistana qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərdilər. Vətən torpağımız Astaradan Qusara, Naxçıvandan Ağstafaya qədər ölkəmizin hər bir guşəsindən olan igid övladlarımızın qanı ilə sulandı. Azərbaycan vətəndaşları olan rus, yəhudi, gürcü və başqalarının ümumi düşmənə qarşı Vətən uğrunda çiyin-çiyinə döyüşmələri, məscidlərdə, kilsələrdə və sinaqoqlarda Azərbaycan ordusunun qələbəsi üçün duaların edilməsi qürurverici idi. Bu, ulu öndər Heydər Əliyevin “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” fəlsəfəsinin həyatiliyini, düzgünlüyünü bir daha təsdiq etdi. Birliyimizi zaman-zaman xarici ölkələrdən dəstəklənən separatçılıqla pozmağa çalışsalar da, uğursuz olub və bundan sonra da həmişə iflasa uğrayacaq. Hesab edirəm ki, “Tək Bayraq, Tək Millət, Tək Dövlət, Tək Vətən” fəlsəfəsinə qarşı çıxan və birliyimizi pozmağa çalışan istənilən şəxs vəzifəsindən, ictimai mövqeyindən asılı olmayaraq qanun qarşısında ən sərt şəkildə cavab verməlidir”.

Mənbə: www.cumhuriyyet.net